25 yanvar 2023 02:57
235

Azərbaycan siyasətində əməkdaşlığa önəm verir

Dövlət başçısı İlham Əliyev ABŞ dövlət katibi Antoni Blinkenin növbəti telefon zəngi zamanı ölkəmizin ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqeyini bir daha diqqətə çatdırdı

«Mən ürəkdən inanırdım ki, ilin sonuna qədər biz saziş imzalanmasına nail olacağıq. Lakin belə olmadı. Ermənistan nə gözləyir? Yəqin ki, hansısa geosiyasi dəyişikliklər, ola bilsin ki, kiminsə ona vəd etdiyi nələrisə gözləyir. Çünki belə təəssürat yaranır ki, ona kimsə nə isə vəd edib. Ona görə ki, regionda vəziyyətin obyektiv təhlili, qüvvələr balansı və iki il bundan əvvəl baş vermiş hadisələrə, eləcə də keçən ilin sentyabr ayında baş vermiş və ya hazırda Laçın-Xankəndi yolunda baş verən hadisələrə dünyanın reaksiyası onu göstərir ki, suda batanların xilas edilməsi onların öz işidir. Biz kömək edə bilərik. Bu azərbaycanofobiya və isteriya bataqlığında tamam boğulmamağa yalnız biz kömək edə bilərik. Nə ilə? Onunla ki, biz deyirik “hə”, biz deyirik, gəlin sülh bağlayaq.» Dövlət başçısı İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bu məqamı da xüsusi qeyd etmişdir ki, inanın bunu demək həm Prezident, həm də adi insan kimi mənə çox çətindir. İşğaldan azad edilmiş ərazilərə gedəndə hər bir azərbaycanlının keçirdiyi hissləri keçirirəm. Keçirdiyimiz iztirablara, ağrılara, bizə əziz olan hər şeyin dağıdılmasına baxmayaraq, sülh barədə danışırıq. Cənab İlham Əliyev bu çağırışı bir daha səsləndirdi ki, sülh təklifi masa üzərində bir müddət olacaq. Sonra, necə deyərlər, xüsusi fəallıq göstərməyəcəyik.

Dövlət başçısı İlham Əliyevin bu çağırışları Ermənistanla yanaşı, ona havadarlıq edən, məqsədli şəkildə sülh müqaviləsinin imzalanması prosesinin uzanmasına səy göstərən havadarlarına da ciddi mesaj olmalıdır. Lakin buna baxmayaraq, dünyanın əksər gücləri, beynəlxalq qurumlar qeyri-ciddi yanaşmaları ilə vəziyyətin gərginləşməsinə, sülh müqaviləsinin imzalanmamasına səy göstərirlər. Bunun üçün Fransanın, eyni zamanda, Avropa Parlamentinin ermənipərəst mövqelərindən irəli gələn sərsəm bəyanatlarına, qətnamə layihələrinə diqqət yetirmək kifayətdir. Avropa Parlamenti qərəzli qətnamə layihəsində Azərbaycanı Ermənistana qarşı hərbi təcavüzdə ittiham edir. Bu reallıq daim vurğulanır ki, hər hansı bir qətnamə qəbul olunan zaman reallıqların təhlili mütləqdir. Təəssüflər olsun ki, bəzi ermənipərəst dövlətlər, qurumlar bəyanatlarında, qəbul etdikləri qətnamələrdə qərəzə, Azərbaycanın beynəlxalq imicinə zərbə vurmağa xidmət edən fikirlərin yer almasına maraq göstərirlər. Amma unudurlar ki, bu günün qalib Azərbaycanını əvvəlki illərin Azərbaycanı ilə müqayisə etmək qeyri-mümkündür. Azərbaycan hər zamanda ədalətin və beynəlxalq hüququn yanında olub və bunu 44 günlük İkinci Qarabağ müharibəsində bir daha təsdiqlədi. Azərbaycan tarixi Zəfəri ilə bir daha sübut etdi ki, ədalət və beynəlxalq hüquq deyilən məfhumlar var, onların zamana və məkana görə tətbiqləri heç bir dövlətə, beynəlxalq təşkilata başucalığı gətirmir. Dövlətlərarası münasibətlərdə etimad mühitinin qorunması əsasdır ki, hazırda əksər dünya gücləri bu barədə düşünmək belə istəmirlər. Avropa Parlamenti kimi məqsədi sülhə mane olmaq olan beynəlxalq qurumlara bu xatırlatmanı bir daha etmək istərdik ki, 30 il torpaqlarımızı işğal altında, bir milyondan çox soydaşımızı qaçqın və məcburi köçkün vəziyyətində saxlayan Ermənistandır. 44 günlük İkinci Qarabağ müharibəsinin yaşanmasına səbəb olan əsas amillərdən biri işğalçı dövlətin havadarlarının dəstəyindən daha da ərköyünləşərək yeni ərazilər uğrunda müharibə planları hazırlaması, 2020-ci ildə dəfələrlə hərbi təxribatlar törətmələri oldu. Azərbaycan dövlətinin, xalqının səbir kasasını dolduran bu təxribatlara son qoyulmalı idi. Amma dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları baş verənlərə seyrçi mövqedən yanaşır, vəziyyətin daha da ağırlaşmasına, Ermənistanda işğal etdiyi torpaqları sonadək bu vəziyyətdə saxlayacağına ümidlər yaradırdılar. 44 günlük İkinci Qarabağ müharibəsində Ermənistan və dəstəkçiləri tamamilə fərqli bir mənzərənin şahidi oldular. Ermənistan rəşadətli ordumuzun qarşısında diz çökdü, kapitulyasiya aktına imza atdı. Son iki ildə Azərbaycanın təklif etdiyi sülh müqaviləsinin imzalanması istiqamətində atılan addımların xronologiyasına diqqət yetirsək görərik ki, Ermənistanın baş naziri beynəlxalq hüququn 5 əsas prinsipini özündə ehtiva edən sülh müqaviləsini dəstəkləyir, həmçinin Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Praqa və Soçi görüşlərinin sonunda qəbul olunan Bəyannamədə bu dəstək özünün aydın ifadəsini tapıb.
 Avropa Parlamenti 30 illlik işğal dövrünün reallıqlarını, daha dəqiq desək, Ermənistanın Azərbaycana hərbi təcavüzünü, hazırda Qarabağ münaqişəsinin tarixə qovuşmasını, Azərbaycanın Ermənistanla münasibətlərində yeni səhifə açmaq istəklərini bilərəkdən belə yanlış, qərəzli qətnamə layihəsini qəbul etməsi çoxsaylı sualların yaranmasına səbəb olmaya bilməz.

Avropa Parlamenti həmin əsassız qətnamə layihəsində Azərbaycanı Laçın-Xankəndi yolunu blokadaya almaqda ittiham edir. Laçın-Xankəndi yolunda keçirilən aksiyanın məqsədi dünya güclərinə çox yaxşı bəllidir. Hər bir hadisəyə seyrçi mövqedə yanaşmaqla yanaşı, bəzən də həqiqətdən uzaq bəyanatlarla çıxış etmələri Azərbaycan dövlətinin haqlı narazılığına səbəb olur. Reallıq budur ki, azərbaycanlı ekofəallar Ermənistanın mina terroruna, Qarabağdakı təbii sərvətlərimizin qeyri-qanuni istismarına son qoyulmasını və ölkəmizin müvafiq qurumları tərəfindən ərazidəki faydalı qazıntı yataqlarında monitorinqlərin aparılmasına icazə verilməsini tələb edirlər. 10 noyabr 2020-ci il tarixli Bəyanatın imzalanmasından sonra 300-dən çox Azərbaycan vətəndaşının Ermənistanın mina terrorunun qurbanı olması dünyanı niyə narahat etmir? Minaların bu ərazilərə Laçın-Xankəndi yolu ilə daşınması məlum hadisələrdəndir.

Ermənistanın 10 noyabr üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərə məhəl qoymaması Azərbaycan dövləti tərəfindən hər zaman bəyan edilir. Avropa Parlamenti Azərbaycana böhtan ataraq “qoşunlarını Ermənistan ərazisindən çıxarmağa” çağırış etməkdənsə Ermənistana bu çağırışları etsə, Bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirməyə məcbur etsə daha yaxşı olar. Reallıqları qəbul etmək və onlara uyğun olaraq addımlar atmaq zamanıdır. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz dünya güclərinin qarşısında bu tələbi qoyur.
 Avropa Parlamentinin qərəzli qətnaməsində məqsəd, eyni zamanda, Azərbaycan-Avropa İttifaqı əlaqələrinə soyuqluq gətirməkdir. Məlumdur ki, Avropa İttifaqının üzvlərinin üçdə biri ilə Azərbaycan arasında Anlaşma Memorandumu mövcuddur. Ötən il iyulun 18-də Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayenin Bakıya səfəri zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu, eləcə də dekabrın 17-də Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlıq Anlaşması imzalandı. Bu sənədlər hazırda Azərbaycanla qurum arasında münasibətlərin yüksələn xətlə inkişafının göstəricisidir.

Azərbaycan dövləti qərəzdən irəli gələn bu kimi sənədlərlə bağlı sərt mövqeyini nümayiş etdirərək belə bir reallığı da diqqətə çatdırır ki, onlar Azərbaycan üçün kağız parçasından başqa bir şey deyil. Heç bir əsası olmayan, Ermənistana dəstək məqsədilə qəbul olunan bu qətnamə layihələri sabun köpüyünü xatırladır. Azərbaycan daim dünyaya ədalət çağırışı edir, beynəlxalq hüququn norma və pinsiplərinə əsaslanan siyasətin uğurlarını təqdim edir. Dövlət başçısı İlham Əliyev bu günlərdə Davos Dünya İqtisadi Forumu çərçivəsində Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsində də bu fikri xüsusi qeyd etdi ki, siyasətimiz əməkdaşlığa əsaslanıb. Cənab İlham Əliyev, eyni zamanda, hazırkı dövrdə əməkdaşlığı çətinləşdirən məqamlara da diqqət yönəldərək bildirdi ki, bəzi ölkələrin ambisiyaları, regionda və ya dünyada bir növ liderlik uğrunda mübarizə, öz potensialının düzgün hesablanmaması, opponentinizin olduğundan aşağı qiymətləndirilməsi etimadsızlığa, gərginliyə və müharibələrə gətirib çıxarır: «Bizim siyasətimiz hər zaman, sözün əsl mənasında, əməkdaşlığa əsaslanıb, çünki biz qəti surətdə inanırıq ki, yalnız əməkdaşlıq sayəsində uğur qazana bilərsiniz. Nə qədər çox versəniz, nə qədər çox yardım etsəniz, bir o qədər çox əldə edəcəksiniz. Dünya bunun üzərində qurulub.»

Tarixi Zəfərimizdən sonra hadisələrin xronologiyasına diqqət yetirsək bu reallıq da özünü qabarıq şəkildə özünü büruzə verəcək ki, 30 il Qarabağ münaqişəsinin həlli məqsədilə yaradılan keçmiş ATGT-in Minsk qrupuna həmsədr dövlətlər işğal dövründə işğalçını adı ilə çağırmaq istəmədiyi halda, son iki ildə postmünaqişə dövrünün reallıqları qəbul edir, bu və ya digər hadisələr baş verən zaman narahatlıqlarını ifadə edərək dövlət başçısı İlham Əliyevə telefon zəngi edirlər. Düşünmək olar ki, belə narahatlıqları 30 illik işğal dövründə ifadə edib, Ermənistana sanksiyaları tətbiq etsəydilər, o zaman 44 günlük İkinci Qarabağ müharibəsi yaşanmazdı. O zaman həmsədrlər işğalçını adı ilə çağırmağın münaqişənin həllinə maneə yaradacağını bildirdilər, əsas məsuliyyəti tərəflərin öz üzərinə qoyurdular. Amma özlərinə sual vermək istəmirdilər ki, tərəflər özləri öz aralarında razılığa gələ bilsəydilər keçmiş ATƏT-in Minsk qrupunun yaradılmasına nə ehtiyac var idi?

Yanvarın 23-də ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə növbəti telefon zəngini etdi. Telefon söhbəti zamanı ABŞ dövlət katibi Azərbaycan ərazisində Laçın dəhlizində yaranmış vəziyyətlə bağlı narahatlığını bildirdi. Antoni Blinken ABŞ-ın Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına sadiqliyini ifadə etdi və sülh müqaviləsi üzrə danışıqları dəstəklədiyini bildirdi.

Prezident İlham Əliyev Laçın-Xankəndi yolunda hər hansı blokadanın olmadığını qeyd edərək, 2022-ci il 12 dekabr tarixindən etibarən 980-nə yaxın nəqliyyat vasitəsinin bu yoldan keçidinin təmin olunduğunu vurğulayaraq, onların 850-dən çoxunun Rusiya sülhməramlılarına, 120-dən artığının isə Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus olduğunu deyib. Eyni zamanda, Azərbaycan Prezidenti Qarabağda yaşayan 90-a yaxın xəstə və tibbi yardıma ehtiyacı olan şəxsin Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəsilə Ermənistana aparılmasının təmin edildiyini vurğulayıb. Prezident İlham Əliyev bildirib ki, bütün bunlar Laçın-Xankəndi yolunun Azərbaycan tərəfindən bağlanmadığını göstərir. Dövlət başçısı vurğuladı ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarı dayandırılmalı və həmin ərazidə Azərbaycanın daimi monitorinq və təftiş aparmaq imkanı təmin edilməlidir. Cənab İlham Əliyev Ermənistan tərəfindən 2021-ci ilin istehsalı olan minaların qanunsuz olaraq Laçın yolundan istifadə edilərək daşındığını bildirdi.

Göründüyü kimi, Azərbaycan dövləti hər zaman dünyanın reallıqlarla daha dolğun məlumatlandırılmasına, ədalət və beynəlxalq hüquq prinsiplərinin qorunmasına xüsusi önəm verir. Əksər dünya gücləri hələ də ikili standartlara əsaslanan siyasətlərini davam etdirməklə bu məfhumların mövcudluğunu arxa planda saxlamağa çalışsalar da, 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz belə cəhdlərin əsassızlığını bir daha nümayiş etdirir.

Yeganə Əliyeva, «İki sahil»