24 yanvar 2023 23:12
401

Ekofəalların haqlı tələblərinə Avropa Parlamentindən qərəzli yanaşma

Qurum tərəfindən Azərbaycana qarşı qəbul olunan əsassız qətnamənin «birinci skripkaçısı» Fransa Prezidenti Emmanuel Makrondur

Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına etirazlarını Laçın-Xankəndi yolunda sivil aksiya ilə bildirən ekofəallar havanın şaxtalı keçməsinə baxmayaraq qətiyyətlərində israrlıdırlar. Bir aya yaxındır ki, Laçın-Xankəndi yolunda «Ekoloji terrora son!», «Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!», «Azərbaycan vahiddir, sərvətlərinə sahibdir!», «Ekoloji cinayətə son!», «Stop ekoterror!», «Bereqite prirodu!» kimi şüarlar səsləndirən” aksiya iştirakçıları yenilməzlik simvolu kimi Vətəninə, elinə- obasına bağlılığın, sərvətlərinə sahib çıxmaq cəsarətinin müqəddəsliyini bütün dünyaya bəyan edirlər. Əsas tələbləri olan «Qızılbulaq» qızıl, «Dəmirli» mis-molibden və digər qızıl və mis mədənlərində monitorinqlərin aparılmasına razılıq verilməsinə qədər aksiyalarının davamında qətiyyətlidirlər. Etik qaydalara əməl etməklə haqlı olduqlarını cəsarətləri ilə bildirən aksiya iştirakçılarının tələblərində bütün dünyada ekoloji tarazlığın, ümumbəşəri dəyərlərin qorunmasına yönələn beynəlxalq çağırışlar əks olunur. Həmişə olduğu kimi, yenə də ölkəmizə qarşı təxribatlarını davam etdirən, əsassız qətnamələr qəbul etməklə bölgədə sabitliyin yaranmasına, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına mane olan qüvvələr aksiyaya siyasi don geyindirərək «məzlum ermənilərin» müdafiəsi üçün dəridən-qabıqdan çıxırlar. Guya Xankədinin blokadada saxlanılması, «yaranan humanitar» fəlakət barədə hay-küy qaldıran ermənipərəst dairələr hər cür çirkinliyə ələ atırlar. Amma aksiya keçirilən Laçın-Xankəndi yolundakı vəziyyətlə tanış olan xarici jurnalistlər etiraf etdilər ki, ekofəalların özlərinə məxsus sərvətlərinə sahib çıxmaq barədə təşkil etdikləri aksiya zamanı erməni əhalisinin hüquqlarının pozulması, humanitar və tibb yardımların göstərilməsi ilə bağlı heç bir neqativ hallara yol verilmir.

Laçın-Xankəndi yolunda yaranmış vəziyyətlə bağlı narahatlığını Prezident İlham Əliyevlə telefon danışığı zamanı bildirən ABŞ-ın dövlət katibi Antoni Blinkenə əsl vəziyyət barədə məlumat vermişdir. Laçın-Xankəndi yolunda hər hansı blokadanın olmadığını açıqlayan dövlət başçımız bildirmişdir ki, 12 dekabr 2022-ci ildən başlayan və hələ də davam edən aksiya müddətində 850-dən çoxunun Rusiya sülhməramlılarına, 120-dən artığının isə Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus olmaqla 980-nə yaxın nəqliyyat vasitəsinin bu yoldan keçməsinə şərait yaradılmışdır. Eyni zamanda, Qarabağda yaşayan xəstə və tibbi yardıma ehtiyacı olan 90-a yaxın erməni əsilli şəxsin Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə Ermənistana aparılması təmin edilmişdir. Yəni, ekofəalların aksiya keçirdikləri yolun Azərbaycan tərəfindən bağlanması barədəki böhtanlar erməniləri dəstəkləyənlərin ölkəmizə qarşı növbəti təxribatıdır. Telefon danışığı zamanı Prezident İlham Əliyev ABŞ-ın dövlət katibinin diqqətinə çatdırmışdır ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində xalqımıza məxsus faydalı qazıntı yataqlarının qanunsuz istismarı dayandırılmalı, həmin ərazidə Azərbaycanın daimi monitorinq və təftiş aparmaq imkanı təmin edilməlidir. Prezident İlham Əliyev Qarabağ iqtisadi zonasında yaşayan mülki erməni əhalisinin hüquqlarının və təhlükəsizliyinin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında təmin olunacağını da dövlət katibi Blinkenə çatdırıb.

Nəzərə alaq ki, xarici KİV-lərdə Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbə, 44 gün davam edən hərbi əməliyyatlar zamanı əsgərlərimizin ermənilərə göstərdikləri humanitar yardımlar, bölgədə yaranan yeni reallıqlar, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri ilə bağlı dərc olunan yazılarda da Azərbaycanın haqq işi müdafiə olunur. Laçın-Xankəndi yolundakı aksiya ilə bağlı vəziyyəti yerində müşahidə edən xarici jurnalistlər də heç bir neqativ halla rastlaşmadıqlarını etiraf edirlər.

Amma meşə çaqqalsız olmaz. Rüşvət, korrupsiya bataqlığına çevrilən Avropa Parlamentinin adətinə uyğun olaraq Laçın-Xankəndi yolunda azərbaycanlı ekofəalların aksiyasını ermənilər üçün «humanitar fəlakət» kimi qələmə verərək və heç bir real fakta əsaslanmadan Azərbaycanı Ermənistana qarşı hərbi təcavüzdə ittiham etməsi siyasi həyasızlığın tarixdə görünməyən rəzillikdir. Ötən ilin sonlarından başlayan Qətər və Mərakeşin maraqlarının təmsilçiləri ilə korrupsiya əlaqələri olan deputatlar və işçilərlə bağlı araşdırmaların davam etdiyi, ruşvətxorluq halları üzrə qurumun keçmiş vitse-prezidenti Eva Kailinin hazırda həbsdə olduğu bir zamanda Avropa Parlamentinin Azərbaycanla bağlı «haqq-ədalət axtarışına» çıxması iyrənclikdir. Torpaqlarımızı 30 il işğal altında saxlayan, nəzarət etdiyi Azərbaycan ərazilərində vəhşiliklər törədən, basdırılan yüz minlərlə minalar, vandalizm, qaniçənlik üçün Ermənistana «gözün üstə qaşın var» deməyən avropalı deputatların susan vicdanlarının ermənisayaq oyanması bu qurumun separatizmə, faşizmə, şovinizmə dəstəyinin açıq-aşkar görüntüsüdür. Ekofəalların aksiyasının davam etdiyi müddətdə bir erməninin burnunun qanamadığını yaxşı dərk etsələr belə, daşnakların apardıqları etnik təmizləmə, soyqırımları siyasəti nəticəsində milyonlarla azərbaycanlının qətlə yetirilməsinə göz yuman, vicdanlarını erməni kilsələrinini dollarına satan avropalı deputatların rəzilliyi haqq-ədalət tələb edən gənclərin, ekofəalların qarşısında acizlik nümünəsidir. Guya «demokratik fikirli» deputatların iblis yığıncağı olan, bölgədə daimi sülhün yaranması üçün 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan sonra ermənilərin basdırdıqları minaların qurbanı olan günahsız azərbaycanlıların faciələrini görməyən, imzalanan sənədlərdəki öhdəliyini yerinə yetirməyən Ermənistanı tənbeh etməyən Avropa Parlamentinin Azərbaycanla bağlı əsassız qətnamə qəbul etməsi qurumun adına, təşkilatda təmsil olunan demokratik ruhlu digər parlamentarlara hörmətsizlikdir.

Təbii ki, ölkəmizə qarşı təxribat kampaniyasının «ilk skripkaçısı» Fransa Prezidenti Emmanuel Makron və onun kimi ermənipərəst qüvvələrdir. Fransa Senatının 15 noyabr 2022-ci ildə qəbul etdiyi «Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi» adlı qərəzli qətnamə ilə məkrli simasını göstərən Makron bununla da kifayətlənmədi. Ölkəmizi «təcavüzkarlıqda» ittiham edən fransız senatorların «Azərbaycana qarşı embarqo qoyulması», Azərbaycanın Qarabağ bölgəsində ermənilərin yaşadıqları ərazilərdə Fransanın «humanitar bürosu»nu yaratmaq tələbləri təxribat olmaqla, eyni zamanda, heç bir hüquqi əsası olmayan sərsəmləmələr idi.
 Makronun əsl məqsədi Ermənistan-Azərbaycan sərhədinə missiya göndərmək, həmin ərazidə hərbi baza yerləşdirmək, Xankəndidə nümayəndəlik açmaq, Avropa Parlamentində (AP) Azərbaycana qarşı sanksiyaların tətbiqinə nail olmaq idi. BMT Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvü və hazırda onun sədri kimi fəaliyyət göstərən Fransanın Azərbaycan əleyhinə hazırladığı və Laçın-Xankəndi yolundakı ekoloji aksiyanın «humanitar fəlakət»” kimi təqdim edildiyi bəyanatın qəbul olunmadığından qəzəblənən Makronun növbəti dəfə Avropa Parlamentində Azərbaycana qarşı istifadə etməsi itin hürməsinə baxmayaraq karvanın öz yolu ilə getməsi məsəlinə bənzəyir. Yəni, ölkəsinin vətəndaşından aldığı şapalağın qızartısı keçməmiş, BMT-dən aldığı diplomatik yumruğunun ağrısı səngiməyən Makronun istəyinə uyğun Avropa Parlamentinin qəbul etdiyi qətnamə ürək bulandıran milçək vızıltısına bənzəyən rəzillikdir.

Xuraman İsmayılqızı, «İki sahil»