25 yanvar 2023 00:36
210

Ötən gün Laçın-Xankəndi yolundan 58 avtomobil maneəsiz keçib

Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edir.

“İki sahil” xəbər verir ki,  yanvarın 24-də Xankəndidən Laçına və əks istiqamətdə Rusiya sülhməramlılarına məxsus 46 təminat-təchizat və minik avtomobili maneəsiz keçib. Bundan əlavə, BQXK-yə məxsus 6 avtomobil səhər saatlarında Xankəndidən Laçın istiqamətinə gedib. Günorta saatlarında isə BQXK-yə məxsus 6 minik avtomobil geri dönüb.

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazi humanitar məqsədlərlə istifadə olunan avtomobillərin keçidi üçün tam açıqdır.

Etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı Ermənistan mətbuatında yayılan xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.