Fransa hökuməti Azərbaycana qarşı kampaniyanın dərhal dayandırılması məqsədilə müvafiq zəruri tədbirlər görməlidir
Avropada riyakarlığı, neoimperialist mövqeyi ilə yaxşı tanınan Fransada son zamanlar ölkəmizə qarşı məqsədyönlü, sistemli şəkildə və silsilə xarakterli anti-Azərbaycan tədbirləri həyata keçirilir. Bütün bunlar heç də təsadüfi deyil. Belə ki, Fransa həm keçmiş Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı 30 illik danışıqlar dövründə, həm də qırx dörd günlük müharibədə sonadək təcavüzkar Ermənistanı dəstəkləyib.
Amma məsələ yalnız bununla bitmir. Belə ki, Fransa öz geosiyasi maraqları və Cənubi Qafqazdakı çıxarlarına görə iki ölkə arasında sülhün təmin olunmasına hər vəchlə mane olur. Eləcə də Azərbaycanla Ermənistan arasında münaqişənin başa çatması regionda marağı olan Fransanı bölgəyə müdaxilə etmək imkanından məhrum edir.
Belə ki, bir müddət əvvəl Fransa Senatı qondarma “dqr”in tanınması ilə bağlı hökumətə müraciət etmişdi. Bundan sonra parlamentin aşağı palatası olan Milli Assambleyanın Azərbaycana qarşı qərəzli qətnamə qəbul etməsi isə siyasi riyakarlığın və ermənipərəstliyin pik nöqtəsi idi.
İş orasındadır ki, erməni barbarlar 30 ilə yaxın müddəti əhatə edən işğal dövründə Qarabağda və Şərqi Zəngəzurda yeraltı və yerüstü sərvətlərimizi talayanda, tarixi, mədəni abidələrimizi dağıdanda, məscidlərdə donuz saxlayanda nədənsə başda Emmanuel Makron olmaqla fransızların heç cınqırı da çıxmırdı. Azərbaycan qırx dörd günlük müharibədə tarixi Zəfər qazanaraq öz ərazi bötüvlüyünü təmin etdikdən sonra fransızların, necə deyərlər, sancısı tutdu və Fransa Milli Assambleyasında “Avropa və Şərqin xristian icmalarının və erməni xalqının qorunması” qətnaməsi qəbul olundu. Bu zaman ortaya belə sual çıxır: Görəsən, nədən 30 ilə yaxın müddətdə işğal altında olan ərazilərdə Azərbaycanın təbii sərvətlərinin, tarixi irsinin erməni vandalları tərəfindən dağıdılması fransızlarda narahatlıq yaratmırdı? Ölkəmizin başçısı məsələ ilə əlaqədar bildirib: “Niyə bu, narahatlıq doğurmurdu? Otuz il bu barədə niyə heç kim məsələ qaldırmırdı, bizdən başqa? Mən bu məsələni dəfələrlə beynəlxalq tribunalardan, beynəlxalq kürsülərdən, xarici həmkarlarımla təmaslar əsnasında qaldırmışdım. Nə üçün buna heç kim narahatlıq ifadə etmirdi? Nə üçün bu məsələ ilə bağlı heç kim beynəlxalq heyət göndərmək istəmirdi? Bu suallara cavab istəyir Azərbaycan xalqı. Biz bu cavabı bilirik. Ona görə bir daha demək istəyirəm, bizim işimizə qarışmaq istəyən, yaxud da ki, nədəsə ittiham etmək istəyən getsin, ilk növbədə, güzgüyə baxsın”.
Sirr deyil ki, Fransa Prezidenti mütəmadi olaraq Azərbaycan-Ermənistan münasibətlərində destruktiv mövqe nümayiş etdirməklə iki ölkə arasında sülhün əldə edilməsinə əngəl olub. 2022-ci ilin oktyabr ayında Azərbaycan və Ermənistan rəhbərlərinin Fransa Prezidentinin iştirakı ilə Praqa görüşü zamanı E.Makronun sərgilədiyi qərəzli mövqe bunun bariz nümunəsidir. Təbii ki, bu görüşün ən böyük uğuru BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə istinad etməklə, Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün qeyd-şərtsiz tanınması oldu. Praqa görüşündən sonra hər kəsdə əminlik yaranmışdı ki, iki ölkə arasında sülh prosesi yeni məcrada daha da sürətlənəcək. Ancaq buradakı müzakirələr zamanı Fransa Prezidenti Emmanuel Makronun təqdimatında guya tərəflər arasında etimad yaradılması üçün Avropa İttifaqı mülki missiyasının Azərbaycan- Ermənistan sərhədlərinə gətirilməsi haqqında təklif irəli sürüldü və bu təklif Azərbaycan tərəfindən qətiyyətlə rədd edildi. Buna baxmayaraq, Ermənistan belə bir missiyanın vacibliyinə təkid edərək onu öz ərazisində yerləşdirməyə razılıq verdi. Məhz bundan sonra danışıqlar prosesində durğunluqla yanaşı, bir gərginlik yarandı.
Danılmaz faktdır ki, hazırda Fransa çalışır ki, beynəlxalq müstəvidə Azərbaycana güclü təzyiq göstərilsin. Bu ölkənin son günlər Xankəndi-Şuşa yolunda keçirilən aksiyadan bir bəhanə kimi istifadə etmək istəyi bunu bir daha sübut etdi. Başda E.Makron olmaqla bəzi fransalı rəsmilərin guya Azərbaycanın Qarabağdakı erməniləri təcrid etməsi, onları humanitar fəlakətlə qarşı-qarşıya qoyması barədə səsləndirdikləri fikirlər bunun əyani təsdiqidir.
Amma bütün siyasi etik normalarını pozaraq özünü ermənidən çox erməni kimi göstərən E.Makron və onun kimilər bilməlidirlər ki, Fransa ölkəmizin tələblərini nəzərə almasa, Azərbaycan-Ermənistan münasibətlərinin gələcək inkişafında vasitəçiliyi həyata keçirə bilməyəcək. Bu, birmənalıdır. Azərbaycan da məsələ ilə bağlı bəyan etdiyi prinsiplərdən heç vaxt geri çəkilməyəcək və bundan sonra da bu istiqamətdə lazımi tədbirləri görəcək. Bu günlərdə Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ann Buayonun Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılması və Fransanın Avropa və Xarici İşlər Nazirliyinə ünvanlanmış etiraz notasının qarşı tərəfə təqdim olunması bunun əyani təsdiqidir. Bu çərçivədə bir neçə gün əvvəl Fransa parlamentində təmsil olunan siyasi qüvvələrin rəhbərləri adından Fransa Prezidentinə ünvanlanmış məktubda Azərbaycana qarşı əsassız ittihamlar səsləndirilməsinin, ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qəsd mahiyyətində addımlar atılmasına çağırış edilməsinin qəbuledilməz olduğu bildirilib. Həmçinin Azərbaycana qarşı aparılan kampaniyanın dərhal dayandırılması məqsədilə müvafiq tədbirlərin görülməsinin zəruri olduğunu diqqətə çatdırıb.
Beləliklə, Fransanın həşəmətli dövlət başçısı E.Makron və onun kimilər bilməlidirlər ki, artıq Azərbaycanı hansısa beynəlxalq təşkilatdakı müzakirələrlə, qətnamələrlə, təhdidlərlə qorxutmaq, ölkəmizə nəyisə diktə etmək mümkün deyil. Çünki qırx dörd günlük müharibə nəticəsində regionda yeni reallıqlar yaradan, Türkiyə kimi güclü müttəfiqi olan Azərbaycan bütün bunların qarışlığını misli ilə verəcək.
Zahid Rza, “İki sahil”
Birinci vitse-prezident Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib
Hikmət Hacıyev "X" hesabında "AnewZ"un Qarabağ müharibəsi ilə bağlı filmini paylaşıb