30 yanvar 2023 15:32
633

Qərbi Azərbaycana qayıdış üçün beynəlxalq zəmanət lazımdır - Əziz Ələkbərli

Soydaşlarımız həmin ərazilərə qayıtdıqdan sonra da Qərbi Azərbaycan İcması olaraq fəaliyyətimizi davam etdirəcəyik

Qərbi Azərbaycana Qayıdış böyük bir prosesdir. Buna beynəlxalq zəmanətlə yanaşı, Ermənistan dövlətinin də təminatı lazımdır. Sonuncu deportasiya zamanı o ərazilərdən qovulmuş soydaşlarımızın əksəriyyətinin bölgələrdəki evi, əmlakı, mülki əvəzi ödənilmədən əllərindən alınıb. Ona görə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında həmin soydaşlarımızın mülkiyyət hüququnun bərpa olunması məsələsi qoyulub. Eyni zamanda, onların torpaq sahələrinin icmalara qaytarılması məsələsi konsepsiyada öz əksini tapıb ki, Qərbi Azərbaycan İcması olaraq biz təkcə bu köçürülmə prosesində fəal iştirak etməklə işimizi bitmiş hesab etməyəcəyik. Soydaşlarımız həmin ərazilərə qayıtdıqdan sonra da Qərbi Azərbaycan İcması olaraq fəaliyyətimizi davam etdirəcəyik - təbii ki, beynəlxalq təşkilatlarla, o ərazidə yerləşən, yəni, Qərbi Azərbaycan İcmasının etibar etdiyi dövlətin sülhyaratma missiyası ilə bir yerdə. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə bir yerdə vətəndaşlarımızın həmin ərazidə təhlükəsiz yaşaması məsələsi həll olunmalıdır.

Hansı ərazilərə ki, soydaşlarımız köçürüləcək, o ərazilərin toponimlərinin geri qaytarılması, Azərbaycan adlarının bərpa olunması məsələsi də Qayıdış Konsepsiyasında öz əksini tapıb

“İki sahil” xəbər verir ki,  bu sözləri Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli deyib.

O, həmçinin qeyd edib ki, son 200 ildə soydaşlarımız etnik təmizləmələrə, deportasiyalara, soyqırımlara məruz qalaraq həmin coğrafiyalardan zorla köçürüldükdən, çıxarıldıqdan sonra bu ərazilərdəki Azərbaycan izləri ermənilər tərəfindən silinib, məhv edilib. Toponimlərimiz dəyişdirilib, abidələrimiz saxtalaşdırılıb, məhv edilib. Bu ərazilərdəki tarixi-mədəni abidələrimizin vəziyyəti dəyərləndirilməlidir. Onların bərpası məsələsi gündəmə gəlməlidir. Hansı ərazilərə ki, soydaşlarımız köçürüləcək, o ərazilərin toponimlərinin geri qaytarılması, Azərbaycan adlarının bərpa olunması məsələsi də Qayıdış Konsepsiyasında öz əksini tapıb.