2023: «Heydər Əliyev İli»
Zəngin liderlik potensialına malik dahi
Prezident İlham Əliyevin Sərəncamına əsasən 2023-cü ilin respublikada «Heydər Əliyev İli» elan edilməsi Ulu Öndərə ümumxalq ehtiramının ifadəsidir. Həmin Sərəncama uyğun olaraq Ulu Öndərin həyatı, siyasi fəaliyyəti , göstərdiyi fədakarlıqları, Azərbaycan xalqına tarixi xidmətləri ilə bağlı Tədbirlər Planı hazırlanır. Plana əsasən «Heydər Əliyev İli»nin dünyanın müxtəlif ölkələrində qeyd edilməsi ilə bağlı təkliflərin səslənməsi də təsadüfi deyil. Müasirləri arasında böyük şəxsiyyət kimi tanınan, siyasi irsi nəsillərə nümunə olan Ulu Öndərin təkcə keçmiş sovetlər məkanında deyil, dünya siyasətçiləri arasında böyük nüfuza malik olması müdrik şəxsiyyət Heydər Əliyevin 100 illik yubileyinin beynəlxalq ictimaiyyət tərəfindən də geniş qeyd ediləcəyi ilə bağlı əminlik bu təklifi zəruri edir.
Dünya miqyasında siyasi, iqtisadi, müdafiə qüdrəti ilə seçilən, sivilizasiyalar və mədəniyyətlərarası körpü kimi tanınan, Avrasiyanın Orta Dəhliz məkanında geostrateji əhəmiyyətə malik mərkəz adlandırılan Azərbaycanın belə nüfuza malik olduğu müasir dövrümüzdə dünya şöhrətli siyasətçi Heydər Əliyev irsinin təbliği məqsədəuyğundur. Uzun illər təhlükəsizlik orqanlarında, sovet üsul-idarəsi sistemində çalışsa da Azərbaycanın istiqlalı, türk birliyinin həmrəyliyi naminə tarixi xidmətləri ilə fərqlənən Heydər Əliyevin türkdilli xalqlar tərəfindən öndər adlandırılması zamanın tələbindən irəli gələn tarixi zərurətdir.
Liderlik qabiliyyəti ilə başqalarının görüb, amma dəyərləndirməyi bacarmadıqları həqiqətləri uzaqgörən məharəti, zəkası və təfəkkürü ilə həyata keçirən Heydər Əliyevin adının «Dünyanın yüz dahi adamı» kitabının ilk sıralarında yer alması cəmiyyətə və dünya siyasətinə təsir imkanları böyük olan Ulu Öndərin bəşəri dəyərlərə sahibliyinin nümunəsidir. Ötən əsrdə dünyanın güclü dövlətlərindən olan SSRİ-nin rəhbər strukturlarına irəli çəkilməsi də onun təcrübəli siyasətçi kimi təşkilatçılığının, hadisələrə təsir imkanlarının böyüklüyünün nümunəsidir. Ulu Öndərə qarşı qısqanclığını hər məqamda bildirən SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçovun tarixi şəxsiyyət Heydər Əliyevin siyasi hazırlığını, təşkilatçılığını, ümumxalq sevgisi qazanmaq qabiliyyətini etiraf etməsi onun liderlik məqamında daimi məskunlaşmasının təsdiqidir.
Azərbaycana ilk rəhbərliyi dövründə respublikanı sovetlər məkanında inkişaf etmiş respublika səviyyəsinə yüksəldən Heydər Əliyevin canından artıq sevdiyi Vətəni, xalqı üçün göstərdiyi xidmətlərin hər biri bu gün qürurlandığımız uğurlarımızın təməlidir. Onun adının qarşısında uzaqgörən siyasətçi adı təsadüfən yazılmır. Respublikaya qərinədən artıq rəhbərliyi dövründə əsas məqsədi , ideyası Azərbaycanın müstəqil dövlət kimi tanınması olan Heydər Əliyev ümummilli Lider kimi bu vəzifənin öhdəsindən layiqincə gəldi. Azərbaycanın istedadlı gənclərinin SSRİ-nin önəmli universitetlərində təhsil almağa göndərilməsi ilə ölkədə yüksək intellektə malik, qabiliyyətli kadr potensialını formalaşdıran müdrik şəxsiyyət Heydər Əliyev keçmiş Sovetlər İttifaqında mövcud qadağalara baxmayaraq o dövrdə nadir hadisə olan Cəmşid Naxçıvanski adına hərbi məktəbi yaratmaqla milli zabit kadrların yetişdirilməsi ilə xalqına göstərdiyi tarixi xidmətlərini fenomenləşdirdi. Azərbaycanın tarixində, ədəbi ictimaiyyətində , mədəniyyətinin inkişafında xüsusi xidmətləri olan şəxsiyyətlərinin adlarının əbədiləşdirilməsi istiqamətində gördüyü işlər sovetlər məkanında birləşən müttəfiq respublikaların heç birində görünməyən mənəvi sərvətlərinə sahib çıxmaq nümunəsi idi.
Yenicə müstəqilliyini qazanmış, AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə dövlət xəzinəsi dağıdılmış Azərbaycanın varlığı üçün imkanları nəzərdən keçirən ulu öndər Heydər Əliyevin hazırladığı neft strategiyasının ilk addımı olan «Əsrin müqaviləsi»nin uğurlu taleyi ölkəmizə marağı artırdı. Azərbaycanın suverenliyini istəməyən qüvvələrin genişmiqyaslı təxribatlarına baxmayaraq şəxsi nüfuzu, siyasəti ilə dünyanın iri neft şirkətlərini Azərbaycanla əməkdaşlığa cəlb edən müdrik şəxsiyyət Heydər Əliyevin uzaqgörənliyinin nəticəsi Cənub Qaz Dəhlizinə artan maraq, Sofiyada Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun istifadəyə verilməsi, Buxarestdə imzalanan «Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş», Azərbaycanın yaşıl enerji zonasına çevrilməsidir. Enerji diplomatiyamızı şaxələndirmə siyasəti əsasında davam etdirən və neft strategiyasının beynəlxalq əhəmiyyətini dünyanın enerji xəritəsini dəyişən təşəbbüsləri ilə yeniləyən Prezident İlham Əliyev bu sahədə də Ulu Öndərin layiqli davamçısı olduğunu təsdiqləyir. Qədim İpək Yolunun bərpası ilə bağlı ideyasını irəli sürməklə Cənubi Qafqaz regionunu dünyanın siyasi müstəvisinə daxil edən Ulu Öndərin reallaşan arzusu Bakı-Tbilisi-Qars infrastrukturu kimi uzaqları yaxınlaşdırır. Zaman göstərdi ki, İpək Yolunun bərpası ideyasını qaldıran ulu öndər Heydər Əliyev şəxsiyyətinin rolu regional yox, dünyəvi əhəmiyyətlidir.
Azərbaycan xalqının bölünməsinə səbəb olan Gülüstan müqaviləsinin xalqımıza qarşı xəyanət olduğunun hər zaman xatırlanması üçün paytaxtımızın ən böyük sarayına Gülüstan adı verilməsi də Ulu Öndərin milli birlik və həmrəyliyimizə sadiqliyinin ifadəsi idi. Siyasi fəaliyyətində qazandığı uğurları liderlərə xas nəyi bilmənin gərəkliyini, əldə olunan nailiyyətlərin səmərə verəcəyinə inamın vacibliyini, təcrübəni əməli işdə doğrultmaq bacarığını xalqına göstərdiy xidmətləri ilə sübut edən Ulu Öndərin siyasi irsini davam etdirən Prezident İlham Əliyevin «nəyi, nə vaxt, necə etmək» formulu Ulu Öndərin dövlətçilik ənənəsinin davamıdır.
Dahi Heydər Əliyevlə bağlı dünya siyasətçilərinin biri-birindən dəyərli sözləri də göstərir ki, sağlığında əbədiyaşarlıq qazanan Ulu Öndər təkcə dövlət başçısı kimi tanınmamışdır. Elini, obasını sevən, torpağının hər qarışının qədrini bilən dahi şəxsiyyət üçün Azərbaycan dünyanın ən dilbər guşələrindən idi. Təkcə Şuşaya göstərdiyi diqqət bütünlükdə tariximizə, milli-mənəvi sərvətlərimizə qayğının təzahürü idi. Ulu öndər Heydər Əliyevin «Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir» sözlərini” ata vəsiyyəti kimi yerinə yetirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev «İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq!» söyləməklə, İkinci Qarabağ müharibəsini Zəfərlə başa çatdırmaqla, torpaqlarımızı Ermənistanın işğalından azad etməklə Ümummilli Liderin «Azərbaycan dünyaya günəş kimi doğacaq» arzusunu reallaşdırdı. Artıq bütün dünya ictimaiyyəti 2003-cü ildən Ümummilli Liderin siyasi kursunu davam etdirən, onun ən dəyərli, siyasi varisi olan cənab İlham Əliyevin timsalında bir daha onun dahiliyinin şahidi olur. Azərbaycan xalqı həmişə o irsdən faydalanacaq. Faydalandıqca zəfər və uğur qazanacaq.
Ötən əsrdə imperiya və istibdad rejiminin dəstəyi ilə Azərbaycan ərazilərinin bir hissəsinin Ermənistana verilməsi, Qərbi Azərbaycanda soydaşlarımıza qarşı soyqırımı siyasətinin yeridilməsi Ulu Öndəri daim düşündürən milli birlik və həmrəylik məsələsi idi. Xüsusilə Zəngəzurun Azərbaycandan qopardılması, Azərbaycanın ən qədim məskənlərindən olan Naxçıvanla respublikamızın digər bölgələri ilə əlaqələrin kəsilməsi xalqına bağlı bu müdrik insan üçün ərazi bütövlüyümüzün toxunulmazlığı kimi ümdə məsələ idi. «Əslində isə ermənilərin planları daha geniş idi və onların torpaq iddialarının əsas hədəfi məhz Naxçıvan idi. Onlar Zəngəzurun Ermənistana ilhaq edilməsini bu yolda atılmış mühüm addım hesab edirdilər» söyləyən Ulu Öndərin əsas arzusu olan Zəngəzur dəhlizinin bərpası üçün qətiyyət göstərən Prezident İlham Əliyevin bildirdiyi kimi, bu dəhlizin açılması Ümummilli Liderin daha bir istəyinin gerçəkləşməsi olacaq. Heydər Əliyevə Şuşada, Laçında və Zəngəzurda abidə qoyulacaq.
«Qarabağ hərəkatı bizi qətrə-qətrə kölə olmaqdan xilas etdi. Tarixi məğrurluğumuzu, tarixi qeyrətimizi qaytardı. Başlıcası isə bizi Naxçıvan haqqında düşünməyə məcbur etdi. O Naxçıvan ki, onsuz Ermənistanın gələcəyi yoxdur» söyləyən daşnak ideoloqu Zori Balayanın sərsəmləmələrinin üstündən kapitulyasiya xətti çəkən Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bu məsələyə toxunaraq bildirdi ki, 1980-ci illərin sonlarında sovet hökuməti xalqımıza qarşı növbəti cinayət törətdi. Ulu öndər Heydər Əliyevin hakimiyyətdən getməsindən istifadə edən erməni millətçiləri, onların Kremldəki havadarları dərhal hərəkətə keçdilər. Heydər Əliyev 1987-ci ilin noyabrında bütün vəzifələrdən uzaqlaşdırılandan iki həftə sonra erməni millətçiləri baş qaldırdılar. Sovet hökuməti onlara dəstək oldu, Qarabağda, Qərbi Azərbaycanda xalqımıza qarşı növbəti soyqırımı başlandı. Soydaşlarımız əzəli torpaqlarından zorla çıxarıldılar.
Artıq Ulu Öndərin Qərbi Azərbaycanla bağlı istəklərinin də zamanı yetişib. Dövlət başçımızın tapşırığı ilə hazırlanan Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının həyata keçirilməsi ilə Prezident İlham Əliyevin «Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Göyçə, Zəngəzur mahallarıdır. Vaxt gələcək biz orada da yaşayacağıq. Mən buna inanıram, buna əminəm. Buna nail olmaq üçün hər birimiz öz səylərimizi qoymalıyıq, hər birimiz öz işimizlə o müqəddəs günü yaxınlaşdırmalıyıq» sözləri də reallaşacaq. Azərbaycan xalqına əbədi müstəqil yaşamaq hüququ qazandıran ümummilli lider Heydər Əliyevin ideyaları qalib gələcək.
Xuraman İsmayılqızı, «İki sahil»