Prezident İlham Əliyev: Əminəm ki, əgər ədalət zəfər çalarsa, biz təcavüzkarları işğal zamanı törətdiklərinə görə cəzalandıracağıq
“İkinci Qarabağ müharibəsindən əvvəl və sonra tam aydın olan hərbi cinayətlərə gəldikdə, burada bizə yardımçı olacaq beynəlxalq hüquq firmasını cəlb etmişik. O vaxt ermənilər dinc şəhərləri, o cümlədən Gəncəni atəşə tuturdular. Münaqişənin getdiyi yerdən xeyli uzaqda yerləşən ondan çox şəhər ballistik raketlərlə atəşə tutuldu. “SKAD”, “Elbrus” və hətta “İsgəndər” raketlərindən istifadə etdilər. Özü də “İsgəndər-M” raketi onlarda heç cür ola bilməzdi. Bu, yalnız Rusiyanın silahlı qüvvələri tərəfindən istifadə edilən raketdir. “İsgəndər-E” adlı raket də var. Yəni, o, ixrac üçün nəzərdə tutulur. Lakin Şuşada aşkar etdiyimiz və hazırda Bakının Hərbi Qənimətlər Parkında nümayiş etdirilən raket “İsgəndər-M”dir. Bu, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır və hərbi cinayətdir”.
“İki sahil” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda bildirib.
Prezident İlham Əliyev deyib ki, biz hüquqi prosedurlara başladıq: “Başqa qeyri-qanuni fəaliyyət də olmuşdur, yəni, qeyri-qanuni məskunlaşma. Bu, həmçinin Cenevrə konvensiyalarına uyğun olaraq hərbi cinayət hesab edilməlidir. Çünki məkanların tarixi irsinin dəyişdirilməsi və təbii sərvətlərin qanunsuz istismarı halları var. Xüsusən də Zəngilanda və təkcə orada deyil, digər yerlərdə həmin əməliyyatlara, o cümlədən qızıl hasilatına qoşulmuş bir sıra Avropa şirkətləri olmuşdur. Söhbət təkcə qızıldan getmir. Bütün bu hallar üzrə proses artıq gedir. Bilirsiniz ki, həmin proses sürətli deyil, vaxtaparan olur. Biz uğur qazanmaq üçün hər şeyi lazımi qaydada həyata keçiririk”.
Dövlətimizin əlavə edib: “Əlbəttə, əgər beynəlxalq hüquqi təsisatların qərarları siyasiləşdirilməsə, həmin qurumlar müəyyən erməni və avropalı havadarların hər hansı təzyiqinə məruz qalmayıb işlərə obyektiv qaydada baxarsa, onda, əlbəttə ki, işi udacağımıza böyük şans var. Həmçinin dağıdılmış bütün şəhər və kəndlərdə rəsmilərimiz tərəfindən artıq monitorinq aparılıb. Biz hər binanın pasportunu hazırlamışıq. Ermənilərin törətdikləri artıq göz qabağındadır və sənədləşdirilib. Bütün bunlardan hüquqi prosedurlarda tərəfimizdən istifadə ediləcəkdir. Biz onların nə qədər çəkəcəyini bilmirik. Biz bunları əsasən ictimaiyyətə təqdim etmədən edirik. Söhbət hazırda aparılan təfərrüatlı işdən gedir. Əminəm ki, əgər ədalət zəfər çalarsa, biz təcavüzkarları işğal zamanı törətdiklərinə görə cəzalandıracağıq.
Şuşa Azərbaycan mədəniyyətinin dünyaya təqdim edildiyi mühüm mərkəzlərdən biridir