29 dekabr 2022 19:14
366

Azərbaycana qarşı qərəzli iddiaların qarşısının alınması istiqamətində diplomatik səylər davam etdirilib

Xüsusi əhəmiyyət kəsb edən məsələ, Azərbaycan və Ermənistan liderlərinin müvafiq olaraq oktyabrın 6-da Praqada və 31-də Soçidə baş tutmuş görüşlərində hər iki ölkənin bir-birinin suverenliyi və ərazi bütövlüyünü qarşılıqlı tanıması və iki ölkə arasında bütün mübahisəli məsələlərin məhz bu əsasda həllinə dair öhdəliyin təsdiq edilməsi olub. Bu, Azərbaycan tərəfindən irəli sürülən baza prinsiplərində də əks olunduğu kimi, iki ölkə arasında münasibətlərin normallaşmasının əsasını təşkil edir və Ermənistan tərəfindən bu öhdəliyin qəbul edilməsi il ərzində postmünaqişə gündəliyinin irəlilədilməsi baxımından vacib inkişafdır.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 2022-ci ilin yekunlarına dair mətbuat buraxılışında bildirilib.

Qeyd edilib ki, üçtərəfli Bəyanat çərçivəsində öhdəliklərə uyğun olaraq, Azərbaycan tərəfi yeni Laçın yolunun çəkilişini vaxtından əvvəl yekunlaşdırıb, Laçın şəhəri, Zabux və Sus kəndlərindən qeyri-qanuni məskunlaşmış ermənilər çıxarılıb və bu ərazilər Azərbaycana geri qaytarılıb. Bununla yanaşı, il ərzində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətin qarşısının alınması istiqamətində tədbirlər görülüb. Azərbaycan hökuməti dialoq yolu ilə ərazidə faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarının, o cümlədən ağır ekoloji nəticələrin aradan qaldırılması üçün bir sıra addımlar atıb. Dekabrın 3-də və 7-də Azərbaycanın müvafiq qurumları ilə Rusiya sülhməramlı kontingentinin komandanlığı arasında “Qızılbulaq” və “Dəmirli” yataqlarının qeyri-qanuni istismarının ekoloji nəticələrinin monitorinqi və qiymətləndirilməsi üçün azərbaycanlı mütəxəssislərin yerində baxış keçirməsi şərtlərinin müəyyən edilməsi məqsədilə görüşlər keçirilib.

“Əldə olunmuş razılaşmanın ardınca, azərbaycanlı mütəxəssislərdən ibarət heyətin sülhməramlılar tərəfindən təşkil olunmuş səfərinə bir qrup şəxsin əvvəlcədən planlaşdırılmış və təşkil olunmuş addımları nəticəsində maneçilik törədilib. Bu, Azərbaycan ictimaiyyətinin haqlı etirazına səbəb olub, bir qrup vətəndaş cəmiyyəti nümayəndələri etiraz əlaməti olaraq Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarı, bu sərvətlərin Azərbaycandan Ermənistana daşınması və yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın yolundan sui-istifadə hallarının qarşısının alınması tələbi ilə Laçın yolunda dinc nümayişə başlayıblar. Bu istiqamətdə Azərbaycana qarşı göstərilən əsassız və qərəzli iddiaların qarşısının alınması istiqamətində diplomatik səylər davam etdirilib”, - deyə XİN-in mətbuat buraxılışında vurğulanıb.