30 noyabr 2022 14:09
324

Laçın rayonunun işğaldan  azad edilməsindən 2 il ötür

Azərbaycanın Rəşadətli Ordusu cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qələbə qazanmaqla erməni faşist və terrorçularını Qarabağ torpağından qovaraq çıxardı və torpaqlarımızı işğaldan azad etdi. Döyüş meydanında əldə etdiyimiz uğurlar bizim siyasi uğurlarımız üçün zəmin yaratdı. Üçtərəfli bəyanatla əldə edilmiş razılığa əsasən bizim digər 3 rayonumuz Ağdam, Kəlbəcər və Laçın bir güllə belə atılmadan, qan tökülmədən  Azərbaycana təhvil verildi.  Sonuncu olaraq dekabrın 1-də Laçın işğaldan tam olaraq azad edildi. Beləliklə, Laçının 28 ilik işğalına 2020-ci il dekabrın 1-də son qoyuldu. Bununla da bu proses yekunlaşdı. Ağdam və Kəlbəcərdə olduğu kimi, qeyri-qanuni yaşadıqları əraziləri - Azərbaycan torpaqlarını tərk edən ermənilər Laçından da təhlükəsiz şəkildə, atəşə məruz qalmadan rahatlıqla bütün əşyalarını götürüblər. Azərbaycan Ordusu onlara ərazini tərk etmək üçün bütün şəraiti yaradıb. Bunun müqabilində isə, Laçından çıxan ermənilər qaldıqları evləri yandırıb, vandallıq edib, meşələrə od vuraraq, suları çirkləndirərək ekoloji fəlakət törədiblər. Qürur hissi ilə demək lazımdır ki, iyirmi səkkiz illik erməni işğalından azad olunan Laçın rayonunda yenidən üçrəngli şanlı Azərbaycan Bayrağı dalğalanır. Azərbaycanın ən böyük rayonlarından biri olan Laçının şəhid verilmədən erməni işğalından azad edilməsi ölkəmizin ictimai-siyasi həyatında möhtəşəm və parlaq tarixi hadisəyə çevrilib.

İki il qısa zaman kəsiyi olmasına baxmayaraq cənab Prezidentin tapşırıqlarına əsasən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazilərində quruculuq-abadlıq işləri sürətlə davam etdirilməkdədir. Bu müddət ərzində işğaldan azad olunmuş ərazilərin kommunikasiya sistemi - elektriklə təchizatı məsələsi öz həllini tapıb. Burada yarımstansiyalar, SES-lər bərpa olunub və ya yeniləri qurulub. Yol infrastrukturu yenidən və sıfırdan qurularaq təmir-bərpa işləri həyata keçirilir. Ən sevindirici hal ondan ibarətdir ki, Zəfər yolu artıq istifadəyə verilib. Bununla yanaşı dəmir yolları yenidən qurulur, tunellər çəkilir. Mürəkkəb relyef olmasına baxmayaraq bu işlər peşəkarlıqla həyata keçirilir. Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin işğaldan azad edilmiş Laçına ilk səfəri 14 fevral 2021-ci ildə reallaşdı. Ölkə prezidenti Laçın rayonunun cənubunda, Güləbird kəndində Su Elektrik Stansiyasının açılışında iştirak etdi. O, qeyd etdi ki, Laçın rayonunun işğaldan azad olunmasından heç iki ay keçməmiş artıq burada Su Elektrik Stansiyası istismara verilir.  Cənab İlham Əliyev əlavə etdi ki, bu azad edilmiş torpaqlarda istismara verilən birinci elektrik stansiyasıdır və bunun çox mühüm əhəmiyyəti, böyük rəmzi mənası var. 2021-ci il avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın rayonlarında səfərdə oldular. Ölkə prezidenti qeyd etdi ki, Laçın rayonunda beynəlxalq hava limanının, iki tunelin təməli qoyulmuşdur. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Laçın rayonuna növbəti səfəri 26 iyun 2022-ci ildə baş tutdu. Ölkə başçısı Laçın rayonunun Qorçu kəndində dəniz səviyyəsindən 1800 metr yüksəklikdə 110/35/10 kilovoltluq rəqəmsal yarımstansiyanın tikintisi vəziyyəti ilə yerində tanış oldu. Ölkə başçımızın 21 sentyabr 2022-ci il tarixində Laçına daha bir səfər gerçəkləşdirdi ki, bu səfər də yaddaqalan hadisələrlə zəngin oldu. Cənab İlham Əliyev bildirdi ki, Laçın şəhərinin azad edilməsi həmişə tarixdə qalacaqdır. Laçın tarixi keçmişi zəngin olan bir ərazidir. Laçın abidələri dəyərli və nadir abidələrdəndir. Səthi dağlıq olan Laçının ən hündür nöqtəsi Qızılboğaz dağı, çayları isə Həkəri və onun qollarıdır. Bu gün azad Laçın əsil tikinti meydanşçasını xatırladır. Çox qısa zamanda istifadəyə verilən generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası, 72,8 kilometr uzunluğunda Kəlbəcər-Laçın yolu, 2025-ci ildə istifadəyə verilməsi nəzərdə tutulan Laçın Beynəlxalq Hava Limanının təməlinin qoyulması, “Qorçu” elektrik yarımstansiyasının və “Həkəriçay” su anbarının inşası bunun əyani sübutudur. Tezliklə Laçın öz doğma vətəndaşlarını qəbul edəcək abad diyara çevriləcəkdir. Rayonun böyük turizm potensialı da var. Gələcəkdə bu yerləri turizm zonasına çevirmək olar. Bununla yanaşı Laçın təbii ehtiyatları ilə də zəngindir. Rayonda çoxlu mineral sular, kobalt, uran, civə, qızıl, dəmir, müxtəlif rəngli mərmər yataqları var. Bütün bunlar gələcəkdə Azərbaycan iqtisadiyyatına böyük fayda verəcəkdir. Biz inanırıq ki, Laçının işğaldan azad olunması ilə ölkəmizin bu gözəl guşəsində yenidən həyat canlanacaq, insanlar öz yurdlarına qayıdacaq və böyük quruculuq işləri həyata keçiriləcəklər.

Ayaz Cəbrayılov, 
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri