01 dekabr 2022 16:59
357

Türk Dünyası Qiymətləndirmə Mütəxəssisləri Birliyi yaradılacaq

"Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" (AQC) İctimai Birliyinin sədri Vüqar Oruc Türkiyənin Qiymətləndirmə Mütəxəssisləri Birliyinin rəhbəri Yaşar Bahçeci ilə görüşərək onunla Türk Dünyası Qiymətləndirmə Mütəxəssisləri Birliyinin yaradılması barədə razılıq əldə edib.

"İki sahil" bu barədə AQC-yə istinadən xəbər verir.

Məlumata görə, görüş qardaş ölkədə baş tutub. AQC-nin fəaliyyəti barədə türkiyəli həmkarına məlumat verən V.Oruc bildirib ki, təmsil etdiyi qurum Azərbaycanın ticari assosiativ struktura malik ilk kollektiv ictimai birliklərindən biridir, 1999-cu ildən fəaliyyət göstərir. Bu ilin may ayında keçirilən konfransdan sonra cəmiyyətin fəaliyyətində ciddi dönüş yarandığını vurğulayan sədr əlavə edib ki, qurum beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verir. O qeyd edib ki, Azərbaycanla Türkiyə arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub və AQC Türkiyə Qiymətləndirmə Mütəxəssisləri Birliyi ilə fəal əməkdaşlıq etmək istəyir.

Azərbaycanlı həmkarı ilə görüşdən məmnun olduğunu ifadə edən Y.Bahçeci gələcək əməkdaşlığın perspektivlərindən bəhs edib. O qeyd edib ki, Azərbaycan və Türkiyə qiymətləndiriciləri arasında əməkdaşlıq gücləndirilməlidir: “Məlumdur ki, son vaxtlar Azərbaycanla Türkiyə arasında münasibətlər ən yüksək səviyyəyə çatıb. Müxtəlif sahələrdə əməkdaşlıq müqavilələri imzalanır".

Görüşdə AQC və Türkiyə Qiymətləndirmə Mütəxəssisləri Birliyi arasında əməkdaşlıq memorandumu imzalanıb. Razılaşmaya əsasən, iki ölkə qiymətləndirmə sertifikatlarının qarşılıqlı tanınmasını, bərabər layihələrin icra edilməsini qərara alıb. Daha bir mühüm məqam isə Türk Dünyası Qiymətləndirmə Mütəxəssisləri Birliyinin ərsəyə gətirilməsi ilə bağlıdır. Qiymətləndirmə sahəsində Türk dövlətlərinin inteqrasiyasını təmin etmək məqsədilə Azərbaycan və Türkiyə hökumətlərinə müraciət edilməsi barədə tərəflər razılığa gəliblər. Yeni yaranacaq birliyə Orta Asiyadakı türk dövlətləri və Şimali Kipr Türk Cumhuriyyətinin də qoşulmalarını təmin etmək üçün birlikdə fəaliyyət göstərilməsi razılaşdırılıb.