Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra biz ondan çox Avropa ölkəsindən sifarişlər almışıq. Bu sifarişlərdə ya mövcud təchizat həcmini artırmaq, ya da yeni qaz həcmlərini təmin etmək xahiş olunur.
“İki sahil” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda bildirib.
Prezident İlham Əliyev əlavə edib: “Hazırda biz bütün bu sifarişləri qiymətləndiririk. İndi bütün sifarişləri təmin etmək üçün bizim kifayət qədər qazımız yoxdur. Ona görə də hesab edirəm ki, dərhal kommersiya məsələləri üzrə danışıqlara başlamaq lazımdır, xüsusən də artıq Azərbaycan qazını qəbul edən ölkələrlə. Çünki bunun üçün boru kəmərləri və müvafiq hüquqi baza artıq mövcuddur. Eyni zamanda, biz ixracın coğrafiyasını genişləndirməyi planlaşdırırıq. Biz interkonnektorların tikintisi ilə bağlı Avropadan daxil olan təşəbbüsləri tam surətdə dəstəkləyirik. Belə interkonnektorlardan birinin açılış mərasimi keçən ay mənim də iştirakımla Sofiyada keçirilmişdir. Söhbət Yunanıstan-Bolqarıstan İnterkonnektorundan gedir.
Bolqarıstan və Serbiyanı birləşdirən digər interkonnektor isə gələn ilin sonunda hazır olacaqdır. Bu barədə mənə iki gün əvvəl Serbiyada məlumat verildi. Hazırda biz Albaniya hökuməti ilə bu ölkənin qazpaylayıcı şəbəkəsinə sərmayə qoyuluşları barədə müzakirələr aparırıq. Albaniyada belə şəbəkə mövcud deyil, çünki Albaniya yalnız tranzit ölkəsidir. Lakin onların da yerli tələbatı təmin etmək üçün qaza ehtiyacı vardır. Digər bir layihə də İon-Adriatik qaz boru kəməri layihəsidir ki, üç Balkan ölkəsini əhatə edir. Lakin bu layihəni həyata keçirmək üçün onda maraqlı olan hər kəs gözləyir ki, Avropa İttifaqı müvafiq addımlar atacaq və layihə ilə bağlı öz mövqeyini bildirəcək.
Hazırda inşa olunan bütün interkonnektorların yeganə məqsədi enerji təhlükəsizliyini təmin etməkdir. Bizim ehtiyatların həcmi məlumdur, mən bu rəqəmləri bir neçə dəfə səsləndirmişəm. Biz investisiya həcminin artırılmasında maraqlıyıq. Əvvəl də dediyim kimi, biz Türkiyə ilə təchizat məsələlərinin həllini başa çatdırdıqdan sonra hüquqi bazanın nədən ibarət olduğunu və təchiz ediləcək qazın həcmini biləcəyik. Bu məsələlər həll edilmədən buna nail olmaq mümkün deyil. Ümid edirəm ki, ilin sonunadək biz bu işləri başa çatdıracağıq. Bu, əlbəttə ki, bizim vahid enerji strategiyamızın bir hissəsini təşkil edəcəkdir”.
Şuşa Azərbaycan mədəniyyətinin dünyaya təqdim edildiyi mühüm mərkəzlərdən biridir