“Milli Məclisdə siyasi partiyaların rəhbərlərinin iştirakı ilə “Siyasi Partiyalar haqqında” qanun layihəsinin ictimai müzakirəsi ölkəmizdə demokratik mühitin artıq bərqərar olduğunu göstərir. Həm də bu sənədin hazırlanmasında bütün siyasi qurumların iştirak etdiyini və yenin qanunun birgə hazırlandığını əyani şəkildə sübut edir. İndiyə qədər mövcud olan qanun artıq öz missiyasını başa vurub da deyə bilərik. Çünki indiyə qədərki qanunun hazırlandığı dövr də, tətbiq olunduğu siyasi münasibətlər sistemi də, zamanın tələbi də başqa idi. Artıq Azərbaycan 44 günlük müharibədə qələbə qazanıb, heç bir siyasi partiya Qarabağ mövzusunu nizamnamə və seçki platformalarına sala bilməyəcək, bundan istifadə edib özünə tərəfdaşlar toplaya bilməyəcək. Bütün yanaşmalar iqtisadi, siyasi, sosial, cəmiyyət quruculuğu, beynəlxalq münasibətlər sistemində Azərbaycanın yeri və rolu barəsində formalaşacaq”.
Bunu “İki sahil”ə verdiyi açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
A.Hüseynov bildirib ki, qüvvədə olan qanun 30 il əvvəl qəbul olunmuşdu bə o zamankı tələblərə uyğun hazırlanmışdı: “Müasir dövrümüzdə isə cəmiyyət inkişaf edib və yeni reallıqda yeni çağırışlar meydana gəlib. Yeni çağırışlar budur ki, siyasi partiyanın özünün siyasi dayaqları olmalıdır ki, siyasi proseslərdə fəal iştirak edə bilsin. Hər bir siyasi partiyanı dəstəkləyən üzvlərin minimum sayı da yeni qanunla müəyyənləşdirilir. Bu da təbii ki, siyasi arenada görüntü yaradanları, xalqa boş vədlər verərək onları yanlışlığa sövq edənləri və bundan qazanc əldə etmək istəyənləri narahat edir. Qanunun qəbulundan sonra isə ölkədə ictimai-siyasi sistemin inkişafı baş verəcək, yeni siyasi mühit formalaşacaq və bu da cəmiyyətin inkişafına töhfə verəvək. Qanun layihəsi ilə bağlı siyasi partiya təmsilçilərinin və Qeyri-Hökumət Təşkilatlarının nümayəndələrinin iştirakı ilə iki dinləmə keçirilib. Eyni zamanda, mətbuatda, sosial şəbəkələrdə sənədlə bağlı aparılan müzakirələrdə müxtəlif fikirlər səsləndirilib. Təqdim olunan təkliflər nəzərə alınaraq, qanun layihəsi üzərində iş davam etdirilib və sənəd yenilənmiş variantda müzakirəyə çıxarılıb. O da məlumdur ki, sənədin yenilənməsi zamanı layihədə 66 dəyişiklik edilib. Məqsəd əlbəttə, qanun layihəsinin Konstitusiyaya və Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olması, habelə birləşmək azadlığı hüququnu özündə ehtiva etməsidir. Yenilənmiş layihədə sənədlərin toplanması ilə bağlı müddət artırılıb, partiyanın təsis edilməsi, qeydiyyatı, sənədlərin yoxlanılması ilə bağlı rəqəmlər isə azaldılıb. Layihəyə edilən dəyişikliklər nəticəsində müzakirələr zamanı bəzi məqamlarla bağlı narahatçılıq doğuran məsələlər aradan qaldırılıb. Hesab edirəm ki, yeni qanunun qəbulu ölkəmizdə siyasi münasibətlərin inkişafına, partiyaların cəmiyyət həyatında iştirakçılığının artçasına böyük töhfələr verəcək”.