Görünənləri «görməyən» «qırmızı ulduzlulara» «əlvida!» deyək?!
Son günlərdə Ermənistanın Azərbaycan sərhədlərində təxribatlarının artması, Rusiya Federasiyası Müdafiə Nazirliyinin Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş hərbi kontingenti hərbçilərinin öz misssiyalarından kənar işlərlə məşğul olmaları vəziyyəti daha da gərginləşdirir. Guya bölgədə təhlükəsizliyə nəzarət etməli olan qərəzli məramlıların «karlığı», «korluğu» bölgədə gərginliyi daha da artırıb. Artıq dəfn edilmiş Minsk qrupunun həmsədri kimi həmişə Ermənistanı diplomatik qaydada dəstəkləyən, hazırda separatçılara havadarlığını hərbi qaydada davam etdirən Rusiyanın «sülhməramlı»ları Ermənistandan, İrandan, Fransadan separatçılara göndərilən silah-sursatların Xankəndiyə sərbəst çatdırılması üçün «açıq qapı» siyasəti yeridirlər. Həmin silahlar isə meşələrdə çaqqal kimi gizlənən erməni quldurlarına çatdırılır.
Bu günlərdə Azərbaycanın təbii sərvətlərinin xarici şirkətlər tərəfindən qanunsuz yolla daşınması, talanması ilə bağlı Laçın yolunda yaranan gərginlik Rusiya « sülhməramlı» kontingentinin hansı işlərlə məşğul olduğunu göstərdi. Sarıbaba yüksəkliyində külli miqdarda yerləşdirilən minaları «görməyən», sülhdən başqa hər cür qaranlıq işlərlə məşğul olan sülhdən xəbərsizlərin artıq haqq-hesab verməklərinin zamanı yetişib. Məsələ ilə bağlı Azərbaycanın rəsmi orqanlarını təmsil edən nümayəndələrlə Rusiya sülhməramlı kontingentinin başçısı, general-mayor Andrey Volkovla görüşlərində qaranlıq mətləblərə aydınlıq gətirildi. Azərbaycanı təmsil edən nümayəndə heyətinin haqlı tələblərinin qarşısında qeyri-qanuni əməllərinə haqq qazandırmaq üçün söz tapa bilməyən kontingentin başçısı müxtəlif bəhanələrlə suallardan yayınmağa çalışsa da rusiyalı generalın vəziyyətdən çıxmaq şansı qalmadı. Azərbaycanın təbii sərvətlərini illərdən bəri daşıyan xarici dövlətlərə məxsus firmaların bu gün də ekologiyamıza vurduğu zərərlərdən «xəbərsiz olan», gecə-gündüz qiymətli resurslarımızı daşıyan çoxtonnajlı, iri tutumlu yük maşınlarının səslərini «eşitməyən» Volkov hələ də bu talançılığın müstəqil Azərbaycanın daxili işlərinə müdaxilə olduğunu dərk etmir. Laçın yolunda rus əsgərlərinin nəzarətində olan keçid məntəqəsində ermənilərə « yaşıl işıq» yandıran, separatçılar üçün daşınan silahların yoxlanılmadan Xankəndiyə daxil olmasına icazə verən «qırmızı ulduzlu papaqlılar» azərbaycanlılara məxsus maşınları dəlik –deşik edir, hər şeyə lupa ilə baxırlar.
Rusiyalı hərbçilərin dırnaqarası nəzarət etdiyi ərazilərdən 14 iranlının qeyri-qanuni yolla Xankəndiyə keçməsi isə «sülhməramlı»ların əsl missiyalarının bir daha nəzərdən keçirilməsi zərurətini yaradır.
«Persiyan»ların daşnak «yanlarla» yaxınlığını yaxşı bilən «rusiyanlar» bu gəlişi təbii qarşıladılar. 14 iranlı terrorçunu «inşaatçı» adı ilə təqdim etməsinə baxmayaraq Volkovun « məsələni aydınlaşdıracağıq» deməsi çox qaranlıq mətləblərə aydınlıq gətirdi. Sərhədlərimizi qanunsuz keçən iranlılarla bağlı ölkəmizin sorğusunu cavablandırmayan rəsmi Tehranın ölkəmizdəki səfiri üçün bu cür sərhəd pozuntuları adi hal olsa da milli müstəqilliyimizi qanı , canı ilə qoruyan sərhədçilərimizin, hüquq-mühafizə orqanları əməkdaşlarının təxribatçılara qarşı mübarizəsi ciddidir. Saqqallı iranlılarla bağlı sualların araşdırılacağını bildirən Volkovun «biz bu məsələ ilə bağlı təhqiqat aparırıq, araşdırırıq ki, bu vətəndaşlar hansı yolla sərhədləri keçiblər”» deməsi gülüncdür. Belə yerdə deyirlər ki, tovariş Volkov, sən kənarda dayan, biz iranlıların hansı yolla sərhədlərimizi pozduğunu sənə də izah edək. Guya iranlıların Xankəndiyə gəlişindən xəbərsiz olduğunu bildirən rus generalının 14 nəfər iranlını «inşaatçı» kimi təqdim etməsi, onların «iki gündən sonra buradan çıxarılıblar» əlavəsi izaha ehtiyacı olmayan aksiomadır. Görəsən iranlıların Xankəndiyə gəlişindən «xəbərsiz» Volkov onların inşaatçı oluğunu haradan bilir? Açıq qalan ikinci sual da Xankəndidə necə möhtəşəm tikinti aparılır ki, qırılmış ermənilərin əlavə işçi qüvvəsinə ehtiyacı yaransın. Bütün dünya erməniləri dağıdıcı vandallar kimi tanıyır. Ermənilərin inşaatçılara deyil, xarabaya çevirdikləri ərazilərdə ulamağa özləri kimi bayquşlar lazımdır. «Dimdiyindən tələyə düşən quş» misalı vəziyyəti yaradan Vokov çox gözəl bilir ki, Azərbaycanın sərhədləri toxunulmaz, ölkəmizə qeyri-qanuni daxil olmalar qəti qadağandır. Absurd situasiya yaranır və artıq dediyimiz kimi, general Volkovun cavabları yeni suallar ortaya çıxarır. Xankəndidə yaşayan ermənilərin işsiz qalıb süləndikləri indiki vaxtda İrandan «inşaatçıların» gəlməsi nə dərəcədə inandırıcıdır. Nəhayət, dekabrın 13- dək Xankəndidə qalmaqları planlaşdırılan bu adamlar «adi mülki şəxslər”dirsə» niyə bəs Azərbaycanın tələbindən sonra dərhal ərazidən çıxarılıb? Bizdə olan məlumata görə, noyabrın 24-də Xankəndinə buraxılan 14 nəfər İran vətəndaşı dekabrın 13-nə qədər orada qalmalı idilər.
Göründüyü kimi, cavablarını gözləyən suallar çoxdur. Məntiqin açıqlaması isə budur: Rusiyalı «sülhməramlı»lar ya öz missiyalarını anlamırlar, ya da erməni konyakından o qədər içiblər ki, hələ də vəzifə səlahiyyətlərinin nədən ibarət olduğunu unudublar. İşlər bu cür davam edərsə İvan Krılovun təmsilinin personajları olan «Dəcəl meymun, çolaq ayı, çəp keçi» ilə müqayisə olunan Rusiyanın, İranın, Fransanın əmrlərini gözləyən Ermənistana havadarlıq edən «sülhməramlılar» da erməni quldurları ilə birgə Azərbaycanın həyata keçirəcəyi antiterror əməliyyatları ilə üzləşməli olacaqlar. Yaxud «Ay ağalar, yol göründü gözümə» deyərək ölkəmizi tərk etməlidirlər.
Xuraman İsmayılqızı, «İki sahil»