30 noyabr 2022 18:25
363

NATO ölkələri Pekindən asılılığı azaltmağa qərar verib

Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) üzvü olan ölkələr Pekindən və digər “avtoritar rejimlərdən” asılılığını azaltmağa qərar veriblər.

"İki sahil" TASS-a istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq NATO ölkələrinin xarici işlər nazirlərinin Buxarestdə keçirilən görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.

Stoltenberqin sözlərinə görə, nazirlər Çinin “iddialı hərbi inkişafını, texnoloji sıçrayışını, artan hibrid və kiber fəaliyyətini” nəzərdən keçiriblər.

NATO-nun baş katibi qeyd edib ki, Ukrayna böhranı təchizat zəncirləri, texnologiyalar və infrastruktur baxımından alyansın avtoritar rejimlərdən, ən azı Çindən asılılığının yenidən qiymətləndirilməsinə gətirib çıxarmalıdır.

"Biz Çinlə ticarət və iqtisadi əlaqələri davam etdirəcəyik, lakin biz həm də asılılığımızdan xəbərdar olmalıyıq, zəifliklərimizi azaltmalı və riskləri idarə etməliyik", - deyə Stoltenberq qeyd edib.

Bundan əvvəl Yens Stoltenberq Ukraynadakı münaqişə fonunda Moldovanı dəstəkləməyə hazır olduğunu bəyan edib. O vurğulayıb ki, bu dəstək NATO müttəfiqləri və Avropa İttifaqı tərəfindən də var.