26 noyabr 2022 11:57
358

Şuşadakı məscid ermənilərin saxta tolerantlığını nümayiş etdirmək üçün guya yenidən qurulmuşdu və onlar onu fars məscidi adlandırmışdılar

Bizim indi Qarabağda gördüyümüz işlər, sizin qeyd etdiyiniz hava limanları ilə yanaşı, məscidlərin, o cümlədən İran şirkətlərindən biri tərəfindən qanunsuz şəkildə bərpa edilmiş, lakin zədələnmiş Şuşadakı məscidin bərpasından ibarətdir. Bu, böyük qalmaqal idi. Biz o zaman hətta İran səfirini Xarici İşlər Nazirliyimizə dəvət edərək dedik ki, sizin bunu etməyə haqqınız yoxdur, ona toxunmağa haqqınız yoxdur. Sizin hər şeydən əvvəl bizim razılığımız olmadan Azərbaycanın bir hissəsi olan Şuşaya səfər etməyə belə haqqınız yoxdur.

 “İki sahil” xəbər verir ki,  bu sözləri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda bildirib.

Dövlətimizin başçısı vurğulayıb ki, bu, Qarabağ və Zəngəzurda 67 məsciddən 65-ni dağıtmış ermənilərlə həmrəylik nümayişi idi: “Onlar Ağdamda bir məscidi, – siz onu görəcəksiniz, - inək və donuzlar üçün tövlə kimi, minarəni isə Azərbaycan qoşunlarını görmək üçün müşahidə məntəqəsi kimi istifadə edirdilər. Şuşadakı məscid ermənilərin saxta tolerantlığını nümayiş etdirmək üçün guya yenidən qurulmuşdu və onlar onu fars məscidi adlandırmışdılar. Birincisi, məscidlərin milliyyəti olmur. Fars və ya başqa ad verə bilməzsiniz. Bu, bizim tariximizin bir hissəsidir və bizim heç birimiz bunu unutmamışıq”.