06 yanvar 2023 22:53
503

Şərin yaxınlaşan sonu...

İranda fars-molla rejiminin süqutu Güney Azərbaycana istiqlal bəxş edəcək! 

İranda hakimiyyətin zülmünə qarşı 113 gündür davam edən xalq etirazları səngimək bilmir. Ölkənin Buşehr, Əlburz, Rəşt, İlam, Tehran, Məşhəd, Təbriz və digər şəhərlərində aksiyalar davam edir, etirazçılar tərəfindən “Diktatora ölüm!”, “Azadlıq!”, “Bu il başqa ildir, Seyid Əli devrilibdir!” kimi şüarlar səsləndirilir. Son iki gündə Tehran əyalətinin Hemmət prospektində, Mərvdəşt şəhərində, Mazandaranda, Yəzddə etirazçılar İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qanadının komandanı, erməni terrorçu Monte Melkomyanın dostu olmuş cinayətkar general Qasim Süleymaninin banerini, Pars bölgəsində isə Bəsic qüvvələrinin bazasını yandırıblar. Buşehrdə cümə imamının qərargahına çox sayda “Molotov kokteyli” atılıb. İsfahan əyalətində İran hökuməti etirazları yatırmaq üçün Səmirom şəhərinə ağır texnika və canlı qüvvə yeridib. Novşəhrdə keçirilən ümummilli mitinqlər zamanı həbs edilən 18 yaşlı gənc Arşiya Təkdəstan “korrupsiya” və “müharibə” ittihamları ilə İnqilab Məhkəməsi tərəfindən ölüm cəzasına məhkum edilib. Kirmanşah əyalətinin Cavanrud şəhərində təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən gənc idmançı Aso (Sivan) Yari, həmçinin 15 yaşlı şagird Zana Səhragerd həbs edilərək naməlum yerə aparılıblar.

Göründüyü kimi, milliyyətindən asılı olmayaraq milyonlarla insanın haqq səsini dinləmək, baş verənlərdən nəticə çıxararaq sərt şəriət qanunlarını yumşaltmaq əvəzinə daha da qəddarlaşan, vətəndaşının qanına susayan molla rejiminin İslama, müqəddəs Qurani-Kərimin uca dəyərlərinə sığmayan əməlləri yenə də davam etməkdədir. İran hakimiyyətinin bu istibdadından ən çox əziyyət çəkən isə yüzillər boyu olduğu kimi, yenə də Güney Azərbaycan türkləridir. Belə ki, Təbriz şəhərində daha bir milli fəal Əli Şadi təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən həbs edilib.

Ölkədə söz azadlığı boğulur, xalqın tərəfini saxlamağa cəhd edən mətbuat nümayəndələri həbs və işgəncələrə məruz qalır. “Amerikanın səsi” radiosunun fars dili redaksiyasının yaydığı məlumata görə, etiraz aksiyaları müddətində həbs edilən mətbuat nümayəndələrinin də sayı onlarladır. Belə ki, son 113 gündə İranda 19 200 etirazçı tutulub, onların 73-ü KİV nümayəndəsidir. Yerli jurnalistlər birliyinin dərc etdiyi araşdırmaya əsasən, tutulanların 38-i müstəqil, 25-i ümumiran, 10-u əyalət mediasının müxbiri, 10-u isə fotomüxbirdir.

Statistika göstərir ki, tutulan jurnalistlər arasında hakimiyyətin İRNA, İSNA, İLNA, “Kar”, “Mehr” kimi xəbər agentliklərinin əməkdaşları da var. Bu isə ölkədə vəziyyətin nəzarətdən çıxmaq üzrə olduğunu sübut edir. İslahatçılara yaxınlığı ilə seçilən “Şərq”, “Həft Sobh” və “Fərəz” kimi media orqanlarının jurnalistləri arasında da həbslərə və təzyiqlərə məruz qalanlar çoxdur. Sıralarında tanınmış idmançıların, mədəniyyət və incəsənət nümayəndələrinin olduğu minlərlə insan ən müxtəlif bəhanələrlə, daha dəqiqi şər və böhtan dolu yalançı ittihamlarla evlərindən oğurlanır, naməlum istiqamətlərə aparılır. Qaniçən rejimin cəlladlarının ən şox istifadə etdikləri “ittiham səbəbi” isə xarici ölkələrə “satqınlıq”dır. Belə iyrənc üsullar media nümayəndələrinə qarşı da tətbiq olunur. Məlumata görə, xalq etirazlarının alovlanmasına səbəb olan Məhsa Əmininin Tehrandakı Kəsri xəstəxanasına yerləşdirilməsindən sonra hadisə ilə bağlı xəbər verən ilk müxbirlərdən biri, “Şərq” qəzetinin əməkdaşı Nilufər Həmidi və “Hamamixan” qəzetinin əməkdaşı İlahə Məhəmmədi Məhsanın dəfn mərasimini işıqlandırdıqları üçün “Qərblə əməkdaşlıqda” ittiham olunaraq həbs ediliblər.

Əslində isə insanların hakimiyyətə qarşı etirazlarının səbəblərini fars-molla rejiminin rəhbərləri özləri də bilməmiş deyillər. Ölkədə işsizlik, kasıblıq, səfalət, səbəbsiz təzyiqlər, Azərbaycan türklərinə qarşı amansız qəddarlıq dözülməz həddə çatıb. Təkcə bir statistik məlumat ölkədə sosial vəziyyətin nə dərəcədə acınacaqlı olduğu haqqında təssəvür yaradır. Belə ki, İranın “Etemad” qəzeti 2022-ci ildə fəhlələrin intiharı ilə bağlı dərc olunmuş xəbərlərdən hazırladığı icmalına əsasən, ötən ilin əvvəlindən etibarən 283 gün ərzində 23 fəhlə yoxsulluq, borclar, əməkhaqqı tələbi və işdən çıxarılma səbəbindən intihar edib. Bu, qeyd olunan müddətdə orta hesabla hər 12 gündə bir fəhlənin intihara əl atması deməkdir.

Ölkədə vəziyyət o qədər gərgindir ki, İranın sabiq prezidenti Mahmud Əhmədinejad molla rejiminə xəbərdarlıq edərək onları xalqın səsini eşitməyə və tez hərəkətə keçməyə səsləyib. O, bildirib ki, xalqa qarşı repressiyalara sərf etdikləri vəsaiti insanların problemlərini həll etməyə xərcləsələr, məsələlərin bir çoxu həll olunar: “Xalqın çətinliyi var, get onu dinlə! Hamıya əks-inqilabçı damğası vurmaq olmaz!  Xalqın əksəriyyəti ölkə idarəçiliyindən narazıdır. İslahat aparın, dəyişin, düzəldin! Ola bilsin ki, sabah etirazların öhdəsindən gəlmək artıq mümkünsüz oldu!”

Ancaq İranın şər yuvasına çevrilmiş hakimiyyəti öz daxili problemləri ilə məşğul olmaq, xalqının qeydinə qalmaq, onların sosial problemlərini aradan qaldırmaq, insanların hüquq və azadlıqlarını təmin etmək əvəzinə yenə də ətrafına, qonşularına  zərər verməyə çalışır. Bütün dostluq və qonşuluq, mehriban birgəyaşama ənənələrini tapdalayan bu şeytan işbirlikçiləri yenidən səviyyəsiz təmsilçiləri səviyyəsində Azərbaycana qarşı hədyanla dolu bəyanatlar verməkdədirlər. SEPAH generalı Əlirza Tanhoy Qasim Süleymaninin ölümünün ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı ölkəmizə “xəbərdarlıq edib” ki, İrana qarşı istənilən addım qətiyyətlə cavablandırılacaq. “Ukrayna nümunəsini” xatırladan Tanhoy, daha sonra Azərbaycana “Səddamın səhvi”ni təkrarlamamağı “tövsiyə edib”.

“İranı və onun qonşu regionlarını təhlükəsiz vəziyyətə salmağa yönəlmiş istənilən addıma qarşı ölkəsinin silahlı qüvvələrinin qəti cavab verəcəyini” deyən SEPAH genaralı, deyəsən Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin bu yaxınlarda Araz sahilində keçirilmiş “Qardaş yumruğu” təlimlərini yaddan çıxarıb. Tanhoy və cəllad fars-molla rejiminin başbilənləri onu da unudublar ki, daha qarşılarındakı ötən əsrin 90-cı illərində yenicə müstəqillik əldə etdiyi dövrlərdəki iqtisadi, hərbi cəhətdən zəif, hansısa fars tulasının hədələyə biləcəyi Azərbaycan deyil. İndi Azərbaycan nəinki öz suveren ərazilərini, öz vətəndaşlarını, hətta Güney Azərbaycandakı tarixi torpaqlarımızda yaşayan 40 milyon soydaşımızın hüquqlarını da qorumaq iqtidarında olan qüdrətli bir dövlətdir. Odur ki, Tanhoy kimi mollabaşılar bizimlə hədə dilində danışmamışdan əvvəl dönüb erməni qardaşlarının aqibətini diqqətlə izləsinlər. Çünki onların da sonu gec-tez belə olacaq. Güney Azərbaycanın bu çürük fars rejiminin əsarətindən çıxacağı, Arazın o tayında da milli bayrağımızın azadlıq günəşinin şəfəqləri altında dalğalanacağı günə çox qalmayıb!

Mahir Rəsuloğlu, “İki sahil”