ÇARİZMİN İŞĞALÇILIQ SİYASƏTİ ÜMUMTÜRK TARİXİ KONTEKSTİNDƏ - Qızıl Orda və ondan törəmə tatar xanlıqları
(tarixi-etnoqrafik oçerklər)
K R I M X A N L I Ğ I
Amma əvvəlcə həmişəki kimi tarixə qısa bir ekskurs etməliyik.
Xəlil İnalcıq yazır: “Dəşti-qıpçaq (Ukrayna) problemi, Dövləti-Aliyyəni uzun müddət məşğul etmiş önəmli məsələlərdən biridir. Kazakların əsas rol oynadıqları bu bölgədə onun qarşısına əvvəl Polşa, sonra isə Rusiya çıxır”.
Ukrayna tədqiqatçıları da bu ölkənin tarixini uzun bir dövr ərzində Krım xanlığı-Polşa-Moskva üçbucağında nəzərdən keçirirlər. Onların etiraf etdikləri kimi, Krım tatarları və Polşa-litvalıların Moskva da daxil olmaqla şimal-şərqi rus knyazlıqları və indiki Ukraynanın çöllük ərazilərinə basqınları ənənəvi hal olmuşdur. Biri bu torpaqları cənubdan, o biri şimaldan təhdid altında saxlayır, maraqları məhz bu bölgədə kəsişir və çox zaman toqquşurdu. Ruslarla ukraynalıların münasibətləri də, aydın məsələdir ki, hamar deyildi.
Qərb tarixşünaslığında Hacı Gireyin Krım xanlığının müstəqilliyini elan edərkən Böyük Litva hersoqu (1447-ci ildən həm də Polşa kralı) IV Kazimir Yagellonçikin dəstəyini alması fikri geniş yayılıb.
1450-ci ildə Hacı Gireyin bir çox rus və Ukrayna torpaqları üzərində mülkiyyət hüququndan IV Kazimirin xeyrinə imtina etdiyi qeyd olunur. Bütün Qızıl Orda adından hakimiyyətə iddia edən Krım xanı Litva səfirlərinin xahişi ilə xüsusi fərman verərək, ətraflarındakı ərazilərlə birlikdə Kiyevi, Podillanı (Podoliya), habelə, Çerniqov, Smolensk, Bryansk bölgələrindəki şəhər və kəndləri Kazimirə güzəştə getdiyini bildirir. Ukrayna tarixçisi, Krım xanlığı tarixinin tanınmış tədqiqatçısı Oleksa Qayvoronskinin fikrincə, Hacı Girey Qızıl Ordanın bu mülklərindən Litva torpaqlarına sürgün edildiyi zaman ona göstərilmiş dost münasibətə minnətdarlıq ifadəsi kimi imtina etmişdi. O. Qayronovski yazır: “Əlbəttə ki, Qızıl Ordanın bu torpaqlar üzərində hökmü keçdiyi vaxtlar artıq geridə qalmışdı və Hacı Gireyin hərəkəti sırf simvolik məna daşıyırdı. Amma o dövrdə bu cür rəmzlərin əhəmiyyəti böyük idi. Kazimirin belə bir sənədi imzalamaq üçün Hacı Gireyə müraciət etməsi əbəs deyildi. Sözügedən torpaqların bir hissəsi üstündə hələ də Litva ilə Moskva arasında mübahisələr sürürdü. Moskva isə rəsmi olaraq Orda taxtından asılı sayılırdı. Beləliklə, Hacı Girey həmin fərmanı ilə keçmiş Kiyev Rusu ərazilərini xristian dünyasına hədiyyə edir və Moskvanın bu torpaqlar üzərində hakimiyyət iddialarının əsassız olduğunu vurğulayırdı.”
1470-ci illərdə isə Hacı xanın oğlu Məngü Girey qardaşı Nurdövlətlə taxt-tac mübarizəsi apararkən artıq IV Kazimirlə qarşı tərəflərdə yer almışdı. Nurdövlət Böyük Orda xanı Əhməd və Litva-Polşa kralı Kazimir tərəfindən dəstəklənir, Osmanlı dövləti isə bu münaqişədən kənar durmağa çalışırdı. Belə bir vəziyyətdə III İvan Vasilyeviçlə ittifaqa girməkdən başqa yolu qalmayan Məngü Girey 1470-ci ildə onunla Böyük Orda əleyhinə müqavilə imzalamışdı. Həmin il Əhməd xan Krım üzərinə yerimiş, Polşa-Litvadan kömək gəlməsini gözləməyib təkbaşına döyüşə girmiş və məğlub olmuşdu. Məngünün bu uğurunu yüksək qiymətləndirən III İvan onu Krım xanı olduqdan sonra da Polşa ilə savaşı dayandırmamağa, Podilla və ya Kiyevə zərbələr endirməyə həvəsləndirmişdi. 1482-ci ildə Dnepr boyunca səfərə çıxan Məngü Girey sentyabrın 10-da Kiyevə yaxınlaşmış, lakin şəhəri mühasirəyə almayıb, ətrafdakı taxtadan tikilmiş yaşayış məhəllələrini yandırmağa üstünlük vermişdi. Alov sürətlə istehkamları keçib şəhərin içərilərinə yayılmış və Kiyev təslim olmuşdu. Külə dönmüş şəhərə daxil olan Məngü Girey qələbə xəbəri ilə birlikdə Kiyev Sofiya kilsəsindən iki qızıl qədəhi III İvana ərməğan göndərmişdi. Kral Kazimir isə münaqişənin sülh yolu ilə həllini münasib bilərək gücünü Kiyevin bərpasına yönəltmişdi.
Sonrakı dövrdə də Krım-Moskva-Polşa (Reç Pospolita) üçbucağında hadisələr müxtəlif istiqamətlərdə inkişaf etmişdi. Doğrudur, Kazan və Həştərxanın işğalı ilə Krım-Rusiya münasibətlərinin geridönməz şəkildə qarşıdurma müstəvisinə keçməsi Polşa-Litva ilə yaxınlaşmaq üçün imkanları genişləndirmişdi, amma yuxarıda da qeyd edildiyi kimi, bu imkanlar heç də həmişə reallaşmamışdı.
XVII əsrin 40-cı illərində kral IV Vladislav Osmanlı dövlətini (ilk növbədə isə onun bölgədəki əsas zərbə qüvvəsi olan Krım xanlığını) sıradan çıxarmaq məqsədi ilə xristian dövlətləri birliyi ideyasını növbəti dəfə gündəmə gətirmişdi; Vanesiya və Transilvaniyanı, Dunay knyazlıqlarını, habelə Zaporojye kazaklarını, hətta Şimali Qafqaz xalqlarını cəlb etməklə geniş koalisiya yaratmağa çalışırdı. Bunun üçün müxtəlif istiqamətlərdə qasidlər göndərildiyi, danışıqlar aparıldığı, casus şəbəkəsinin qurulduğu (əldə Reç Pospolita casuslarının Şimali Qafqaza qədər gəlib çıxdıqlarına dair dəlillər var) məlumdur.
III İslam Gireyin səltənət dövründə (1644-1654) tam bir bütöv, hərbi-siyasi vəhdət təşkil edən Osmanlı-Krım birliyi tərəfindən xanlığın şimal-qərbindəki xristian qüvvələrinə- Rusiya və Polşaya, habelə kazaklara qarşı fəal hərbi əməliyyatlar aparılır. 1644-1647-ci illərdə birləşmiş ordunun çar qoşunları və Ukrayna kazakları üzərində dörd sarsıdıcı qələbə çaldığı məlumdur. Bu dövrü xarakterizə edərkən xanlığın Rusiya və Polşa ilə münasibətlərində kazak faktorunun ön plana çıxması nəzərə çarpdırılmalıdır. Kazaklar, bilindiyi kimi, yekcins bir etno-siyasi birlik olmayıb, ayrı-ayrı ərazilərdə (Don sahilləri, Zaporojye və s.) formalaşan və öz atamanlarının- getmanların hakimiyyəti altında yaşayan hərbi-sosial təsisatlardır və bu cəhətdən onların həyat tərzi avtonom köçəri türk qəbilələri ilə müəyyən oxşarlıq daşıyır (elə buna görə də kazakların türklərdən dönmə olduqları barədə iddialar güclüdür). Ukraynada kazak hərəkatı Polşa və Litvanın Reç Pospolita krallığında birləşməsindən (1569) sonra katoliklərlə ortodoks xristianlar arasında qarşıdurma zəminində baş qaldırmış, Polşa və Rusiya hökmranlığına qarşı etirazlar zəminində genişlənmişdi.
Ukrayna kazaklarının böyük bir hissəsi haqsızlığa uğrayıb, Polşa hakimiyyətindən üz çevirmiş məşhur getman Boqdan Xmelnitskinin başçılığı altında birləşmişdi. 1647-ci ildə onlar Polşa Taxtına qarşı üsyan qaldırdılar. Tədricən güclənən və müstəqillik uğrunda silahlı mübarizə hərəkatına çevrilən üsyanı yatırmaq üçün Polşa kralının göndərdiyi ilk cəza dəstələri kazakların inadlı müqaviməti ilə qarşılaşıb, geri çəkildi. Lakin tezliklə onların köməyinə gələn və ardı-arası kəsilməyən qüvvələr qarşısında təkbaşına duruş gətirmək tədricən çətinləşirdi. Osmanlı dövləti və Krım xanlığı kimi güclü müttəfiqlərin dəstəyinə ehtiyac duyan Boqdan Xmelnitski III İslam Gireydən yardım alaraq bir neçə döyüşdə kral ordusunu darmadağın etdi və vaxt itirmədən Krım xanlığı ilə müttəfiqlik danışıqlarına başladı. Danışıqlarda B.Xmelnitski Ukraynanın Polşadan ayrılıb Əflak (Ulahya/ Valaxiya) və Bogdan (Moldaviya) statusunda Osmanlı təbəəliyinə keçməsi təklifini irəli sürdü və inadla müdafiə etdi. Bu ittifaq baş tutarsa, kazaklar Krım xanlığının çevik atlı-süvari qoşunları ilə birləşərək, güclərini artıracaqdılar (kazaklarda hələ bu qoşun növü yox idi). III İslam Girey isə Ukrayna kazaklarının azadlıq hərəkatını dəstəkləməkdə Polşa kralını Krıma qarşı təhlükəli hərəkətlərdən çəkindirmək, onu hücum edən tərəf ikən müdafiə mövqeyinə keçməyə məcbur etmək, eyni zamanda onun Rusiya ilə yaxınlaşmasının qarşısını almaq məqsədi güdürdü.
Danışıqlar uğurla başa çatdı və 1648-ci ildə Krım xanlığı ilə kazaklar arasında ittifaq müqaviləsi imzalandı. Sayı 300 mini keçən birləşmiş Krım-kazak qüvvələri 1648-1649-cu illərdə Polşa ordusuna qan uddurdu. Kralın başı Ukrayna cəbhəsindəki məğlubiyyətlərə qarışdı. Qeyd etmək lazımdır ki, bu ittifaq tək Polşanı deyil, Rusiyanı da vahiməyə salmışdı. Tezliklə kral və çar Osmanlı padşahına müraciət edib, bölgədəki hərbi əməliyyatlardan narahatlıqlarını bildirdilər. Rusiyanı Don kazaklarının əli ilə Azak qalasını vaxtaşırı təzyiq altında saxlamaqda və Krım xanlığına xərac ödəməyi kəsməkdə günahlandıran Sultan, bununla belə məsələni araşdıracağını söyləyib İslam xandan izahat tələb etdi. Rusların “işləri yaxşı gedəndə” Krıma və Osmanlı torpaqlarına basqınlar etdiklərini, çətinə düşəndə isə özlərini sülh tərəfdarı kimi göstərdiklərini nəzərə çatdıran III İslam Girey onların təzyiq altından çıxacaqları təqdirdə Bogdanı ələ keçirəcəklərini vurğuladı və “Moskvanı yerinə oturtmaq üçün” padşahdan izn istədi. Lakin Osmanlı dövləti hələlik Rusiya ilə münasibətləri kəskinləşdirmək niyyətində deyildi. 1649-cu ildə yeniçərilərin də dəstəyi ilə Krım-kazak ordusu Polşa üzərinə daha bir iriçaplı yürüş keçirdi. Kral hökuməti Krım xanlığına yüksək məbləğdə illik xərac ödəmək, xanlığın ərazisini köhnə sərhədlər çərçivəsində tanımaq, Ukraynanın müstəqilliyini təmin etmək və mədəni hüquqlarını qorumaq haqda öhdəliklər götürməyə məcbur oldu. Boqdan Xmelnitski Polşa ilə hər hansı sülhü rədd edir, lakin Krım xanlığının yardımı olmadan məqsədinə çatmayacağını da yaxşı anlayırdı. Onun təkidi ilə 1652-ci ildə yeni bir kampaniyaya başlayan müttəfiqlər bir il müddətində Polşa qoşunları üzərində ardıcıl qələbələr çalaraq Bar və Kaminetsə qədər düşmən ərazilərini yerlə bir etdilər. Hətta sülh sazişi bağlandıqdan sonra da qarət və dağıntıları davam etdirən Krım-kazak qüvvələri bu kampaniya ərzində 5 mindən artıq əsir götürmüşdü.
Lakin zaman keçdikcə müttəfiqlər arasında narazılıq da artmaqda idi. Boqdan Xmelnitski düşünürdü ki, kazaklar çoxsaylı birgə döyüşlərdə qanlarını axıtmaqla Krımın himayəsində fayda verdiyini yetərincə isbata yetirib və artıq Osmanlı dövləti ilə vassallıq münasibətlərinin rəsmiləşdirilməsi vaxtı yetişib. Onun fikrincə, Ukraynanın Polşadan ayrılması və müstəqillk qazanması yalnız bu yolla mümkün idi. Lakin başı venesiyalılara qarşı Girit səfərinə (Krit adasının fəthi ilə nəticələnən 1645-1669-cu illər müharibəsi) qarışan Osmanlı dövləti Ukrayna məsələsinə lazımi dərəcədə diqqət ayıra bilmirdi. İstanbulun qərar verməyi gecikdirdiyini görən III İslam Girey yaranmış hərbi üstünlükdən Rusiya əleyhinə istifadə etmək fürsətini əldən qaçırmamaq üçün, 1653-cü ilin sonlarında Polşa kralı ilə barışığa getməyi münasib gördü. Bu isə faktiki olaraq kralın barışmaz düşməni Boqdan Xmelnitski ilə müttəfiqliyə son vermək demək idi. Krım xanlığı (və Osmanlı) ilə münasibətlərin kəsilməsi Xmelnitskinin ruslarla yaxınlaşması və 1654-cü ilin 6 yanvarında Pereyaslavl müqaviləsini imzalayıb rus təbəəliyinə keçməsi üçün güclü impuls oldu. X.İnalcıq haqlı olaraq Ukraynanın ələ keçirilməsini Kazan və Həştərxandan sonra rus çarının ən böyük müvəffəqiyyəti və qazancı hesab edir. Çünki bununla artıq Şərqi Avropanın qərb hissəsi də rusların hakimiyyəti altına düşür və Moskva Avropanın ciddi siyasi fiqurlarından birinə çevrilirdi. Digər tərəfdən Rusiya həm Krım (birbaşa), həm də Osmanlı dövləti (Ukrayna ərazisindən) ilə sərhəd qonşusu olurdu. Bu isə real təhlükə mənbəyi idi. Qeyd edək ki, bir müddət sonra İstanbul da bunun fərqinə varmışdır.
1653-cü ildə Zemski Soborun “getman Boqdan Xmelnitskinin çoxsaylı xahişlərinə əsasən Zaporojye Ordusunun əlindəki şəhərlər və torpaqlarla birlikdə” rus təbəəliyinə qəbul edilməsi haqqında qərar verməsi ilə Rusiya-Polşa müharibəsi (“13 illik müharibə”) başladı. Krım xanlığı müharibənin gedişində əmrindəki kazaklarla birlikdə Polşa-Litvanın tərəfinə keçən və Rusiyameyilli kazak dəstələri ilə döyüşən getman İvan Vıqovskiyə qahmar çıxaraq ona hərbi dəstək verdi. Barabaş və Puşkar üsyanının qan gölündə boğulmasından dərin sarsıntı keçirən İ.Vıqovski Kiyev uğrunda bir neçə döyüşə girmiş, amma həmişə məğlub olmuşdu. Krımdan süvari yardımı aldıqdan sonra o, Konotop yaxınlığında rus knyazlarından Lvov və Pojarskinin komandanlıq etdikləri nizami qoşun və kazak dəstələri üzərində inamlı qələbə qazandı. Lakin Vıqovskinin siyasəti kazaklar arasında lazımi qədər dəstək görmədi və o, tezliklə getmanlıqdan kənarlaşdırıldı. (Bir müddət sonra isə Polşa kralı tərəfindən kürəkəni, Sağsahil Ukraynasının getmanı Pavel Tetereylə birlikdə separatçılıq hərəkatında suçlanaraq edam edildi.)
Perayaslavl müqaviləsindən sonra Xmelnitski tərəfdarlarının böyük bir qismi Rusiya təbəəliyini qəbul etmişdi. Lakin bununla razılaşmayan, Ukraynanın müstəqilliyi uğrunda mübarizəni davam etdirən kazak atamanları da vardı ki, Krım xanlığı və dolayısı ilə Osmanlı dövləti ilə əlaqələrini kəsmirdilər. 1658-ci ildə sədrəzəm Köprülü Məhməd Paşanın Erdel səfərində (Transilvaniya; hazırda Rumıniyanın mərkəzi və qərb bölgələri) Krım qoşunu ilə yanaşı kazak dəstələrinin də iştirak etməsi buna misaldır. 1661-ci ildə bu yürüş qələbə ilə başa çatmış, Erdel məsələsi köklü şəkildə həll olunmuşdu. 1663-cü ildə Avstriya-Osmanlı müharibəsi cəbhələrində də kazaklarla krımlıların çiyin-çiyinə döyüşdükləri məlumdur. Krım və Osmanlı tərəfdarı olan kazak starşinaları arasında Pyotr Doroşenko xüsusi fəallıq göstərir, Ukraynanın çarizmə qarşı azadlıq mübarizəsində fəal rol oynayırdı. O, vaxtilə Xmelnitskinin qoşununda vuruşub, polkovnik çininə yüksəlmiş, 1665-ci ildə isə Sağsahil Ukraynasının getmanı olmuşdu. 1667-ci ildə 13 illik müharibədən sonra Rusiya və Reç Pospolita arasında Andrusovo süln müqaviləsi imzalananda Doroşenko Ukrayna kazaklarının yaşadığı torpaqların parçalanmasına etiraz edərək, çarın elçiləri qarşısında ölkənin bütövlüyü və müstəqilliyi tələbini qaldırmış, getman İ.M. Bryuxovskinin rəhbərliyi ilə Solsahil Ukraynasında başlanmış üsyana dəstək vermişdi. Andrusovo müqaviləsinə görə, Zaporojye (qərb) kazakları Polşa təbəəliyində qalır, Dnestrin şərqində yaşayanlar isə Rusiya hakimiyyətinə keçirdilər. Malorossiyanın (“Kiçik Rusiya”- bu ifadə ilə bir qayda olaraq Ukrayna nəzərdə tutulur) solsahil torpaqları, eləcə də Kiyev və başqa Ukrayna əraziləri də Rusiyaya birləşdirilirdi. Çar təmsilçiləri ilə danışıqlardan bir nəticə hasil etməyən Doroşenko 1669-cu ildə tabeçiliyindəki Şərqi Ukrayna kazakları ilə birlikdə Osmanlı təbəəliyinə keçdi.
Rusiya-Polşa barışığı Osmanlı dövlətini narahat etməyə bilməzdi. Zira Andrusovo müqaviləsi həm də Polşa və Rusiyanın Osmanlıya qarşı ittifaq bağlaması üçün hüquqi əsas yaradırdı. Polşa alimi Z.Vuyçikin fikrincə, 1674-1675-ci illərdə Səlim Girey xan və kral III Yan Sobeski arasında diplomatik təmaslar canlanmışdı. Lakin, görünür, tərəflər öz aralarında dil tapa bilməmiş, ziddiyyətləri sülh yolu ilə həll etmək mümkün olmamışdı. Nəticədə Babi-Ali sürətlə hərəkətə keçərək 1670-ci ildə Polşa üzərinə yürüşə başladı. 1672-ci ildə Kamaniçe (hazırda Ukraynanın Kamyanets-Podilski məntəqəsinə daxil olan tarixi Polşa qalası) fəth edildi və səfər qələbə ilə başa çatdı. Əldə olunan razılaşmaya əsasən, Polşa Taxtı, Krım xanlığına illik xərac ödənilməsi şərtini bir daha təsdiq edir, Ukraynanın cənub-qərbində yerləşən tarixi Podolya əyaləti Osmanlı hakimiyyətinə keçir, kazaklar Polşa təbəəliyindən çıxırdı.
Polşanı məğlub etdikdən sonra Osmanlı dövləti Rusiyanı cəzalandırmaq qərarına gəldi. Çar hökuməti də Polşadakı uğurlarından qorxuya düşdüyü üçün Osmanlıya qarşı sərt reaksiya verərək müharibə elan etdi. P.D.Doroşenkonun güclü həmləsi ilə 1674-cü ildə başlanan müharibənin gedişində üstünlük rus ordusunun tərəfində idi. Doroşenko 1675-ci ildə Çehrini (Solsahil kazaklarının mərkəzi sayılan Çigirin qalasını) tutaraq türk-tatar qoşunlarından kömək gözləməyə başladı. Lakin kömək ləngiyincə, vəziyyət tədricən dəyişdi. İ.Samoyloviçin (qeyd edək ki, bir il əvvəl kazaklar ümumi qurultayda Doroşenkonu vəzifəsindən uzaqlaşdırmış və Solsahil Ukraynasının getmanı İ.Samoyloviçi onun yerinə Ukrayna kazaklarının vahid rəhbəri seçmişdilər) və Q.Romadanovskinin komandanlığı altında vuruşan birləşmiş çar qoşunu hər tərəfdən Doroşenkonu mühasirəyə alaraq əsir götürdülər (az sonra siyasi bazarlıq nəticəsində azadlığa çıxsa da, tezliklə öldü).
Çehrinin alınması və atamanlarının ölməsi kazakları əsarət altına düşmə təhlükəsi ilə üzləşdirirdi. Osmanlı sultanı çar qoşunlarının qarşısını almaq üçün 1777-ci ildə Krım xanı Səlim Gireyi vəzir Şişman İbrahim Paşanın komandanlığı altında Ukrayna üzərinə göndərdi. Lakin onlar Çehrin qalasını ilk həmlədən ala bilmədilər və vəzifələrindən kənarlaşdırıldılar. 1678-ci ildə Osmanlı-Krım qoşunu sədrəzəm Merzifonlu Qara Mustafa Paşa və Krım xanı Murad Gireyin komandasında yenidən Çehrinə yeridi. Kazakların da iştirakı ilə keçən gərgin döyüşlərdən sonra avqustun 12-də qala fəth olundu, buradakı 30 minlik mühafizə qarnizonu məhv edildi. Krım qoşunu yarımadanın şərq hissəsindəki rus istehkamlarını dağıtdı. Osmanlı dövləti müharibəni davam etdirmək əzmində idi. Taman və civarındakı türk qalalarında güclü hazırlıq aparılırdı. Ruslar da Çehrin uğrunda revanş hücumuna hazırlaşmaları barədə söz-söhbət yayırdılar. Lakin Osmanlı ordusunun Ədirnədə toplanması və padşahın da oraya hərəkət etməsi xəbəri həqiqi qüvvələr nisbətini aydınlığı ilə ortaya çıxardı. “İşin yoğunlaşmasından” qorxuya düşən rus çarı barışıq istəyini dilə gətirdi. Qələbədə xanlıq qoşununun göstərdiyi şücaət nəzərə allnaraq danışıqların aparılması Murad Gireyə tapşırıldı və 1681-ci ilin əvvəlində Bağçasarayda 20 illik atəşkəs müqaviləsi imzalandı. Belə görünürdü ki, Krım xanlığı ətrafında əlverişli geosiyasi şərait yaranmaqdadır...
...Lakin 1683-cü il Vyana məğlubiyyəti hər şeyi alt-üst edir. Birləşmiş Avstriya-alman və Polşa qoşunları kral III Yan Sobeskinin komandanlığı altında Vyananı türklərin mühasirəsindən qurtarır. Osmanlı ordusu ağır məğlubiyyətə uğrayır. Məhz Vyana qapılarında baş verən bu fəlakətdən sonra Osmanlı dövləti Macarıstandan Belqrada qədər geniş ərazilərini itirir, beynəlxalq münasibətlər sistemində ön sıradan sıxışdırılır, onun nüfuzu sarsılır, hərbi qüdrəti şübhə doğurmağa başlayır. Quruluşundan bəri əvvəlcə Qızıl Ordaya, sonra isə Osmanlı imperiyasına münasibətdə imperativ bir şərt kimi güddüyü balanslı və məkrli siyasi kursu dəyişib aqressivləşən, davakarlıq yolu tutan Rusiya isə əksinə, mövqelərini möhkəmləndirməyə başlayır. Polşa ilə sülh bağlayıb, onun üzərində üstünlüyünü təsdiqləyir, Ukraynanı ələ keçirir, regionda yaranmış sabitliyi öz lehinə çevirir və tədricən Şərqi Avropanın ən güclü dövləti olmaq iddialarını ortaya qoyur.
Bu andan Osmanlı-Rusiya münasibətləri yeni, barışmaz düşmənçilik mərhələsinə keçir. Qüvvələr nisbəti birmənalı şəkildə Rusiyanın xeyrinədir və çar hökuməti Osmanlını, eləcə də onun sadiq müttəfiqi Krım xanlığını hədəfə aldığını açıq-aşkar nümayiş etdirməkdən çəkinmir. Hadisələrin xronologiyasına qısa da olsa, nəzər salaq. 1684-cü ildə Avstriya (Habsburqlar), Reç Pospolita və Venesiya tərəfindən təsis eilən, sonradan Maltanın da daxil olduğu “Müqəddəs Liqa” (türklər bu birliyi “Xaçlı İttifaqı” adlandırırlar və zənnimizcə, bu ad daha münasibdir) Osmanlı imperiyasına qarşı müharibə elan edir. 1686-cı ildə Rusiya da ittifaqa dəvət olunur. III Yan Sobeski bununla bağlı Moskvaya göndərdiyi məktubda yazırdı: “Osmanlıları Avropadan qovmaq istəyiriksə, hərəkətə bu gün keçməliyik. Gün- bu gündür!”. Hərbi əməliyyatlarda Rusiyanın qarşısında məxsusi olaraq Krım xanlığının bölgədəki təsir imkanlarını minimuma endirmək və onu ortadan qaldırmaq vəzifəsi qoyulmuşdu.
Yadınızda varsa, 1637-ci ildə kazaklar əllərindəki Azov qalasını rus çarına təklif edəndə Moskva hələ Babi-ali ilə münasibətləri kəskinləşdirməkdən ehtiyatlanırdı və bu təkliflə razılaşmamışdı (5 il sonra qalanı tərk etmələri üçün kazakları dilə də tutmuşdu). Üstündən heç 50 il də keçməyib- Moskva artıq “Müqəddəs ittifaq”ın tərkibində Osmanlıya qarşı cəbhə açmaqdan çəkinmir. Hədəfi isə ənənəvi olaraq Krım xanlığı və ətrafındakı Osmanlı qalalarıdır. Hadisələrin inkişaf dinamikasını və tendensiyasını bundan aydın ifadə edəcək müqayisə mümkün deyil!
1687-ci ilin mayında çarıca Sofyanın göstərişinə əsasən, ordu komandanlarından knyaz Vasili Qolitsının yarımadaya daxil olması ilə Osmanlı-Rusiya müharibəsi başladı. Az sonra Zaporojye kazaklarının getmanı İvan Samoyloviç (bəzi mənbələrdə getman İvan Mazepa ilə qarışdırılır) də ona qoşuldu. 350 topla təchiz edilmiş 50 minlik rus-kazak birliyi Oçakov (Özi) qalasını yağmalayıb çoxlu əsir götürsə də, krımlılar qarşısında duruş gətirə bilmədi. İki il sonra V.Qolitsın gücünü bir daha sınamaq qərarına gəldi, lakin yenidən Osmanlı-Krım ordusuna məğlub oldu. İkinci yürüşdə rus ordusunun tərkibində Don kazaklarının da döyüşdüyü məlumdur. Lakin tərəflərin Kabarda və Tərki qüvvələrini bu müharibəyə cəlb etmək planlarının baş tutmadığı qeyd olunmalıdır. Doğrudur, bəzi mənbələrdə Qolitsının ikinci yürüşü zamanı kumık və yaman-sadaklardan (Şimali Qafqaz tayfasıdır) 50 min nəfərlik bir qoşunun Səlim Gireyin köməyinə getdiyi bildirilir, lakin bu rəqəmin şişirdilmiş olması faktın özünü də şübhə altına almağa əsas verir.
1695-ci ilin iyun ayında ruslar hücumun istiqamətini Azaka (Azov) doğru yönəldərək, qalanı mühasirəyə aldılar, lakin hücum cəhdləri bu dəfə də nəticə vermədi. Osmanlıların çay yolu ilə qalaya ərzaq və silah-sürsat gətirməsinə mane ola bilməyən rus komandanlığı daha iki uğursuz həmlə edəndən sonra mühasirəni dayandırdı. Azakın qurudan mühasirəsinin müvəffəqiyyətsizliyə uğraması çar I Pyotrun donanmanı gücləndirmək niyyətini daha da qətiləşdirdi. Bir il sonra rus ordusu qalaya həm quru, həm də su yolu ilə hücuma keçdi. 75 minlik süvari qoşunu ilə eyni vaxtda yeni inşa edilmiş gəmilər də Voronej və Don çayları vasitəsilə Azaka doğru yola çıxdı. Mayda qala mühasirəyə alındı, iyunda 4 min əskər və 23 gəmidən ibarət Osmanlı donanması qala qarnizonuna köməyə gəldi, amma tezliklə gəmilərdən ikisi batırıldı. Gərgin döyüşlərdən sonra 1696-cı il avqustun 6-da Azak qalası çar qoşunlarının əlinə keçdi. Bu, rus donanmasının ilk böyük uğuru idi.
Taman da tutulmuş, Kəfə başda olmaqla sahil şəhərləri düşmən təhdidinə açıq qalmışdı. Pyotr rusların çoxdankı arzularını gerçəkləşdirərək, rəsmən Qara dənizə çıxış əldə etmiş, qazandığı hərəkət azadlığından dərhal yararlanaraq Kerç boğazını və ətrafını nəzarət altına almaq üçün yaratdığı donanmanın fəaliyyətini gücləndirmiş, yeni qalalar və gəmilər inşa etdirməyə başlamışdı. Digər tərəfdən Osmanlı ilə Şimali Qafqaz arasında əlaqələr tükdən asılı vəziyyətə düşmüş, başlıca nəqliyyat yolları tutulmuşdu. Azov qalasının itirilməsi həm də Krım və Həştərxan arasında məskunlaşan və ta qədimdən xanlıq ordusunu atlı döyüşçülərlə təmin edən qəbilə və tayfaların düşmən qarşısında tək və müdafiəsiz qalmasına, təhlükə ilə üzləşməsinə səbəb olmuşdu. Bir sözlə, rus donanması geosiyasi situasiyanı dəyişdirmiş, Krım xanlığı yeni reallıqla qarşılaşmışdı. Yaranmış mənzərə Osmanlı ilə ittifaqı gücləndirməyin həyati önəmini bütün çılpaqlığı ilə üzə çıxarmışdı. Bu illərdə imperiyanın cənub siyasətinə cavabdeh olan Krım xanları Rusiyanın şiddətli hücumlarının qarşısını almaqla bərabər həm də qərb cəbhələrində mərdliklə döyüşür, Bessarabiyaya soxulmaq istəyən polyakların önünü kəsir, Avstriya ilə döyüşlərdə Habsburqlar ordusuna layiqli cavab verirdilər. Amma cidd-cəhdlərə baxmayaraq, aydın görünürdü ki, Krımın əzəmətli dövrləri artıq arxada qalmışdır. Hadisələrin gedişi xanlığın öz tarixinin süqut mərhələsinə qədəm qoyduğuna dəlalət edirdi.
1700-cü ildə Rusiya və Osmanlı dövlətləri sülh müqaviləsi imzaladılar. Danışıqlar üçün İstanbula gedən rus səfiri uzun illərdən sonra ilk dəfə Krımdan keçməyib, gəmi ilə Azov qalasından birbaşa yola düşdü. Tarixən qərarlaşmış qaydalara əsasən, İstanbula gedən rus diplomatları əvvəlcə Krım xanı ilə görüşüb, ondan icazə almalı idilər. Bu, Osmanlı sultanlarının rus çarından rəmzi üstünlüyünü ifadə edirdi. Diplomatik protokolla ona Osmanlı sultanı ilə deyil, olsa-olsa Krım xanı ilə eyni ranqda olduğu xatırladılırdı. Çar hökuməti artıq Krım xanından icazə almağa ehtiyac qalmadığını vuğulayaraq, ona etinasızlıq göstərməklə status-kvonun pozulduğunu göstərmək istəyirdi.
Qüvvələr nisbəti nəinki Krım-Rusiya, həm də Osmanlı-Rusiya paradiqması üzrə dəyişmişdi və bu dəyişiklik avtomatik olaraq İstanbulda bağlanan müqavilədə də əksini tapır. Sülhün şərtlərinə görə, Rusiya Krım xanlığına xərac verməkdən azad edilir, onun Ukrayna üzərində hüquqları tanınır, Azov qalasının çar hakimiyyətinə keçməsi rəsmiləşir. Beləliklə, 1687-1700-cü illər müharibəsinin yekunlarından danışarkən Xəlil İnalcığın haqlı olaraq yazdığı kimi, İstanbul müqaviləsi “Osmanlıların Ukraynaya iddialarına son qoyur və I Pyotr Osmanlı padşahı ilə bərabər hüquqlu bir hökmdar olduğunu ona qəbul etdirir”.
Krım aristokratiyası, təbiidir ki, Rusiya üzərində suverenlik hüquqlarının əldən verilməsi ilə barışa bilmir, revanş üçün yollar axtarırdı. Osmanlı imperiyası isə daha müdrik tərpənərək həm Rusiya ilə İstanbul müqaviləsinin, həm də “Müqəddəs İttifaq”ın digər üzvləri ilə 1699-cu ilin yanvarında imzalanmış Karlofça (Karlovitsa) sülhünün qorunmasını vacib sayır, Krımdan anlaşmalara əməl olunmasını tələb edirdi. Qeyd edək ki, Karlofça anlaşması Osmanlı dövləti üçün olduqca ağır şərtlərlə bağlanmışdı. Dövləti-Aliyyə, ilk dəfə idi ki, Avropada irimiqyaslı torpaq itkisinə məruz qalırdı. Demək olar, bütün Macarıstan və Erdel (Transilvaniya) Prinsliyi Avstriyaya, Podoliya, Bratslav, Cənubi Kiyev vilayətləri (təxminən bütün Ukrayna) Polşaya, Mora yarımadası (yaxud Peloponnes) və Dalmaçya sahilləri Venesiyaya (Venedik) tərk edilmişdi. Osmanlı imperiyasının durğunluq mərhələsindən geriləmə mərhələsinə keçmə nöqtəsi məhz Karlofça andlaşması sayılır. Osmanlı, əlbəttə ki, itirilmiş hərbi-siyasi nüfuzunun da, torpaqlarının da geri qaytarılmasını hamıdan artıq istəyirdi. Amma hələ buna qadir olmadığını da anlamamış deyildi. Bunu Baxçarayda da görürdülər.
Mövqelərin belə kəskin haçalanması xanlıqda Osmanlı dövlətinə ümidsizlik yaradır, tədricən hakim dairələrdə parçalanma meyilləri təzahür etməyə başlayır. Rusiyaya dözümlü münasibət bəsləyən, hətta açıq-açığına onun tərəfini saxlayan ilk qüvvələr də məhz bu dövrdə ortaya çıxır. Məyusluq, tərəddüd və təfriqəçilik zəminində qəbilələr arasında bitib-tükənmək bilməyən köhnə narazılıqlar yenidən alovlanır, münaqişə ocaqları əmələ gəlir, ümumi mənafe və maraqlar arxa plana keçir, bir sözlə, xanlıqda siyasi sabitlik və ictimai asayiş pozulur, çaxnaşmalar başlayır. Qəbilə prinsipi əsasında formalaşan ordunun komplektləşdirilməsindəki çətinliklər get-gedə artaraq adi hal alır, itaətsizlik kütləviləşir. Üsyankar noqay və çərkəzlər az qala idarəçilikdən çıxırlar. Onların yenidən tabe etdirilməsi hər dəfə daha böyük çətinliklər hesabına başa gəlir.
1698-ci ildə Kaplan Girey xanın, bir il sonra nurəddin Qazi Gireyin Bucaq noqayları ilə birlikdə Polşaya hücumları zamanı baş verənlər deyilən problemləri bariz şəkildə təzahür etdirir. 1696-cı ildə III Yan Sobeskinin ölümü və Reç Pospolita taxtına sakson əsilli Vettinlər sülaləsinə mənsub II Avqust-Fridrixin çıxması Polşada müəyyən qarışıqlıq yaratmışdı. Yeni kralın əsas diqqətini Saksoniyaya yönəltməsi (onun bir titulu da “Saksoniya kürfüstü”, yəni Saksoniya seçkin knyazı idi) Polşa Taxtı və Litva Böyük Knyazlığında maqnat (zadəgan- əsilzadə ailələri) və şlyaxtların (mülkədar və feodallar) güclənməsi ilə nəticələnmişdi. Kaplan xan və nurəddin Qazi də bu qarışıqlıqdan istifadə edərək Polşa sərhədlərində fəallaşmış, qənimət və əsirlər (yasır) ələ keçirib mərkəzi hakimiyyətin nüfuzunu imkan daxilində möhkəmləndirmək istəmişdilər. 1698-ci ilin sentyabrında xanın 10 minlik qoşunu F.Pototskinin 6 minlik birliyinin mövqe tutduğu Posqaytsev yaxınlığında polyaklar üzərində nisbi üstünlük nümayiş etdirmiş, çoxlu əsir götürüb açıq döyüşə girmədən geri çəkilmişdi. Nurəddin Qazi Gireyin 1699-cu ildə çıxdığı Reç Pospolita səfərini qoşunların, mövqe döyüşlərinin və qazanılan qənimətin (əsirlərin) miqdarına görə daha böyük və tutarlı sayıla bilərdi. Lakin Karlofça müqaviləsinin şərtlərinə görə nurəddinin əsirləri geri qaytarması Bucaqda narazılıq yaratmış, tezliklə etirazlar Şirin bəyinin başçılığı altında silahlı qiyama keçmişdi. Bəzi mənbələr qiyamçıların Qazi və Kaplan Gireyləri mühasirəyə aldıqlarını, üç noqay mirzəsinin isə etiraz əlaməti olaraq rus təbəəliyinə keçmək üçün müraciət etdiyini xəbər verir. Bucaqlılar hətta Krım xanının dəyişdirilməsi tələbi ilə Osmanlı sultanına müraciət etmiş, lakin rədd cavabı almışdılar. Sultan bununla da kifayətlənməmiş, böyük bir cəza dəstəsi ilə Dövlət Gireyi qiyamı yatırmaq üçün Bucağa göndərmişdi. Hadisələrlə əlaqəsi olduğu deyilən Qazi Girey ifşa olunacağından qorxub Çigirinə (Çehrinə) qaçmış və rus təbəəliyinə qəbul olunmaq üçün getman vasitəsi ilə binagüzarlıq etmişdi. 1706-cı ildə bucaqlılar yenidən Babi-Aliyə elçi göndərib Krım xanlığının təbəəliyindən çıxmaq istədiklərini bildirmiş, lakin Sultan bu istəyi də qəbul etməmişdi.
Diqqət yetirsəniz, Krım ordusunda problemlərin böyüməsi ilə Osmanlının hərbi kampaniyalarını intensivləşdirməsi eyni vaxta təsadüf etdiyini görərsiniz ki, bu da İstanbulla Baxçasaray arasında əlavə gərginlik mənbəyidir. Xanlar bir yandan Babi-Alinin, o biri tərəfdən daxili ziddiyyətlərin dərinləşməsində maraqlı olan qəbilə başçılarının təzyiqi altında sıxılır, müstəqil qərar verməkdə çətinlik çəkir, mərkəz qarşısında öhdəliklərini yerinə yetirə bilmirlər. Taxt dəyişikliklərinin tez-tez baş verməsi də məhz bu səbəblə şərtlənir. Mərkəzdənqaçma meyilləri qüvvətləndikcə nüfuzlu qəbilələrin (və onların rəislərinin!) həlledici siyasi təsir qüvvələrinə çevrilmək iddiaları güclənir. XVIII əsrin əvvəllərində Şirin bəylərinin artıq İstanbulun nəzarətindən çıxacaq dərəcədə müstəqilləşdiklərini görürük. Təsadüfi deyil ki, 1724-cü ildə xan baratı ilə Krıma göndərilən II Məngü Gireyin qarşısında Şirin bəylərinin birliyini pozmaq və onların xanlıq üzərindəki dominantlığını aradan qaldırmaq vəzifəsi qoyulmuşdu.
Deyilənlərdən göründüyü kimi, əlverişsiz geosiyasi şərait, real xarici təcavüz təhlükəsi qarşısında Krım-Osmanlı birliyinin hərbi-siyasi müqavimət potensialı get-gedə zəifləyir, Rusiya isə proporsional şəkildə beynəlxalq nüfuz və mövqeyini genişləndirirdi. Osmanlı dövləti ordunu müasirləşdirmək, iqtisadiyyatı dirçəltmək, islahatlar aparmaq üçün sülhə ehtiyac duyur, müharibə ehtimallarını minimuma endirməyə, ehtiyatsız hərəkətlərdən çəkinməyə, təxribatlara yol verməməyə çalışırkən Qara dənizdə, az sonra isə həm də Xəzərdə mütləq hakimiyyətə sahib olmaq, Şərq-Qərb ticarətinin mərkəzi roluna yiyələnmək siyasətini daha da qətiləşdirən çar Pyotr Romanov bunun əksinə, iki böyük rus çayının- Dnepr və Donun Qara dənizlə qovuşduğu Krım limanlarının ələ keçirilməsinə Rusiyanın idxal-ixrac potensialının genişləndirilməsi baxımından xüsusi önəm verir, bu istiqamətdə aqressivliyini artırırdı. Onun hədəfləri qarşısında ən böyük maneə Osmanlı dövləti idi və Rusiya onu yorub taqətdən salmaq, zərərsizləşdirmək üçün ən kəsə yolun yeni bir müharibəyə başlamaq olduğunu düşünür, bu məqsədlə müxtəlif yollara əl atır, müttəfiqlər axtarırdı. Lakin rus çarının 1697—1698-ci illərdə Qərbi Avropaya göndərdiyi «Böyük elçiliyin» nəticələri Osmanlı dövlətinə qarşı deyil, İsveçə qarşı Reç Pospolita, Saksoniya və Danimarka ilə koalisiya yaratmağın mümkünlüyünü göstərdi. «Şimal ittifaqı» koalisiyası ilə İsveç arasında 1700-cü ildə başlanan müharibə 21 il (1700—1721) davam etdi. İlk döyüşlər I Pyotr üçün uğursuz keçsə də, Lesnaya və Poltava döyüşlərində qazanılan qələbələr müharibənin gedişində onun xeyrinə güclü dönüş yaratdı. Rus donanmasının dəniz döyüşlərində qazandığı qələbələr İsveç kralı XII Karlın hakimiyyətini kökündən sarsıtdı.
Şimal müharibəsi Osmanlı-Krım birliyi qarşısında Ukrayna və Polşada itirilmiş mövqelərin geri qaytarılması üçün yeni imkanlar açırdı. Müharibə Baltik dənizinə nəzarət üstündə şimalda aparılsa da, isti dənizlərə çıxmaq strategiyasını xarici siyasətinin nüvəsi sayan Rusiya üçün həyati əhəmiyyət daşıyan bir çox hadisələr bu illərdə məhz cənubda cərəyan edirdi. Hələ 1699-cu ildə atamanlardan T.Mayatski və F.Şvaçka öz kazakları ilə Reç Pospolita kralından qaçıb Krıma sığınmışdılar. Kral II Fridrix-Avqust Sağsahil Ukraynasında kazak dəstələrinin ləğv edilməsinə dair fərman imzalamaqla azadruhlu kazakların nifrətini qazanmışdı. Şimal müharibəsinin əvvəlində Peç Pospolita ilə Rusiya eyni səfdə yer alırdılar. Lakin 1706-cı ildə XII Karl Frauştadt yaxınlığında rus-sakson qoşununu dağıdıcı məğlubiyyətə uğratmış və II Fridrix Avqust Reç Pospolita taxtını İsveç tərəfdarı olan Stanislav Leşinskinin lehinə tərk etməli olmuşdu. Bununla da Reç Pospolita müharibədən çıxmış və I Pyotr müttəfiq yardımından məhrum qalmışdı.
Yaddan çıxarmayaq ki, Ukrayna milli dövlətçiliyinin banilərindən sayılan Zaporojye Ordusunun komandanı İvan Mazepanın (1639-1709) karyerasında siyasi yüksəliş dövrü də bu illərə təsadüf etmişdi. I Pyotrun ona bəslədiyi etimaddan yararlanan Mazepa 1704-cü ildə çarın razılığı əsasında Dneprin sağ sahilini tutaraq 1660-cı ildən parçalanmış vəziyyətdə olan Ukraynanı birləşdirmiş və Zaporojye Seçinin siyasi müstəqilliyinə son qoymuşdu. Polşa, Krım xanlığı və Rusiya arasında danışıqlar da “Dneprin hər iki sahilindəki Zaporojye Ordusunun getmanı” tituluna layiq görülmüş İ.Mazepanın vasitəçiliyi ilə aparılırdı. 1704-cü və 1706-cı illərdə onun Krım elçilərini qəbul etdiyi məlumdur. Lakin Ukraynanın müstəqilliyi üçün ən böyük təhlükənin şimaldan gəldiyini vaxtında anlayan və bununla barışmayan Mazepa 1708-ci ildə İsveç kralı XII Karl və Zaporojye kazak atamanlarından Konstantin Qordiyenko ilə I Pyotra qarşı birgə mübarizənin təşkilinə dair müqavilə imzalayaraq, bölgədəki siyasi status-kvonu alt-üst etməyi bacarmış, Peterburq sarayını əməlli-başlı sarsıtmışdı. Poltava döyüşündən (27 iyun, 1709) sonra isə kral XII Karl ilə birlikdə Osmanlı dövlətinə sığınmış və həmin il Bender şəhərində vəfat etmişdi. Vahid rəhbərlərini itirən kazaklar Ukraynanın müstəqillik mübarizəsini ataman K.Qordiyenko və mühacirətdə olan getman Pılıp Orlıkın (bəzi mənbələrə görə, Filip Orlik; aşağıdakı mətndə biz bu variantı əsas alacağıq) rəhbərliyi ilə davam etdirmişdilər.
Poltavada siyasi hakimiyyətinə ölümcül zərbə endirilən İsveç kralı, “Dəmirbaş” ləqəbli XII Karlın Osmanlı imperiyasına sığınması hələ Şimal müharibəsindən əvvəl Dövləti-Aliyyəni müharibəyə sürükləmək planları quran I Pyotrun əlinə bəhanə verdi. Müharibəyə yönəlmiş formal diplomatik prosesdurlar sürərkən Krım xanı II Dövlət Girey İ.Mazepanın varisi F.Orlik və XII Karlın tabeçiliyində olan kazaklarla hərbi ittifaq müqaviləsi imzaladı. Müqavilədə Krım xanı kazakları himayəsinə aldığını bildirir, Solsahil Ukraynasını Moskvanın əsarətindən qurtaracağını, sağsahil Ukraynası ilə birləşdirib vahid müstəqil Ukrayna dövlətinin yaradılmasına bütün vasitələrlə dəstək verəcəyini vəd edirdi. Sənədin şərtlərinə görə, Krım xanı öz üzərinə hərbi əməliyyatlar zamanı kazakları əsir (yasır) almamaq və pravoslav kilsələrini yıxmamaq təəhhüdü də götürürdü.
Bir il sonra II Dövlət xanın oğlu və kalqayı Məhməd Gireyin imzaladığı digər bir sənəddə də sözügedən müqavilənin əsas müddəaları təkrarlanır və təsdiqlənirdi. Kalqay-sultan əlavə olaraq Reç Pospolitanın qanuni kralı kimi Stanislav Leşinskinin tanındığını, II Fridrix Avqustun isə “düşmən olduğunu” bəyan edirdi. Sənəddə Ukrayna kazaklarının legitim başçısı kimi F.Orlikə hərbi-siyasi dəstək göstəriləcəyi, habelə A.Y.Pototskinin rəhbərlik etdiyi polyakların yardımına noqaylardan və bucaqlılardan ibarət bir qoşun göndəriləcəyi də bildirilirdi. Qeyd edək ki, 1711-ci ilin əvvəllərində birləşmiş türk-tatar, polyak, kazak ordusunun həqiqətən də Kiyev üzərinə yürüş etdiyi məlumdur. Müqavimət görmədən Bratslav, Boquslav, Nemirov, Vinnitsa kimi şəhərləri ələ keçirib, Krım xanlığının qarnizonlarını quran qoşunun Dnepr boyunca, demək olar, hər tərəfə səpələndiyi söylənilir. Buna baxmayaraq ədəbiyyatda Kiyev voyevodalığına aid Fastov, Çerkassı, Çigirin, Kanev, habelə Ağ Kilsə (Belaya Tserkov) kimi strateji cəhətdən vacib nöqtələri tuta bilmədiyi üçün qoşunun hərəkət sürətinin azaldığı, qazanılan mövqelərin də tədricən əldən verildiyi və tərəflər arasında narazılıq başladığı göstərilir.
1710-cu ildə Birinci Pyotrun öz qoşunu ilə Osmanlı sərhədlərini keçməsinə cavab olaraq Sultan III Əhməd Rusiyaya müharibə elan etmək məcburiyyətində qaldı. Sədrəzəm Baltaçı Məhməd Paşa 200 minlik ordu ilə düşmənin üzərinə yeridi, az sonra Osmanlı donanması və Krım qoşunu da ona qoşuldu. 1711-ci ildə bir neçə uğurlu əməliyyatdan sonra birləşmiş qüvvələr Prut çayı sahilindəki Stanileşti kəndi yaxınlığında I Pyotru mühasirəyə aldılar (bəzi mənbələrin məlumatına görə, rus çarı əsir alınmış, lakin müəmmalı şəkildə buraxılmışdı). Yaranmış fürsətdən düşmən qoşununun məhv edilməsi üçün yararlana bilməyən (bəlkə də istəməyən) sərəskər Baltaçı Məhməd Paşa çarın təklifi ilə təcili olaraq sülh danışıqlarına başladı və tezliklə padşahın da razılığı ilə Prut müqaviləsini imzaladı. Krım xanı II Dövlət Girey və XII Karlın müharibəni davam etdirilmək tələbləri nəzərə alınmadı (Dövlət xan, Baltaçı Paşanı xəyanətdə təqsirləndirmiş, padşahın hüzurunda onun cəzalandırılması tələbini dilə gətirmişdi).
Osmanlı sərdarının (və padşahın!) təklif olunan sülh şərtlərinə belə asanlıqla razılaşmasının səbəbləri indiyə qədər qaranlıq qalır. Bu sirli sövdələşmə ilə bağlı zaman-zaman müxtəlif şaiyələrin dolaşdığı da məlumdur. Kamal Karpatın fikrincə, müharibənin davam etdirilməsi və Prut zəfərindən layiqli siyasi dividend götürülməsi qarşısında başlıca maneə “1683-cü ildə Vyanada qazandığı qələbə ilə osmanlıların ən güclü hərbi rəqibinə çevrilmiş Habsburq imperiyasının təhdidlərinə daha böyük önəm verilməsi” olmuşdur. Prut müqaviləsinə əsasən, Azov qalası və əvvəlki anlaşmalarla təslim edilmiş bəzi Osmanlı torpaqları geri qaytarılır, Rusiya Polşa krallığının daxili işlərinə qarışmayacağına dair öhdəlik götürürdü. Çar hökuməti İstanbulda daimi səfarət saxlamaq hüququndan məhrum edilir, İsveç kralının sərbəst şəkildə öz ölkəsinə qayıtması şərti ilə razılaşırdı.
Beləliklə, çar I Pyotrun Qara dənizdə möhkəmlənməsinin qarşısı müvəqqəti də olsa, alınır. Lakin o, cənuba doğru irəliləmək planlarından əl götürmür, isti dənizlərə hakim olmaq uğrunda fəaliyyətini ardıcıl şəkildə davam etdirir. 1721-ci ildə 20 illik müharibəni qalibiyyətlə başa çatdıran kimi Pyotrun Xəzər yürüşünə başlaması da buna sübutdur. Yaxın Şərq ölkələrinə və Hindistana gedən dəniz və quru ticarət yollarını ələ keçirmək məqsədi ilə 1722-ci ildə Dərbəndi, 1723-cü ildə Bakını, Salyanı, Azərbaycanın şimal və cənub bölgələrini işğal etməsi, 1724-cü ildə Xoy qalasını alması Rusiyanın tutduğu yoldan nəinki dönmədiyini, əksinə, müxtəlif istiqamətlər üzrə durmadan eyni siyasi xətti yürütdüyünü göstərir, Osmanlı və Səfəvi imperiyalarının dövlət maraqlarına toxunurdu. Digər tərəfdən çarizmin Xəzəryanı ərazilərdə erməniləri yerləşdirmək, Qarabağda xristian (rus-erməni-alban) dövləti yaratmaq planını işə salması vəziyyətə dini çalar verir, geniş kütlələrin heysiyyətinə toxunurdu. Dağıstan və Azərbaycanın türk-müsəlman əhalisi Osmanlı dövlətindən nicat gözləyirdi. Dərbəndin işğalından az sonra, 1722-ci ilin oktyabrında Dağıstan əmiri Hacı Davud Osmanlı təbəəliyinə qəbul edilmiş, ona Krım xanı ilə eyni hüquqlar verilmişdi. Həmsərhəd Osmanlı sancaqlarında Azərbaycan ətrafında cərəyan edən hadisələr diqqətlə izlənilir, bəzi sancaq bəyləri zərurət yarandıqca, ara-sıra vəziyyətə müdaxilə etməkdən də çəkinmirdilər. Səfəvi xanədanının dərin tənəzzül keçirdiyi bu dövrdə Osmanlı dövləti Cənubi Qafqazın Rusiya tərəfindən zəbt edilməsinə yol verməməyə çalışır, hər vasitə ilə buna mane olurdu. Qarşıdurma artdıqca tərəflər arasında yeni müharibənin baş verməsi labüdləşirdi. Lakin məlumdur ki, Pasarofça sülhü (Osmanlı dövləti ilə Avstriya və Venesiya arasında 1715-1718-ci illər müharibəsindən sonra Passarovits deyilən yerdə imzalanmışdır) Osmanlı tarixinin “Lalə dövrü”nə qədəm qoymasına əlverişli imkan yaratmışdı. Bu mərhələni diplomatiyada sülh, qarşılıqlı anlaşma prinsipləri, ictimai həyatda qərbyönümlü islahatlar kursu səciyyələndirirdi. Odur ki, Fransanın vasitəçiliyi ilə irimiqyaslı müharibə təhlükəsinin qarşısının alınması və Rusiya ilə 1724-cü il iyunun 12-də İstanbul müqaviləsinin imzalanması təəccüblü sayıla bilməz. Müqavilədə Rusiyanın Xəzəryanı vilayətlərlə kifayətlənməsi, Səfəvi dövlətinin qalan ərazilərinin isə Osmanlı hakimiyyətinə keçməsi təsbit olunurdu.
N.MUSTAFA
(ardı var)