30 noyabr 2022 13:48
490

Laçınlılar yaxın müddətdə öz yurd-yuvalarına dönəcəklər

Ümumi sahəsi 1835 kvadrat kilometr olan Laçın rayonu 1930-cu ildə inzibati ərazi vahidi statusu alıb və 1 şəhər, 1 qəsəbə, 125 kənddən ibarətdir. Rayon şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. İşğala qədər Laçında 72 min hektar yaylaq sahəsi və 34 min hektar zəngin meşə massivi mövcud olmuşdur.

18 may 1992-ci ildə işğal olunan Laçın rayonunda 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə erməni vandalizminə məruz qalıb.  İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalmış, 300-dən artıq hərbi və mülki şəxs həlak olmuş və itkin düşmüşdür. Rayonun əhalisi 79.1 min nəfər olmaqla respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşmışdır. 

İşğal etdikləri digər ərazilərimizdə olduğu kimi Laçın rayonunda da rəsmi İrəvanın hərbi cinayətləri sərhəd tanımamışdır. Ermənistan işğalçı tərəf olaraq Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adları dəyişdirmiş, rayonun təbii resurslarının talan edərək qazanc mənbəyinə çevrilmişdir. Məqsədyönlü məskunlaşma siyasəti aparan Ermənistan əsasən, Suriyadan olan erməni əsilli qaçqınları Laçın ərazisində yerləşdirməklə demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər ilə məşğul olmuşdur.

27 sentyabr 2020-ci ildə başlanan və cəmi 44 gün davam edən Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm Zəfər nəticəsində Ermənistan kapitulyasiya aktına imza atmaq məcburiyyətində qaldı və imzalanmış Üçtərəfli Bəyanata əsasən 3 rayon Azərbaycana qaytarıldı ki, həmin rayonlardan biri də Laçın rayonu oldu. Hərbi əməliyyatlar zamanı Güləbürd, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmiş Laçın rayonu 1 dekabr 2020-ci il tarixdə Azərbaycana təhvil verildi. Cari ilin 26 avqust tarixində isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. 

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8397 hərbi qulluqçusu Müzəffər Ali Baş Komandan, Prezident cənab  İlham Əliyevin sərəncamları ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Laçın azadlığa qovuşduqdan sonra Prezident cənab İlham Əliyev 4 dəfə rayona səfər etmişdir. 14 fevral 2021-ci idə Laçına ilk səfəri zamanı ölkə başçısı Güləbird kəndində Azərbaycan bayrağını ucaltmış və su elektrik stansiyasının açılış mərasimində iştirak etmişdir.  16 avqust 2021-ci il tarixdə Prezident cənab İlham Əliyev Laçın rayonuna ikinci dəfə səfər etmiş və rayonunun Qorçu kəndinin ərazisində Laçın Beynəlxalq Hava Limanının təməlini qoymuşdur. Ölkə başçısının üçüncü səfəri isə cari ilin 26 iyun tarixində baş tutmuş və Prezident cənab İlham Əliyev Kəlbəcər-Laçın avtomobil yolunun inşası prosesi, “Qorçu” elektrik yarımstansiyasında görülən işlərlə, “Həkəriçay” su anbarı layihəsi ilə, həmçinin Laçın Beynəlxalq Hava Limanında aparılan tikinti işləri ilə tanış olmuşdur. Dördüncü səfər isə bu il sentyabr ayının 21-də  reallaşmışdır. Səfər zamanı Prezident cənab İlham Əliyev Kəlbəcər-Laçın avtomobil yolunda yeni inşa edilən tunellə tanış olmuş, Laçın şəhərində Azərbaycan Bayrağının ucaltmış və Laçın şəhərində inşa ediləcək “Laçın” qovşaq yarımstansiyasının təməlqoyma mərasimində iştirak etmişdir.

Laçın rayonunda aparılan bərpa-quruculuq işləri  və ölkə başçısının işğaldan azad edilmiş digər ərazilər kimi Laçına olan xüsusi diqqət-qayğısı əminliklə deməyə əsas verir ki, 30 il torpaq həsrəti ilə yaşayan laçınlılar yaxın müddətdə öz yurd-yuvalarına dönəcəklər.

Əlişah Rəcəbov,
YAP Ağdaş rayon təşkilatının sədri