Azərbaycan və Ermənistan arasında sərhədlər hələ delimitasiya edilməyib. Belə olan halda Avropa İttifaqının mülki missiyası harada fəaliyyət göstərəcək?
“Fransa Cənubi Qafqaz regionunda təmsilçilik əldə etmək üçün müxtəlif təxribatlara əl atır. Hesab edirəm ki, Fransanın bu təxribatları ölkənin olmayan nüfuzunun daha da zədələnməsi ilə nəticələnir. Eyni zamanda, Fransanın Ermənistan vasitəsilə Azərbaycan və Türkiyəyə təsir etmək siyasəti ətrafında da fəallıq Makronun hakimiyyəti dövründə daha da artıb.

İstənilən halda bu gün Fransa Ermənistanın Azərbaycanla münasibətlərinin mümkün normallaşmasını, həmçinin Türkiyə ilə daha yaxşı münasibətlər qurma istəyini həzm edə bilmir. Fransa başa düşür ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərini nizamlaması ilə təzyiq alətini itirəcək. Ona görə də Fransa regionda gərginliyin qalmasında maraqlıdır, Ermənistanı sülh prosesindən yayındırmaq üçün sabotajlı siyasətini yüksələn xətlə davam etdirir.”
Bu fikirləri “İki sahil”ə açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov söyləyib.

Siyasi şərhçi diqqətə çatdırıb ki, bu gün Avropa Parlamenti və Avropa Komissiyasında Fransanın təsir imkanları genişdir: “Makronun Azərbaycan və Ermənistan arasında formalaşa biləcək sülh və etimad mühitini pozmaq planına Avropa Parlamenti dəstək verməyə çalışır. Prosesə bir qədər geniş müstəvidə baxsaq, erməni lobbisinin izlərini də aydın görə bilərik. Erməni lobbisinin Fransa hakimiyyətinə təsir imkanları genişdir. Ona görə də erməni lobbisinin çirkli pullarının Avropa Parlamentinə ötürülməsində əsas vasitəçi rolunu elə Fransanın oynadığını demək üçün kifayət qədər əsaslar var. Makron hakimiyyəti bu gün birmənalı şəkildə Ermənistanı dəstəkləmək, eyni zamanda, Avropa Parlamenti kimi qurumları Azərbaycan və Türkiyə əleyhinə qızışdırmaqla Fransanın Bakı və Ankara ilə gələcək iqtisadi-siyasi əlaqələrini sabotaj edir. İstənilən halda əlaqələrin zədələnməsindən itirən Azərbaycan və Türkiyə deyil, Fransa və onun dəstəklədiyi Avropa Parlamentindəki lobbist qruplar olacaq”.

Politoloqun sözlərinə görə, Avropa Parlamentinin üzvlərinin adı müxtəlif korrupsiya əməllərində hallanır: “Elə bu yaxınlarda Avropa Parlamentinin vitse-prezidentinin çirkli pullar, rüşvət və korrupsiya qalmaqalında günahlandırılması və həbs edilməsi ciddi problemdir. Deməli bu qurumun üzvləri erməni lobbisi ilə əlaqədə, onların “sifarişi” ilə istənilən qətnamə qəbul edə bilərlər. Avropa Parlamenti kimi qurumun erməni lobbisinin təsiri altında olması biabırçılıqdır. Bu baxımdan, bizim üçün son qətnamə əsla təəccüb doğurmur. Bu qərəzli qətnamənin siyasi və hüquqi baxımdan heç bir əhəmiyyəti yoxdur. Eyni zamanda, Avropa Parlamenti bütövlükdə Qərb demək deyil. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan dövlətlərdən biridir. Avropa Parlamentinin tutduğu mövqe Azərbaycan-Avropa əlaqələrini korlamaq iqtidarında deyil”.

Tural İsmayılov Avropa İttifaqının Ermənistana göndərməyə hazırlaşdığı iki illik missiyasının da kifayət qədər suallar doğuran fəaliyyət olduğunu qeyd etdi. Ekspert bildirib ki, Avropa İttifaqı Ermənistana iki aylıq mülki missiya göndərmişdi: “Amma bu missiyanın heç bir uğurlu fəaliyyəti olmadı. Burada incə məsələ odur ki, Azərbaycan və Ermənistan arasında sərhədlər hələ delimitasiya edilməyib. Bəs, belə olan halda Avropa İttifaqının mülki missiyası harada fəaliyyət göstərəcək?

Bu missiya Azərbaycanla şərti sərhəddə olacaqsa, onda Bakının da razılığı və maraqları nəzərə alınmalıdır. Digər tərəfdən Rusiyanın hərbi mövcudluğunun olduğu Ermənistanda Avropa İttifaqına üzv dövlətlərin, NATO üzvlərinin missiyasının fəaliyyət göstərməsi Rusiya ilə Qərb arasındakı geopolitik gərginliyin daha da dərinləşməsinə səbəb olacaq. Bütün halda Avropa İttifaqının müşahidə missiyasının Ermənistan ərazisində göstərəcəyi bütün fəaliyyət Azərbaycan tərəfindən ciddi şəkildə izlənəcək.”
Yaqut Ağaşahqızı, “İki sahil”
Vüqar Rəhimzadə: Müxtəlif xalqlar və mədəniyyətlər arasında dialoqun və əməkdaşlığın inkişaf etdirilməsi əsas çağırışlardandır
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış olublar