12 yanvar 2023 11:52
2041

Xətai rayonunda da “DOST”umuz var...

Yeni mərkəz digərlərindən nə  ilə fərqlənir?

Missiyası əmək, əlillik, məşğulluq və sosial müdafiə xidmətlərinin vətəndaşlara əlçatanlılığını təmin etmək olan, dayanıqlı və operativ xidmət göstərən DOST Agentliyinin Bakının Xətai rayonu Mehdi Mehdizadə 31 ünvanında yeni fəaliyyətə başlayan  5 saylı DOST mərkəzindəyik.

Dördmərtəbəli mərkəzin ümumi sahəsi 4405 kvadratmetrdir. Modern və konstruktiv üslubda layihələndirilən  mərkəzin  birinci və ikinci mərtəbələri  vətəndaşlara xidmət üçün ayrılıb. Digər  iki mərtəbəsində yerləşən inzibati otaqlarda isə əməkdaşlar üçün təlim mərkəzi və kitabxana  fəaliyyət göstərir.

Mərkəzdə 120 nəfərə yaxın işçi çalışır və “Könüllü DOST” proqramı üzrə 50 nəfər könüllü fəaliyyət göstərir

5 saylı DOST mərkəzinin direktoru Ruslan Mirzəliyev  “İki sahil”ə açıqlamasında bildirdi ki, mərkəzimizdə 35 xidmət pəncərəsi var.

Bu pəncərələr vasitəsilə paralel şəkildə vətəndaşlara məşğulluq, pensiya, əlillik, sosial müavinətlər, sosial xidmətlər və digər sahələr üzrə 154 xidmətin göstərilir.  Mərkəzdə 120 nəfərə yaxın işçi çalışır və “Könüllü DOST” proqramı üzrə 50 nəfər könüllü fəaliyyət göstərir. Onlar vətəndaşları qarşılayır və müvafiq pəncərələrə yönləndirirlər. Pəncərələrdə bilavasitə əməkdaşlar tərəfindən həmin xidmət üzrə  zəruri məlumatlar vətəndaşlara təqdim olunur.

5 saylı “DOST”un özəlliklərindən söz açan həmsöhbətimiz  qeyd etdi ki, mərkəzin inzibati binasında birbaşa mərkəzin fəaliyyət istiqaməti üzrə göstərilən  xidmətlərdən  əlavə olaraq da müəyyən məkanların funksionallığı nəzərdə tutulub. Belə ki, əməkdaşların bilik və bacarıqlarının artırılması üçün xüsusi təlim mərkəzi, kitabxana fəaliyyət göstərir. DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin burada bölməsi  fəaliyyət göstərir. Həmin məkanda şəhid ailələri üzvlərinin, müharibə əlillərinin və onların uşaqlarının, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, aztəminatlı ailələrin sırasından istedadlı şəxslərin, həmçinin sağlamlıq imkanları məhdud uşaqların müvafiq istiqamətdə bacarıq və yaradıcılıq potensialının inkişaf etdirilməsi üçün imkanlar yaradılıb. 

Ruslan Mirzəliyev vurğuladı ki, mərkəzimizdə  ilk dəfə olaraq vətəndaşlara mediasiya xidmətləri  göstərilir: “ Bu da məhkəməyə qədər əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı xidmətin bir formasıdır. Həmçinin mərkəzdə Vahid Əlaqələndirmə Mərkəzi çərçivəsində müxtəlif yerli və mərkəzi icra hakimiyyəti orqanlarının  fəaliyyət istiqamətləri üzrə  həm  şəhid ailələrinin üzvlərinə, həm də müharibə nəticəsində əlillik qazanmış şəxslərə xidmətlər göstəriləcək. Mərkəzimizin özünəxidmət ərazisində vətəndaşlar könüllülərimizin köməyi ilə internetə çıxış əldə edirlər  və müxtəlif əməliyyatlar həyata keçirirlər.

Sosial xidmətlər üzrə ən çox vətəndaş müraciətləri...

5 saylı DOST mərkəzinin Xidmətlər şöbəsinin aparıcı mütəxəssisi Cavidan Aşurlu "İki sahil"ə açıqlamasında vurğuladı ki, sosial xidmətlər üzrə ən çox vətəndaş müraciətləri əsasən “Əmək veteranı” adı və vəsiqəsinin verilməsi, sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin olunması, sosial məişət xidmətlərinin göstərilməsi, özünəqulluq qabiliyyəti olmayan şəxslərin sosial xidmət müəssisələrinə qəbulu olunması və bu barədə məlumatların verilməsi ilə bağlıdır.

5 saylı DOST mərkəzinin könüllüsü Cəmilə Quliyeva isə qeyd etdi ki, burada könüllülər olaraq vətəndaş axınının tənzimlənməsi, onların müvafiq pəncərələr üzrə  yerləşdirilməsi, ərizələrin yazılmasına köməklik göstəririk: “Həmçinin çıxışda mərkəzə müraciət edənlərdən vətəndaş məmnunluğunun öyrənilməsi üçün sorğular  götürürük. Şəxsi bilik və bacarığımızın inkişafı üçün zəruri  təcrübələr qazanırıq.”

Bəs, “DOST”un xidmətlərindən yararlanan vətəndaşlar razıdırlarmı?

Sakin: Belə xidmətdən kim razı qalmaz?

Xətai rayonu sakini Sarif İsmayılov: “Yanvarın 2-də 65 yaşım tamam oldu. Pensiya ilə bağlı zəruri məlumatlar almaq üçün DOST mərkəzinə gəldim. Məni gülərüz personal qarşıladı, suallarım cavablandırıldı, müvafiq tövsiyələr verildi. İlk dəfə idi gəlirdim, çox razı qaldım. Belə xidmətdən kim razı qalmaz ? Əvvəllər  belə məsələlərin həlli üçün çoxlu kağız-kuğuz tələb olunurdu, get-gəl vaxt itkisinə səbəb olurdu.   İndi  isə yaşadığım ünvana yaxın ərazidə yerləşən “DOST”a gəldim, rahat və tez xidmətdən yararlandım.”

Kimin işi “DOST”a düşürsə, məmnun qalır

Abdulhəmid Xəlilov: “Çoxdandır ki, DOST mərkəzinin açılmasını gözləyirdim. Doğrudur , “DOST”un başqa ünvanlarda da mərkəzləri var. Amma mən yaşadığım ünvana yaxın olan mərkəzə gəlmək istəyirdim. Nəhayət ki, yeni ildə bu arzum baş tutdu. Bura çox gözəl və müasir üslubdadır. Pensiyaya təyin olunmaq xidmətindən istifadə etdim. Buraya gəlməklə vaxtıma qənaət etdim və keyfiyyətli xidmət gördüm. Mərkəzin əməkdaşı suallarıma sadə və anlaşıqlı üslubda cavab verdi. Zənnimcə, kimin işi “DOST”a düşürsə, məmnun qalır. Nə yaxşı ki, Xətai rayonunda da “DOST”umuz var...”

Beləliklə, paytaxtın Xətai rayonunda istifadəyə verilən DOST mərkəzi sosial xidmətlər sahəsində daha böyük ərazini və daha çox əhalini əhatə etməklə keyfiyyətli xidmətin coğrafiyasının genişlənməsinə şərait yaradacaq.

Yaqut Ağaşahqızı, “İki sahil”