Ermənistanın son ümid yeri kimi baxdığı və artıq dəfn edilmiş ATƏT-in Minsk qrupunu diriltmək cəhdləri iflasa uğrayıb. Belə ki, nəhayət, Rusiyadan sonra ABŞ da belə bir qurumun mövcud olmadığını bildirdi. Yəni, ABŞ Dövlət Departamenti yeni reallığı nəzərə alaraq Cənubi Qafqaz danışıqları üzrə xüsusi elçi təyin etdi. Məlumdur ki, ermənilər son 30 ilə yaxın bir vaxtda bu təşkilata güvənərək BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsini heçə sayırdılar. Eyni zamanda, Azərbaycanın üzərinə Qarabağ ermənilərinə «öz müqəddəratını təyinetmə hüququnu» tanımaq öhdəliyi qoymağa cəhd edərək işğalı rəsmiləşdirmək istəyirdilər.
Ən nəhayət, Fransa kimi qatı ermənipərəst dövlətin Minsk qrupunda təmsil olunması ən böyük ədalətsizlik idi. Çox şükürlər olsun ki, 2020-ci ildə 44 günlük savaşda Azərbaycan Ordusu Qarabağ münaqişəsini hərbi yolla həll edərək riyakar Minsk qrupunu elə riyakar xarakteri ilə birlikdə tarixin arxivinə gömdü.
Düzdür, Ermənistan hakimiyyəti hələ də o ümidlə yaşayır ki, Minsk qrupu yenidən xortlaya və sülh danışıqlarını qeyri- müəyyən müddətə uzada bilər. Amma bütün bunlara rəğmən Ermənistanda Minsk qrupunun artıq geri qayıtmayacağını anlayanlar da var. İrəvan Mətbuat Klubunun prezidenti Boris Navasardyan bildirib ki, Ermənistan ATƏT-in Minsk qrupu həmsədrliyini ümumiyyətlə, unutmalıdır. Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanmasa genişmiqyaslı hərbi əməliyyatların başlaması qaçılmazdır: «Ona görə də Minsq qrupunu unutmaqla Ermənistanla Azərbaycan arasında birbaşa dialoqa başlamaq ən doğru yoldur.»
Hazırda ABŞ-ın Cənubi Qafqaz siyasətində məqsədi Azərbaycanla Ermənistan arasında sülh sazişinin mümkün qədər tez imzalanmasına nail olmaqdır. Eyni zamanda, bu ölkə Azərbaycanı və Ermənistanı üçüncü ölkənin iştirakı olmadan ikitərəfli təmaslara üstünlük verməyə çağırır. Nəhayət, Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Kərim Vəliyevin ABŞ-a səfərinə paralel olaraq, Pentaqon rəsmilərinin Azərbaycanı məmnun edəcək açıqlama ilə çıxış etmələri də önəmli məsələdir. Açıqlamada vurğulanır ki, ABŞ Azərbaycanın ərazi bütövlüyünün qorunması, sərhədlərinin toxunulmazlığının təmin edilməsi üçün bu ölkə ilə hərbi-siyasi əməkdaşlığa hazırdır. Yəni, ABŞ hakimiyyəti sülh müqaviləsinin imzalanması üçün ölkəmizə dəstək vermək niyyətini açıq şəkildə ortaya qoyur.
Bütün bunlara rəğmən demək olar ki, Ermənistan daha bir ənənəvi beynəlxalq himayədarını itirmək ərəfəsindədir. Əvəzində ABŞ Cənubi Qafqazda geopolitik və geostrateji tərəfdaşlıq məsələlərində Azərbaycana üstünlük verməyə meyillidir. Çünki ABŞ həm də Ermənistan hakimiyyətinin İranla sıx əməkdaşlığından ciddi şəkildə narahatdır. Eyni zamanda, Ermənistan ölkəmizə nisbətən bölgə üçün elə də əhəmiyyətli faktor deyil. Əvəzində Azərbaycan kimi qüdrətli və zəngin bir tərəfdaş qazanmaq ABŞ-ın maraqlarına tamamilə uyğundur.
Elçin Zaman, «İki sahil»
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
Ceyhun Bayramov Yaponiyanın yeni səfiri ilə siyasi dialoqun genişləndirilməsini müzakirə edib
Vüqar Rəhimzadə: Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır