03 dekabr 2022 13:36
544

"Hüseyn Cavid" gəmisi təmirdən sonra ilk səfərini Bekdaş limanına edib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına aid “Hüseyn Cavid” universal quru yük gəmisinin əsaslı təmiri yekunlaşıb.

“İki sahil” xəbər verir ki, ​bu barədə ASCO məlumat yayıb.

“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda gəminin baş və köməkçi mühərrikləri, mexanizmləri (nasosları) təmir olunub. Eyni zamanda, gəmidə boru quraşdırma, elektrik quraşdırma, radionaviqasiya, avtomatika və gövdə qaynaq işləri görülüb.

Bundan başqa, gəminin sualtı və suüstü hissələri abraziv qumla tam təmizlənərək rənglənib, yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində təmir olunub.

Təmir başa çatdıqdan sonra gəmi müvafiq yoxlanışdan uğurla keçib və yenidən istismara qaytarılıb.

Təmirdən sonra karbamid yükü ilə dolu gəminin ilk səfəri Türkmənistanın Bekdaş limanına olub.

Qeyd edək ki, “Hüseyn Cavid” gəmisinin uzunluğu 108,33 metr, eni 16,74 metr olan üzən vasitə 5 200 ton yükgötürmə qabiliyyətinə malikdir.