Bizim güclü inamımız və ölkənin inkişafı ilə bağlı burada gördüyümüz işlər, eləcə də cəmiyyətə verdiyimiz mesajlar ondan ibarətdir ki, din dövlətdən ayrı olmalıdır. Azərbaycanda biz hamımız müsəlmanıq. Həmçinin xristianlar, yəhudilər və digər dinlərin nümayəndələri var. Lakin din siyasi həyata müdaxilə etməməlidir. Kimsə siyasi İslam barədə danışanda biz başa düşmürük. Bu, Azərbaycanda adi hal deyil.
“İki sahil” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda bildirib.
Dövlətimizin başçısı fikirlərinin davamında deyib: “Düşünürəm, bizim bu coğrafiyada müstəqil ölkə kimi üstünlüklərimizdən və nailiyyətlərimizdən biri odur ki, biz, eyni zamanda, bütün vətəndaşlarımızın dini hisslərinə tam hörmət etməklə cəmiyyətimizin dünyəvi mahiyyətini gücləndirməyə nail olmuşuq. Məsələn, bizim indi Qarabağda gördüyümüz işlər, sizin qeyd etdiyiniz hava limanları ilə yanaşı, məscidlərin, o cümlədən İran şirkətlərindən biri tərəfindən qanunsuz şəkildə bərpa edilmiş, lakin zədələnmiş Şuşadakı məscidin bərpasından ibarətdir. Bu, böyük qalmaqal idi. Biz o zaman hətta İran səfirini Xarici İşlər Nazirliyimizə dəvət edərək dedik ki, sizin bunu etməyə haqqınız yoxdur, ona toxunmağa haqqınız yoxdur. Sizin hər şeydən əvvəl bizim razılığımız olmadan Azərbaycanın bir hissəsi olan Şuşaya səfər etməyə belə haqqınız yoxdur. Bu, Qarabağ və Zəngəzurda 67 məsciddən 65-ni dağıtmış ermənilərlə həmrəylik nümayişi idi. Onlar Ağdamda bir məscidi, – siz onu görəcəksiniz, - inək və donuzlar üçün tövlə kimi, minarəni isə Azərbaycan qoşunlarını görmək üçün müşahidə məntəqəsi kimi istifadə edirdilər. Şuşadakı məscid ermənilərin saxta tolerantlığını nümayiş etdirmək üçün guya yenidən qurulmuşdu və onlar onu fars məscidi adlandırmışdılar. Birincisi, məscidlərin milliyyəti olmur. Fars və ya başqa ad verə bilməzsiniz. Bu, bizim tariximizin bir hissəsidir və bizim heç birimiz bunu unutmamışıq. Ona görə də, qeyd etdiyim kimi, din siyasi həyatdan ayrı olmalıdır, bizim modelimiz budur. Bu modelin uğurlu olduğu sübut edilib. Siz sualınızda təsvir etdiklərinizin heç biri Azərbaycanda yoxdur. Azərbaycanda müsəlmanların dininin hansı təriqətinə aid olmalarından - şiə və sünni olmalarından asılı olmayaraq müsəlmanlar arasında tam birlik var. Bizdə məsciddə vəhdət namazı qılınması ilə bağlı nadir təcrübə var ki, sünnilər və şiələr birlikdə ibadət edirlər. Əgər onların hamısı azərbaycanlıdırsa, biz onları necə ayıra bilərik. Eyni qan, eyni etnik mənsubiyyət. Bu, bəlkə də Azərbaycanda verilən ən son sualdır. Siz bizim ölkəmizi çox yaxşı tanıyırsınız. Biz hamımız müsəlmanıq və aramızda heç bir bölgü yoxdur. Müsəlman dünyasını parçalamaq istəyənlər bütün müsəlmanlara böyük ziyan vururlar. Müsəlman dünyası birləşmiş olmalıdır. Biz nə edirik? Biz öz səylərimiz, təşəbbüslərimiz, bəyanatlarımız və siyasətimizlə buna töhfə veririk. Bu səbəbdən düşünürəm ki, bugünkü dünyada ənənəvi müttəfiqliklər genişləndirilə bilər. Məsələn, biz artıq Türkiyə-Azərbaycan əməkdaşlıq formatını müzakirə etdik. Türkiyə-Azərbaycan əməkdaşlıq formatının üstünlüklərindən biri odur ki, biz birgə fəaliyyət qurmuşuq. Məsələn, Azərbaycanın daha yaxşı əlaqələrinin və ya Türkiyənin daha yaxşı əlaqələrinin olduğu ölkələr də əlavə potensial yaradır. Bilirsiniz ki, Azərbaycan Türkiyə və İsrail arasında münasibətlərin normallaşmasında rol oynayıb. Biz, həmçinin Türkiyə ilə bəzi ərəb ölkələri arasında münasibətlərin normallaşmasında rol oynamışıq. Biz bunu borcumuzun bir hissəsi hesab edirik. Çünki əgər belə əlaqələrimiz varsa, biz dostlarımızın öz aralarında dost olmağını istəyirik. Bu, həqiqətən də təhlükəsizliyi, sabitliyi gücləndirmək və iqtisadi faydaları artırmaq üçün əlavə imkanlar yaradır. Düşünürəm ki, indi Avrasiya regionunun daha böyük hissəsində siyasi əməkdaşlıq formatları konfiqurasiyasının müsbət məcrada getdiyini görürük”
Şuşa Azərbaycan mədəniyyətinin dünyaya təqdim edildiyi mühüm mərkəzlərdən biridir