Türk dövlətləri arasında əməkdaşlıq Orta Dəhliz layihəsinə əsas töhfə olacaqdır.
“İki sahil” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda bildirib.
Dövlətimizin başçısı deyib: “Biz artıq uzun illərdir ki, Macarıstanın təşkilatda müşahidəçi olmasına şadıq. Baş nazir Orban mütəmadi olaraq Zirvə görüşlərində iştirak edir. Təşkilat adını dəyişdirib və artıq beynəlxalq arenada getdikcə fəallaşır. Biz şadıq ki, üzv dövlətlər arasında əvvəlki illərlə müqayisədə daha fəal dialoqun şahidiyik. Sonuncu Zirvə Toplantısı, əlbəttə, bunun bariz təzahürü idi. Bağlılıq məsələsinə gəldikdə, Türk dövlətləri arasında əməkdaşlıq Orta Dəhliz layihəsinə əsas töhfə olacaqdır. Çünki coğrafiyaya nəzər saldıqda Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Xəzər dənizinin bu sahilində Azərbaycan, Gürcüstan və Türkiyənin olması əlavə imkanlar yaradır. Bu gün müzakirə etdiyimiz kimi, biz tranzit yüklərin həcminin artdığını görürük. Cari ildə artım 70 faizdir, növbəti ildə bundan da çox olacaq.
Bu yüklərin əksəriyyəti Mərkəzi Asiyadan Avropaya Transxəzər marşrutu vasitəsilə nəql edilir. Bununla yanaşı, mənim Mərkəzi Asiya ölkələrinə səfərlərim, Türkiyə Prezidentinin oraya səfərləri, Türk dövlətlərinin liderlərinin Türkiyəyə səfərləri onu nümayiş etdirir ki, qarşılıqlı ticarətin səviyyəsinin artırılması üçün yeni imkanlar var. Türkiyə ilə biz bu gün rüsumsuz idxal olunan məhsulların siyahısının artırılması üzərində fəal çalışırıq. Yəni, biz Azad Ticarət Sazişinin bağlanmasına doğru addım-addım irəliləyirik. Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsi 4 milyard dollardan artıqdır və biz bu artımı digər ölkələrlə münasibətdə də görürük. Yəni, bu, Orta Dəhliz layihəsinə əsas töhfə olacaqdır.
Eyni zamanda, digər böyük oyunçuların bu marşrutu etibarlı, təhlükəsiz və iqtisadi baxımdan cəlbedici hesab etməsi vacibdir. Bunun üçün bizdə sabitlik, etibarlılıq var. Biz geniş şəkildə tarif siyasəti üzərində işləməliyik. Tarif siyasəti vahid formaya gətirilməli, gömrük orqanlarının fəaliyyəti əlaqələndirilməlidir ki, yüklərini nəql etmək arzusunda olan şirkətlər bu dəhlizdən yalnız vaxta qənaət etmək üçün deyil, həm də pula qənaət baxımından istifadə etsinlər. Bunun üçün isə vahid tarif siyasəti, gömrük orqanlarının fəaliyyətinin proqnozlaşdırılabilən və ədalətli olması tələb edilir. Beləliklə, potensial var və biz düzgün istiqamətdə irəliləyirik.”.
Şuşa Azərbaycan mədəniyyətinin dünyaya təqdim edildiyi mühüm mərkəzlərdən biridir