26 noyabr 2022 11:08
552

Prezident İlham Əliyev: Hər kəs Azərbaycanda özünü rahat hiss edir

Hesab edirəm ki, Azərbaycan cəmiyyətinin üstünlüklərindən biri onun çoxmədəniyyətli və çoxmillətli olmasıdır.

“İki sahil” xəbər verir ki,  bu sözləri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda bildirib.

Dövlətimizin başçısı vurğulayıb ki, bu, hər zaman belə olub: “Niyə? Ola bilsin, əsas cavab onunla bağlıdır ki, hər kəs dini və etnik mənşəyindən asılı olmayaraq, burada, Azərbaycanda özünü rahat hiss edir. Fikrimcə, bu, bizim həqiqi mənada üstünlüklərimizdən biridir. Bu, xüsusən də müstəqillik illərinə aiddir. Həmin illər asan olmamışdır. Xüsusən də müstəqilliyin ilk illərində müharibə, işğal, bir milyon qaçqın və köçkün var idi. Dövlətimiz və xalqımız həmvətənlərimiz üçün ümumi olan cəhətləri qoruyub saxladı. Lakin həmin vəziyyət bizi daha qəzəbli və əsəbi etmədi. Bu isə çox vacibdir. Bu, həmçinin cəmiyyətimizin möhkəmlənməsi üçün əhəmiyyətli idi. Azərbaycanda təşkil etdiyimiz tədbirlər, yəni, humanitar forumlar, iki ildən bir keçirdiyimiz Mədəniyyətlərarası Dialoq Forumu kimi beynəlxalq tədbirlər həmin məqsədlərə xidmət edirdi. Yeri gəlmişkən, gələn ilin mayında biz pandemiyadan sonra bu tədbiri bərpa edəcəyik və Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumunu keçirəcəyik. Qonaqlarımızı, vaxtları olarsa, tədbirə dəvət edirəm. Çünki onlar bütün dünyaya real olaraq tolerantlıq ruhunu, mədəniyyətlərarası dialoqu və qarşılıqlı anlaşmanı nümayiş etdirirlər.

2008-ci ildə biz sonradan “Bakı Prosesi” adı almış prosesin təşəbbüskarı kimi çıxış etdik. Həmin vaxt tarixdə ilk dəfə olaraq biz Avropa Şurasının və İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətlərinin mədəniyyət nazirlərini bir araya gətirdik. 100-dən çox ölkə ilk dəfə olaraq toplaşdı. BMT “Bakı Prosesi”ni qəti şəkildə dəstəkləyir. O, mədəniyyətlərarası dialoq üzrə ən mühüm platformalardan biridir. Mən söylədiklərimi əks etdirən bir çox tədbirləri, o cümlədən Zati-müqəddəsləri Roma Papası Fransiskin Azərbaycana səfərini qeyd edə bilərəm. Biz ilk müsəlman dövlətlərindənik ki, o, səfər etdi. O, katolik kilsədə ibadət təşkil etdi. Sonra isə Azərbaycanın dini rəhbərləri ilə görüşmək məqsədilə məscidi ziyarət etdi. Bütün bunlar, həmçinin Azərbaycanın daxilində həmrəylik ruhunu gücləndirir”.