07 dekabr 2022 01:15
537

Azərbaycan-Türkiyə: Tək ordu, tək güc, tək yumruq…

Bu gün Azərbaycan-Türkiyə qardaşlıq, dostluq və sıx əməkdaşlıq münasibətləri ən yüksək səviyyədə olmaqla bərabər, özünün ən qürurverici anlarını yaşayır. Son illərdə iki xalqın daha da yaxınlaşmasının, ölkələrimiz arasında münasibətlərin müttəfiqlik səviyyəsinə çatmasının təməlində Prezident İlham Əliyevin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın xüsusi səyləri, səmimi dostluğu və bir-birilərinə olan etibarı dayanır. Azərbaycanla Türkiyə arasında həm hərbi, həm də digər sahələrdə əməkdaşlığın yüksək sürətlə inkişaf etməsində Şuşa Bəyannaməsinin rolu xüsusi vurğulanmalıdır.

Prezident İlham Əliyev Türkiyənin milli bayramı-Respublika Günü münasibətilə Prezident Rəcəb Tayyib Ərdoğana ünvanladığı təbrik məktubunda Şuşa Bəyannaməsinin önəminə toxunub və Bəyannamənin Bakı-Ankara münasibətlərinin inkişafındakı rolunu xüsusi vurğulayıb: “Şuşa Bəyannaməsi ilə müttəfiqlik zirvəsinə ucalmış əlaqələrimizin həyatın bütün sahələrində, istər siyasət, iqtisadiyyat, enerji, nəqliyyat, mədəniyyət, təhsil, hərbi və digər sahələrdə özünü göstərməsi bizi çox sevindirir. Əminəm ki, “Bir millət, iki dövlət” şüarını rəhbər tutan ölkələrimiz arasında müttəfiqlik münasibətləri birgə səylərimizlə bundan sonra da yüksələn xətlə və uğurla inkişaf etməyə davam edəcəkdir...”

 Qardaş Türkiyə Azərbaycana İkinci Qarabağ müharibəsinin ilk günlərindən siyasi və mənəvi dəstək göstərən ölkə oldu. İkinci Qarabağ müharibəsinin ilk günündən, ilk saatlarından Prezident Rəcəb Tayyib Ərdoğan bəyanatla çıxış etdi və sonra dəfələrlə Azərbaycanı dəstəkləyən bəyanatlar verdi. Hazırda Qarabağın və Şərqi Zəngəzurun bərpası işində ən başlıca rolu Türkiyə şirkətləri oynayır. Türkiyənin Vətən müharibəsi dövründə və ondan sonra verdiyi siyasi dəstək, həmçinin Ankaranın Qarabağın inşasına xüsusi diqqət ayırması iki xalqın dostluğunun daha da möhkəmlənməsinə böyük töhfə verir.

Bu gün iki qardaş ölkə liderlərinin dostluğu, Silahlı Qüvvələrimizin hərbi əməkdaşlığı Cənubi Qafqazla, xüsusilə Azərbaycanla bağlı bəd planları olanların qarşısını kəsir. Ankara-Bakı münasibətlərini müttəfiqlik səviyyəsinə çatdıran Şuşa Bəyannaməsi xüsusilə ölkələrimizin orduları arasında əlaqələrin yeni mərhələyə qədəm qoymasına böyük töhfə verir. İki ölkənin ordusu tez-tez birgə təlimlər keçirir, ümumilikdə Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması, komando birliklərinin döyüş qabiliyyətinin artırılması üçün mühüm işlər görülür.

 İki ölkə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən dekabrın 5-də Azərbaycan-Türkiyə hərbçilərinin iştirakı ilə “Qardaş yumruğu” birgə təliminin başlanması bunun əyani təsdiqidir. Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən, Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edən təlimlərlə İran da daxil olmaqla ölkəmizə qarşı düşmən mövqe sərgiləyənlərə verilən mesajdır. Doğrudan da təlimlərdə bütün Silahlı Qüvvələrimizin, xüsusən də Hərbi Hava Qüvvələrinin mühəndis Qoşunlarının, Raket Artilleriya Qüvvələrinin, Xüsusi Təyinatlılarının iştirak etməsi və Türkiyə Silahlı Qüvvələri ilə birgə icra edilən tapşırıqlar Azərbaycanın yalnız olmadığını bir daha bütün dünyaya göstərdi. Ekspertlər qeyd edirlər ki, bu cür təlimlərin hərbi və siyasi məqsədləri olur. Belə ki, əgər hərbi əməliyyatlar qonşu dövlətlərin sərhəd bölgələrinə yaxın və üstəlik digər bir ölkənin silahlı qüvvələrinin iştirakı ilə keçirilirsə bu, daha böyük əhəmiyyət kəsb edir.

Birgə hərbi təlimin iştirakçılarına müraciət edən qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, çətin hava şəraitində keçirilən təlimlər Azərbaycan və Türkiyə hərbçilərini daha da gücləndirəcək: “İnanıram ki, sizlər dostlara güc, düşmənlərə qorxu verdiniz”.

Birgə təlimləri izləyən Türkiyənin milli müdafiə naziri Hulusi Akar da öz növbəsində bildirib ki, bu təlimlər Türkiyə ilə Azərbaycanın gücünü və qətiyyətini açıq şəkildə göstərdi: “Azərbaycana təhdid haradan gəlir-gəlsin, tək Ordu, tək güc və tək yumruq olarıq!

Nəhayət, Azərbaycan-Türkiyə birliyi bütün dünyaya, dosta da, düşmənə də bir daha göstərdi ki, ölkəmizlə hədə dilində danışmaq mümkün deyil. Bizə görə hər kəs “Qardaş yumruğu”ndan öz payını almış oldu…

Zahid Rza, “İki sahil”