07 dekabr 2022 01:57
567

Neft-qaz gəlirləri artıb: Həm Neft Fondu, həm də vergilər üzrə

Dövlət Neft Fondu cari ilin yanvar-noyabr ayları “Azəri-Çıraq-Günəşli” yatağından 9 milyard 161 milyon ABŞ dolları gəlir əldə edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 milyard 889 milyon manat  və ya 73,8 faiz çoxdur. Ötən ilin 11 ayı üzrə bu göstərici 5 milyard  272 milyon ABŞ dolları idi.

Neft ixracından gəlirlərin artması qiymətin artması ilə bağlıdır. Belə ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-oktyabr aylarında xam neft ixracının dəyəri 53,1 faiz artıb. Hərçənd ki, bu dövrdə neft ixracında azalma olub. Belə ki, cari ilin yanvar-oktyabr aylarında  22  milyon 682 min 798 ton xam neft ixrac edilib ki, bu da ötən ilin dövrünə nisbətən 4,7 faiz azdır. 

Dövlət Neft Fonduna 11 ayda “Şahdəniz” yatağından isə  1 milyard 357 milyon dollar gəlir daxil olub. Bu məbləğin 1 milyard 28 milyon 433 mini təbii qazın, 328 milyon 567 min ABŞ dolları isə kondensat satışının payına düşüb.

“Şahdəniz” yatağından əldə olunan gəlir “Azəri-Çıraq-Günəşli”dən az olsa da ötən illə müqayisədə xeyli yüksəkdir. Belə ki, ötən ilin yanvar-noyabr aylarında mənbədən 730 milyon 707 min dollar (452 milyon 529 min dollar təbii qaz, 278 milyon 178 min dollar kondensat) gəlir əldə edilmişdi. Bununla da ötən ilin 11 ayı ilə müqayisədə cari ilin eyni dövründə təbii qazın ixracından əldə edilən gəlir 2,3 dəfə, kondensat satışından isə 18,1 faiz artıb. Göründüyü kimi, təbii qaz ixracından Fonda daxilolmaların artım tempi neft ixracını da üstələyib.

Lakin ölkədən qaz ixracının artımı daha böyükdür. Belə ki, cari ilin 10 ayında təbii qaz ixracının dəyəri 14 milyard 653 milyon 419 min dollar olub ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 5 dəfə çoxdur. Ötən ilin 10 ayında ixracın dəyərinin 17,52 faizini təbii qaz təşkil etmişdisə, bu il sözügedən göstərici 42,21 faiz olub. Həcmi isə 18 milyard 379 milyon 849 min kubmetr təşkil edib. Bu da ötən ilin 10 ayının göstəricisi ilə müqayisədə 23,1 faiz çoxdur.

Neft-qaz ixracından əldə olunan gəlirlərin artması dövlət büdcəsinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalara da təsir göstərib. Belə ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 13 milyard 998 milyon 858,7 min manat vergi daxil olub ki, bunun da 6 milyard 960 milyon 647,2 mini neft-qaz sektorunun payına düşüb. Cari ilin 10 ayında neft-qaz sektorundan daxil olmuş vergilərin məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5 dəfə artıb. Ümumilikdə isə Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə daxilolmuş vəsait 90,1 faiz və ya 6 milyard 636 milyon 458,7 min manat artıb.  Bunun da 4 milyard 979 milyon 847,2 min manatı və ya 75 faizi neft-qaz sektoruna aid olub.

Qeyd edək ki, cari ilin yanvar-oktyabr aylarında qeyri-neft-qaz sektorundan vergi daxilolmaları isə 7 milyard 38 milyon 211,5 min manat olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 30,8 faiz və ya 1,6 milyard manat çoxdur.

Ceyhun Piriyev, “İki sahil”