27 yanvar 2023 02:15
343

Mən onlar qədər xoşbəxtəm, yəni, onlardan fərqlənmirəm

Dövlət başçısı İlham Əliyev keçmiş məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıdışından keçirdiyi hissləri bölüşərək bildirir ki, ilin sonuna qədər laçınlıların birinci qrupunu artıq yerləşdirəcəyik

Son iki ildən atıq dövr fərqli bir mənzərə ilə diqqət çəkir. Tarixi Zəfərimizin reallıqlarını yaşayırıq. İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərimiz «ağıllı kənd» və «ağıllı şəhər» layihələri çərçivəsində bərpa edilir. Zəngilan rayonunda “ağıllı kənd” layihəsi çərçivəsində yenidən qurulan Ağalı kəndi ötən il sakinlərini qarşıladı. Bu mühüm hadisəni Böyük Qayıdışın ilk addımı kimi dəyərləndirən cənab İlham Əliyev bir daha tarixi Zəfərimizdən sonra aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin miqyası fonunda bildirdi ki, hər kəs bilməlidir ki, bu, asan məsələ deyil. Azad edilmiş ərazilərin miqyası dörd Lüksemburq ölkəsi qədərdir, bir Livan ölkəsinə bərabərdir, yəni, təsəvvür edin, nə qədər böyük iş nəzərdə tutulur. Dövlət başçısı bu çağırışı da etdi: “Biz azad edilmiş torpaqları müasir mütərəqqi texnologiyalara əsaslanmış böyük bir məkan kimi görmək istəyirik və indi olduğumuz Ağalı kəndinin timsalında bunu görürük. Ona görə aparıcı Qərb ölkələrinin texnologiyaları, o cümlədən tibb sahəsində və digər sahələrdə burada tətbiq edilərsə, əlbəttə ki, biz istədiyimizə nail ola bilərik.»

Prezident İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamında da qeyd olunduğu kimi, Azərbaycan öz torpaqlarını azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoydu. Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlər görülüb. Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır.

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur. Bu Milli Prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir. Prezidentin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrasını təmin etmək məqsədilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” qəbul olundu.

Dövlət başçısı İlham Əliyev soydaşlarımızın Böyük Qayıdışını təmin etmək üçün bütün zəruri addımları atır. İmzalanan hər bir sənəd bu hədəfin tamamilə gerçəkləşməsinə xidmət edir. Cənab İlham Əliyev cari ilin əvvəlində yerli televiziya kanallarına müsahibəsi zamanı bu kimi məqamlara xüsusi diqqət yönəltdi. Ölkə Prezidentinin «İndi Siz həmin keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtdığını görərkən hansı hissləri keçirirsiniz» sualına cavabı hər birimizdə böyük qürur hissi yaratdı. Dövlət başçısı «Xoşbəxtlik hissləri» söyləyərək onu da əlavə etdi ki, mən onlar qədər xoşbəxtəm, yəni, onlardan fərqlənmirəm: «Çünki onları orada görmək, gözlərini görmək, onların sevincini görmək, doğurdan da böyük xoşbəxtlikdir, həddindən böyük xoşbəxtlikdir. Əlbəttə, istəyirəm ki, tezliklə bütün keçmiş köçkünlər qayıtsınlar dədə-baba torpaqlarına və biz əlimizdən gələni edəcəyik ki, bunu tezləşdirək. Laçında hazırda yüzlərlə ev yenidən qurulur, təmir edilir, o cümlədən ictimai binalar. İlin sonuna qədər dediyim kimi, laçınlıların birinci qrupunu biz artıq yerləşdirəcəyik. Zabux və Sus kəndlərində də məncə, 200-dən çox ailə məskunlaşacaq.»

Cənab İlham Əliyev onu da əlavə olaraq qeyd edir ki, çox kəndlərdə artıq inşaat işlərinə başlamışıq. Təqribən birinci mərhələdə 100-ə qədər yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. İndi Şuşada, Ağdamda, Füzulidə, Zəngilanda çoxmərtəbəli evlərin tikintisinə də başlanılıb. Bir neçə kəndin təməli qoyuldu. Yəni, 2023-cü il artıq Böyük Qayıdışın ilk addımlarından biri olacaq. Əlbəttə, Ağalı kəndi birinci addım idi. Amma biz bu il bunu, inşallah, daha kütləvi surətdə görəcəyik.

Göründüyü kimi, Azərbaycan möhkəm təməl üzərində ən yüksək zirvələri fəth edərək qalib ölkə olaraq yeni reallıqların uğurlu həllinə səy göstərir. Bu gün Qərbi Azərbaycana qayıdacağımızdan bəhs edirik. Tarix araşdırılır, bütün həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm addımlar atılır. Dövlət başçısı İlham Əliyev ötən il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə «Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir» söyləyərək bu reallığı da diqqətə çatdırdı ki, ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var: «XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır. Ancaq, əminəm ki, icma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır.»

Reallıq budur ki, erməni millətçilərinin ayrı-ayrı dövrlərdə həyata keçirdikləri qanlı aksiyaların cografiyasının daha geniş, faciə qurbanlarının sayının qat-qat olduğunu dünyaya təqdim edən faktlar, eyni zamanda, tariximizi unutmamağa bir çağırışdır. O çağırış ki, ermənilər daim havadarlarının dəstəyinə arxalanaraq, özlərini beynəlxalq ictimaiyyətə «yazıq, məzlum, döyülən və əzilən» xalq kimi təqdim edib, dünya bu yalanları həqiqət kimi qəbul edərək, onları ərköyün uşaq kimi əzizləməkdən sanki zövq alıb. Amma unudulub ki, bir cinayətin cəzasız qalması növbəti cinayətə yol açır. Necə ki, 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə tarixə XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı yaşandı. Tarixi vərəqləməklə bu soyqırımı qədər azərbaycanlıların və türklərin müxtəlif zamanlarda ermənilərin soyqırımı və deportasiya siyasətinə məruz qaldıqlarının şahidi olar, bu günə qədər vəhşiliyi, insanlığa qarşı terroru özləri üçün bir prinsipə çevirən ermənilərə «gözün üstə qarşın var» deyilməməsindən təəssüf hissi keçiririk.

Aparılan araşdırmalar nəticəsində erməni vəhşiliyini təsdiqləyən çoxlu sayda yeni faktlar və sənədlər toplanıb. Saxta tarix yazıb, dünyanı özlərinin də inanmadıqları yalanlarına inandırmağa çalışan ermənilərin hər zaman fakt qarşısında aciz qaldıqları göz önündədir. Ermənilər və onlara havadarlıq edən dövlətlər unudurlar ki, tarix yazılmır, yaradılır. Tarixin öyrənilməsi, araşdırılması isə siyasətçilərin deyil, tarixçilərin missiyasıdır. Baxmayaraq ki, türklərə qarşı əsassız «erməni soyqırımı» iddiası ilə çıxış edən ermənilərə dünya arxivlərinin tarixçilərin üzünə açılması təklifi irəli sürüləndə dərhal bundan yayınır, «bu məsələ ilə tarixçilər deyil, siyasətçilər məşğul olur» söyləməklə vəziyyətdən çıxmağa cəhd edirlər. Təbii ki, onlar üçün məsələnin tarixçilərə, yaxud siyasətçilərə aid olması fərq etməz. Bu baxımdan ki, xatırlasaq, Rusiya ensikopediyasında ölkə rəsmilərinin «təsadüf» kimi təqdim etdiyi bu məqam – Dağlıq Qarabağ Ermənistan ərazisi kimi göstəriləndə aparılan araşdırmalardan bəlli oldu ki, bu «ideyanın» müəllifi erməni tarixçisidir. Tarix görünür bu ölkənin bəzi tarixçiləri üçün də mənbə yox, qələmlə yazılan bir kağız parçasıdır.

Araşdırmalar təsdiqləyir ki, XIX əsrin sonlarından etibarən çar Rusiyasının və digər dövlətlərin gizli və açıq himayəsindən istifadə edən erməni millətçiləri “böyük Ermənistan” yaratmaq xülyasına düşmüş, ələ keçirmək istədikləri əraziləri yerli sakinlərdən təmizləmək niyyəti ilə müxtəlif dövrlərdə Şərqi Anadoluda və Cənubi Qafqazda soyqırımı və terror aktları törədərək, 2 milyona qədər günahsız türkü və azərbaycanlını vəhşicəsinə qətlə yetirmişlər. 1905-1907-ci illərdə, onun ardınca 1918-1920-ci illərdə Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda və Azərbaycanın digər yerlərində, habelə Tiflisdə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmışdır. O da məlumdur ki, 2007-ci ildə Quba şəhərində aparılan tikinti işləri zamanı təsadüfən kütləvi məzarlıq aşkar edilmişdir. Qubadakı məzarlıqda tapılan sümüklərin ermənilərin 1918-ci ildə törətdiyi soyqırımı qurbanlarına aid olduğu təsdiqləndi. 30 dekabr 2009-cu ildə ölkə Prezidenti İlham Əliyev erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə Quba şəhərində “Soyqırım Memorial Kompleksi”nin yaradılması haqqında Sərəncam imzaladı. 2013-cü il sentyabrın Quba Soyqırımı Memorial Kompleksinin açılışı oldu. Memorial Kompleksdə tarixi sənəd və faktlar əsasında zəngin muzey yaradılıb. Kompleksin açılış mərasimində iştirak edən dövlət başçısı İlham Əliyev bildirmişdir: «Sovet dövründə təbii ki, tarix təhrif edildiyi üçün bu həqiqətlər bizdən gizlədilirdi. Uzun illər Azərbaycan xalqının qanını axıdan quldurlar, - onların da mənfur adları orada göstərilir, - Şaumyan və onun kimiləri bizə qəhrəmanlar kimi təqdim edilirdi. Hesab edirəm ki, bu, böyük faciədir. Çünki uzun illər xalqımıza qarşı amansızlıqla vəhşilik törədən ünsürlər sovet tarixində qəhrəman kimi təqdim edilirdi, onların şərəfinə abidələr ucaldılırdı. Yalnız müstəqillik dövründə biz həqiqi ədaləti bərpa etdik. Gözəl şəhərimizi, Bakımızı o abidələrdən təmizlədik və bu gün o yerlərdə gözəl parklar, o cümlədən Sahil parkı yaradılıbdır. Yəni, tarix, ədalət zəfər çaldı. Biz bu gün öz tariximizə qayıdırıq. Tarixin bütün məqamlarını bilirik, bilməliyik. Gənc nəsil də bilməlidir ki, xalqımız keçmişdə hansı fəlakətlərlə üz-üzə qalmışdır. Erməni faşizminə o vaxt düzgün qiymət verilmədiyi üçün sonra tarixin müxtəlif dövrlərində erməni faşizmi öz yırtıcı sifətini nümayiş etdirmişdir.»

1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ilk görüşünün ziyalılarla olması da təsadüfü deyildi. Ümummilli Lider tarixçilərin qarşısında tarixin saxtalaşdırılmasına yol verməməyi əsas vəzifə kimi qoymuşdu. Araşdırmaların miqyasının genişləndirilməsi, tarixi faktların dili ilə kitabların çap olunması, müxtəlif dillərə tərcümə olunması 1993-cü ildən bu günə əsas çağırışlardandır. Ulu öndər Heydər Əliyevin, eyni zamanda, son 19 ildən artıq dövrdə bu siyasətin layiqli davamçısı Prezident İlham Əliyevin çağırışına uyğun olaraq tarixçilərimiz xeyli sayda araşdırmalar aparmış, zəngin faktlar ortaya çıxarmış və onlara istinadən kitablar çap olunmuş və dünya ictimaiyyətinə çatdırılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının 2011-ci ildə keçirilən ümumi illik yığıncağında «Biz təşəbbüslərimiz, tarixə müraciətimiz və konkret dəlillərlə, faktlarla mövqeyimizi əsaslandırmışıq ki, İrəvan Ermənistanın paytaxtı kimi Azərbaycan dövləti tərəfindən 1918-ci ildə verilmişdir» söyləyən dövlət başçısı İlham Əliyev qeyd etmişdir ki, İrəvan xanlığında yaşayan əhalinin əksəriyyəti azərbaycanlılar idi: «Zəngəzur mahalı qədim Azərbaycan torpağıdır və süni şəkildə Ermənistana verilmişdir. Zəngəzur mahalının Ermənistana verilməsi böyük ədalətsizlik idi. Doğma torpağımızın bir parçası Ermənistana birləşdirildi. Bunun çox böyük mənfi nəticəsi oldu. Bu, bütün türk dünyasını parçaladı. Bu gün türk dünyası coğrafi baxımdan parçalanıb. Düzdür, biz siyasi addımlarla, iqtisadi təşəbbüslərlə, türkdilli dövlətlərin zirvə görüşlərinin keçirilməsi ilə, - mən TÜRKSOY-un fəaliyyətini də qeyd etməliyəm, - çalışırıq və çalışacağıq ki, bütün türk dünyasını birləşdirək, siyasi maraqları birləşdirək, iqtisadi sahədə daha da çoxtərəfli əməkdaşlıq aparılsın. Ancaq coğrafi cəhətdən bu gün türk dünyası parçalanıbdır. Yəni, bütün bu tarixi həqiqətlər işıq üzü görməlidir. Nəinki ölkə daxilində, eyni zamanda, xaricdə də bunu bilməlidirlər. Ona görə bu kitabların xarici dillərdə nəşri xüsusi məna daşıyır.»

Ermənilərin başına çəkilən sığal 1988-ci ildə əsassız torpaq iddialarının baş qaldırmasına yol açdı. Bunun nəticəsi olaraq Qarabağ münaqişəsi yarandı. Nəticədə ərazilərimizin 20 faizi, işğal olunmuş, 18 mindən çox azərbaycanlı qətlə yetirilmiş, 20 mindən çox dinc sakin yaralanmış, 50 mindən çox adam əlil olmuşdur. 4750 adam əsir və itkin düşmüş, girov götürülmüşdür. 877 şəhər, kənd və qəsəbə qarət edilmiş, dağıdılmış və yandırılmışdır. Münaqişə nəticəsində öz doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın sayı bir milyondan çoxdur. Əvvəldə də qeyd etdiyimiz kimi, artıq tarixi Zəfərimizin sevincini yaşayırıq. Qarabağ münaqişəsi tarixə qovuşub. Keçmiş köçkünlərin Böyük Qayıdışı başlayıb.

Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, 30 illik işğal dövründə Qarabağ münaqişəsindən bəhs edərkən cənab İlham Əliyev daim bu çağırışı edir ki, biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq: «Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı - bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq.»

Bu gün bu hədəfə doğru addımlayırıq. Dövlət başçısı İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində qeyd etdiyi kimi, əlbəttə ki, Qarabağ dərdi, problemi olan yerdə Qərbi azərbaycanlıların hüquqlarından danışmaq bəlkə də vaxtından əvvəl atılan bir atəşə bənzəyə bilərdi: «Amma bu gün hesab edirəm ki, biz tam haqlı olaraq bu mövzunu artıq beynəlxalq arenaya çıxarmışıq.» Artıq Qərbi Azərbaycana Qayıdış Konsepsiyası təsdiqlənib. Bu mühüm addım özündə bütün məqamları ehtiva edir. Müzəffər Ali Baş Komandan İlham Əliyev bu çağırışı edir: «Necə ki, vaxtilə Qarabağ mövzusu bütün Azərbaycan xalqını birləşdirdi və biz istəyimizə nail olduq, eyni yanaşmanı burada da görməliyik.»

Yeganə Əliyeva, «İki sahil»