24 noyabr 2022 18:04
104

Elektron Hökumət İnformasiya Sistemi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin balansına verilib

Elektron Hökumət İnformasiya Sistemi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin balansına verilib.

“İki sahil” xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmanda əksini tapıb.

Fərmana əsasən, Elektron Hökumət İnformasiya Sistemi (o cümlədən “Elektron hökumət” portalı, “MyGov” portalı və Elektron Hökumət İnformasiya Sisteminin alt sistemləri), “Rəqəmsal icra hakimiyyəti” portalı, Milli Məlumat Mübadiləsi sistemi (“ASAN Bridge”), Vahid Giriş Sistemi (“ASAN Login”), “ASAN Finans” sistemi, “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri” və İnformasiya Mənbələrinin Reyestri, “İcazələrin alınması və monitorinqi sistemi”, habelə həmin sistem və reyestrlərlə əlaqəli olan digər əsas və yardımçı informasiya sistemləri üç ay müddətində texniki-texnoloji infrastrukturu ilə birlikdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin balansından Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin balansına verilib.

Nazirlər Kabinetinə sistemlərin və reyestrlərin saxlanılması və fəaliyyəti ilə əlaqədar xərclərin cari ildə dövlət büdcəsində nəzərdə tutulmuş vəsait çərçivəsində maliyyələşdirilməsi, növbəti illərdə isə dövlət büdcəsi layihələrində müvafiq vəsaitin nəzərdə tutulması üçün tədbirlər görmək tapşırılıb.