26 noyabr 2022 10:34
511

Prezident İlham Əliyev: Gürcüstanla münasibətlərimiz strateji əhəmiyyət kəsb edir

Gürcüstanla münasibətlərimiz bizim üçün və gürcü dostlarımız üçün strateji əhəmiyyət kəsb edir. Mənim Gürcüstana səfərim, həmçinin əlaqələrimizin və bütün hallarda birgə olmağımızın zəruriliyinin təzahürü idi. Həmrəylik, qarşılıqlı dəstək və əlbəttə, enerji nəqli layihələri və Gürcüstanın Baş naziri ilə müzakirə etdiyim bəzi yeni ideyalar var. Enerji və daşımalar layihələri sahəsində yeni imkanları nəzərə alaraq, çox yaxşı nəticələr var. Biz hazırda çox fəal işləyirik. Bəlkə də o qədər də açıq olmasa, lakin fəal çalışırıq ki, karbohidrogenlərin və yüklərin yeni həcmləri üçün hazır olaq.

 “İki sahil” xəbər verir ki,  bu sözləri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda bildirib.

Ermənistan, Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq platformasının yaradılması təşəbbüsünə toxunan dövlətimizin başçısı əlavə edib: “Siz də düzgün qeyd etdiyiniz kimi, hətta əməkdaşlıq olmasa belə, Azərbaycan da heç olmasa üç Cənubi Qafqaz ölkəsi arasında məsləhətləşmələr formatı ideyasına dəstək vermişdir. Hesab edirik ki, bu təbiidir, çünki biz eyni bölgədə yerləşirik.

Gürcüstan bizim strateji tərəfdaşımızdır. Eyni zamanda, Gürcüstan və Ermənistan arasında münasibətlər də yaxşıdır. Ona görə mən bunun təbii olduğunu düşünürdüm. Amma əfsuslar olsun ki, Ermənistan tərəfi buna çox müqavimət göstərirdi. Biz bunun səbəbini başa düşə bilmirdik, lakin güman edə bilərik ki, onlar yəqin bəzi sponsorlarını məyus etmək istəmirlər. Lakin istənilən halda, Ermənistan Gürcüstan, Azərbaycan və Ermənistan xarici işləri nazirlərinin görüşünün Gürcüstanda keçiriləcəyinə razı olduqda, biz kiçik fürsəti əlimizə keçirə bildik. Yenə də bizə və gürcü ev sahiblərinə onların qəribə davranışını başa düşmək çətin idi. Onlar deyirdilər ki, görüşlər ancaq ikitərəfli olmalıdır, Gürcüstan nümayəndəsi iştirak etməməlidir. Biz bunu başa düşə bilmirik. Gürcüstana səfərim zamanı Baş nazir Qaribaşvili ilə bu ölkədə üçtərəfli sammitin keçirilməsi perspektivlərini müzakirə etdim. Ermənistan hazır olarsa, biz bu sammitin vaxtında keçiriləcəyini düşünürük”.

Prezident İlham Əliyev əlavə edib: “İlk növbədə, onlar həqiqətən də sülh istəyirlərmi? Sual budur. Çünki bu olmasa, heç bir şeyin mənası yoxdur. Əgər onlar həqiqətən də sülh istəyirlərsə, bu formatdan çəkinməməlidirlər. Çünki kommunikasiya, nəqliyyat, enerji təhlükəsizliyi, ticarət - bütün bunlara nail olmaq olar. Düşünürəm ki, Ermənistan işğalının mənfi fəsadlarından biri odur ki, bizim torpaqlarımızda baş verənlərlə yanaşı, Cənubi Qafqaz inteqrasiya olunmaq imkanını da itirdi. İndi vaxtdır. Ola bilsin, inteqrasiya, hətta üçtərəfli əməkdaşlıq barədə danışmaq tezdir, lakin düşünürəm ki, ən azı məsləhətləşmələrə başlamağın vaxtı çatıb. Mən Ermənistanın qarşısında duran maneələrin nədən ibarət olduğunu, buna razılaşmamaqla kimdən qorxduğunu bilmirəm. Lakin düşünürəm ki, əgər onlar həqiqətən də sülh istəyirlərsə, daha müstəqil şəkildə davranmalıdırlar. Bu baş versə, həmin görüş çox tez bir zamanda reallaşa bilər. Əgər baş verməsə, yaxşı, bu, olduğu kimi davam edəcək. Azərbaycan və Gürcüstan üçün əməkdaşlıq coğrafiyasını, Qara dəniz-Xəzər dənizi əlaqəsini, Mərkəzi Asiya-Avropa əlaqəsini nəzərə alaraq, biz onlarsız, Ermənistansız da keçinə bilərik. Əgər onlar faydalanmaq istəyirlərsə, biz hazırıq, əks halda, bu, belə davam edəcək”.