10 yanvar 2023 03:22
760

Xankəndi erməniləri: Bizi Vardanyan rejimindən xilas edin!

Məlum olduğu kimi, bir neçə gün bundan əvvəl Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazidən mülki erməni sakin (Toros Qazaryan) Azərbaycan Ordusunun postlarının birinə yaxınlaşaraq kömək istəyib, ac olduğunu, üşüdüyünü və siqaret istədiyini bildirib. Qarabağın erməni sakininə yemək, siqaret verilib, ona qayğı ilə yanaşılıb. Daha sonra Şuşada - Xankəndi-Laçın yolu üzərindəki aksiya yerində həmin dinc erməni sakin Xankəndiyə yola salınıb. Yolasalma yerindən lentə alınmış kadrlardan da görünür ki, erməni sakin azərbaycanlılara "sağ ol" deyir, təşəkkürünü bildirir. Qarabağın mülki erməni sakininin Azərbaycan tərəfində təşəkkür etməsi Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdə məskunlaşmış separatçı-terrorçu dəstəni qıcıqlandırıb. Bundan sonra isə sosial şəbəkələrdə erməni istifadəçilər tərəfindən Toros Qazaryanın ünvanına müxtəlif təhqirlər və təhdidlər səsləndirilib. Hətta bir sıra erməni sosial şəbəkə istifadəçiləri Toros Qazaryanı öldürmək lazım olduğunu da bildiriblər.

Separatçılar isə yanvarın 9-na keçən gecə hadisə ilə bağlı məlumat yayıblar. Onlar heyvandarlıqla məşğul olan Toros Qazaryanın yanvarın 1-dən “yoxa çıxdığını” iddia ediblər. Onun guya, ruhi xəstə olduğu və azaraq Azərbaycan Silahlı Qüvvələrinin nəzarət etdiyi əraziyə getdiyi bildirilib. Separatçı tör-töküntünün açıqlamasına görə, Rusiya sülhməramlılarının vasitəçiliyi ilə onlara təhvil verilən Toros Qazaryan artıq müayinə olunub, həkimlər onun vəziyyətini qənaətbəxş kimi qiymətləndiriblər. Separatçılar hadisə ilə əlaqədar “cinayət işi” açıldığını bildirərək, T.Qazaryanın işinin hallarının tam aydınlaşdırılması üçün bütün tədbirlər görüləcəyini qeyd ediblər. Gedişat Toros Qazaryanın separatçılar tərəfindən cəzalandırıla biləcəyini ehtimal etməyə əsas verir. Bu fakt bir daha Azərbaycanın mövqeyinin nə qədər humanist olduğunu, aksiyanın dinc xarakter daşıdığını, yolun humanitar məqsədlər üçün açıq olduğunu nümayiş etdirib. Digər tərəfdən erməni sakininin kömək üçün müraciəti Qarabağda Ruben Vardanyanın girovuna çevrilmiş bir neçə min erməninin hansı vəziyyətdə saxlandığının göstəricisidir.

Təsadüfi deyil ki, bu gün Xankəndidə ermənilər qaçaq rusiyalı milyarderin girovluğundan qurtulmaq üçün hər cür çıxış yoluna əl atırlar. Onlar sosial şəbəkələrdə Xankəndini tərk etməyin yollarını ciddi şəkildə müzakirə edirlər və bu işdə onlara kömək etməyə razı olacaq Rusiya sülhməramlılarına belə göstərəcəkləri "xidmətlər" üçün rüşvət verməyə hazır olduqlarını bildirirlər. "Telegram" kanallarında artıq Kislovodska köçən Xankəndidən olan erməni ailəsinin fotoları dərc olunub. Və bu, yeganə hal deyil. Vardanyan özü də etiraf edib ki, bir varlı erməni ailəsi də kiməsə rüşvət verərək məzuniyyətə yollanıb. Vardanyanın guya “Azərbaycan tərəfindən Laçın yolunun bağlanması” zəminində Xankəndində “blokada”, “humanitar fəlakət” barədə bütün təbliğatlarına baxmayaraq, orada yaşayan ermənilər onları, əslində öz maraqları uğrunda kimin blokadada saxladığını çox yaxşı başa düşürlər. Digər tərəfdən Vardanyanın iddialarına Rusiya tərəfinin də “züy” tutması da işləri qəlizləşdirir, həmçinin erməni separatçılara stimul verir. Dekabr ayında Rusiya Müdafiə Nazirliyi belə bir məlumat yaymışdı ki, Azərbaycan və Ermənistan tərəflə Laçın yolunun açılması istiqamətində danışıqları davam etdirirlər. Yolu bağlayan, magistrala hərbi texnika, yük maşınları, daş maneələr düzən, hətta tikanlı məftillər çəkən özləri, yolun açılması üçün Azərbaycan tərəflə danışıq aparırmışlar guya... Həmçinin Azərbaycan tərəf rəsmən Qarabağ ermənilərinə humanitar yardım etməyə hazır olduğunu, etirazçılarımızsa mülki sakinlərin gediş-gəlişinə hər hansı problem yaratmayacağını elan edəndən və hətta Prezident köməkçisi səviyyəsində “Laçın yolunu Rusiya hərbçiləri bağlayıb” bəyanatı səsləndikdən sonra avantüristlərin yalanı ortaya çıxdı.

Dinc aksiyanın ilk günündən Rusiya sülhməramlılarının komandanı Andrey Volkovla görüş tələb edən, həmçinin azərbaycanlı mütəxəssislərin “Canyataq” və “Gülyataq” mədənlərində montorinq aparılmasına şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoymalarını tələb edən, həmçinin Ermənistanla sərhəddə, Laçın istiqamətində cinayətkarların, terrorçuların sərbəst giriş-çıxışının əngəllənməsi üçün sərhəd postunun, təhlükəli yüklərin, silah-sursat, mina daşınmasının qarşısını almaq məqsədilə gömrük nəzarəti məntəqəsinin yaradılmasını tələb edən azərbaycanlılar bu gün də qarlı və şaxtalı havaya baxmayaraq öz mövqelərindən bir addım belə geri çəkilməyiblər. Azərbaycan xalqı bir daha hər kəsə nümayiş etdirir ki, Qarabağ məsələsində heç bir güzəştdən söhbət gedə bilməz, burada hansısa qanunsuzluqlara göz yumulmayacaq. Bu nümayişlər həm də Ermənistanda və Qarabağda məskunlaşmış revanşistlərə, radikal əhval-ruhiyyəli ünsürlərə bir növ dərsdir. Xankəndi yolundakı aksiya ilə Qarabağda yaşayan ermənilərə də xüsusi və son mesaj verilməkdədir. Dünya erməniliyi də, Ermənistan hakimiyyəti də, Qarabağdakı separatçılar da anlamalıdırlar ki, “artsax” dedikləri sərsəm layihə bitib, Qarabağdakı ermənilərin də təmizlənməsi, yuvalandıqları yeri tərk etməsi an məsələsidir!

Sevinc Azadi, “İki sahil”