31 yanvar 2023 22:50
1505

Macarıstan ölkəmizin Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir - Kamran Bayramov

Azərbaycan və Macarıstan arasında dostluq və əməkdaşlıq münasibətləri strateji tərəfdaşlıq ruhunda  yüksək səviyyədə inkişaf edir. Macarıstan ilə əlaqələrin hərtərəfli inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin mühüm yerlərdən birini tutur. Macarıstan ölkəmizin Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir. 1991-ci il dekabrın 26-da Azərbaycan Respublikasının müstəqilliyini tanıyan Macarıstanla diplomatik münasibətlər 1992-ci il aprelin 27-də qurulub. 2022-ci ildə diplomatik münasibətlərimizin qurulmasının 30 illiyi qeyd edilib. 

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib. 

K.Bayramov qeyd edib ki, ölkələr arasında parlamentlərarası münasibətlər də yüksək səviyyədə inkişaf edir. Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun 14 üzvü var. Macarıstan parlamentində isə səkkiz deputatın təmsil olunduğu Macarıstan-Azərbaycan dostluq qrupu fəaliyyət göstərir. Bu vaxtadək iki ölkə arasında imzalanan 50 sənəd müqavilə-hüquq bazasının möhkəmlənməsində mühüm rol oynayıb. Çoxtərəfli platformada, xüsusilə BMT, ATƏT, NATO, Aİ, Şərq Tərəfdaşlığı, Vişeqrad Qrupu, Türk Dövlətləri Təşkilatı çərçivəsində iki ölkə arasında davamlı əməkdaşlıq əlaqələri inkişaf etdirilir. 2004-cü ildə Azərbaycanın Macarıstanda, 2009-cu ildə isə Macarıstanın ölkəmizdə səfirliyi təsis olunub. Azərbaycanın Macarıstandakı səfirliyi 2004-cü il sentyabr ayında, Macarıstanın Azərbaycandakı səfirliyi isə 2009-cu il yanvarında yaradılıb.  Macarıstan 2014-cü il noyabrın 11-də Azərbaycanla strateji əməkdaşlıq haqqında razılaşma imzalayıb. Macarıstanda hazırda xeyli azərbaycanlılar yaşayır, Macarıstan universitetlərində Macarıstan dövləti hesabına yüzlərlə azərbaycanlı tələbə təhsil alır. Dövlət rəsmilərimiz arasında mütəmadi görüşlər keçirilir.

Deputat diqqətə çatdırıb ki, Azərbaycanın ərazi bütövlüyünə münasibətdə Macarıstanın mövqeyi hər zaman dəyişməz olub. Bu dövlət ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyümüzü qətiyyətlə dəstəkləyib. Həmin dəstək Vətən müharibəsi dövründə də, bu gün də davam edir. Ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcminin qısa zaman kəsiyində əhəmiyyətli dərəcədə artımı əlaqələrin yüksək səviyyədə olmasının əyani göstəricisidir.  2021-ci ildə Azərbaycan ilə Macarıstan arasında ümumi ticarət dövriyyəsi 35,16 milyon ABŞ dolları təşkil edib. 2022-ci ildə isə 47,4 milyon ABŞ dolları təşkil edib ki, bu da, əvvəlki illə müqayisədə 34,81 faiz artım deməkdir. 

K.Bayramov xüsusi olaraq bildirib ki, dövlətimizin başçısı cari ilin 30 yanvar tarixində Macarıstana rəsmi səfəri zamanı Budapeştdə mətbuata verdiyi bəyanatda bildirib ki, Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi bundan sonra da, həm ikitərəfli əməkdaşlığı dərinləşdirəcək, həm də, təmsil olunduğumuz beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi də bir-birinə əsirgəməyəcək. Uzun illər ərzində apardığımız uğurlu siyasət, birgə addımlar bu gün enerji sahəsində əməkdaşlıq üçün çox güclü zəmin yaratdı. 

Uğurlardan, inkişafdan danışarkən xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edən ölkədir. Eyni zamanda, ölkəmiz Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyini təmin edir. Azərbaycan neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları ixrac edir. Azərbaycanın enerji resurslarına ehtiyac heç vaxt olmadığı qədər böyükdür. Azərbaycan öz qaz resurslarını Avropa bazarlarına çatdırmaq üçün fəal çalışırdı və nəticə etibarilə iki il bundan əvvəl Cənub Qaz Dəhlizi icra edildi. Bu, çox müasir enerji infrastrukturudur, uzunluğu 3500 kilometrdir və artıq iki ildir ki, Azərbaycan Avropa İttifaqı məkanına öz təbii qaz resurslarını çatdırır. Ötən il  Avropa Komissiyası ilə imzalanmış sənədə əsasən, Azərbaycan qaz təchizatını iki dəfə, bəlkə ondan da çox artırmağı planlaşdırır. Bir zamanlar tarixə qovuşmuş sayılan NABUKKO layihəsi artıq canlanıb. Bu gün interkonnektorlar vasitəsilə Azərbaycan qazı Bolqarıstana, ondan sonra Rumıniyaya, ondan sonra Macarıstana və Macarıstandan sonra isə digər Avropa ölkələrinə çatdırılacaqdır. Macarıstan təkcə Azərbaycan qazının istehlakçısı deyil, eyni zamanda, Azərbaycan qazını digər Avropa ölkələrinə tranzit edən ölkə kimi fəaliyyət göstərəcək. Avropa ölkələri ilə Azərbaycan arasında əməkdaşlıq üçün dayanıqlı nəqliyyat yollarının olması da çox önəmlidir. Bu məqsədlə ölkəmizdə nəqliyyat şəbəkəsinin şaxələndirilmiş zənciri yaradılıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, coğrafi yerləşmənin üstünlüklərindən faydalanaraq ölkə olaraq müasir infrastruktur – dəniz limanı, dəmir yolu bağlantıları, bir neçə beynəlxalq hava limanları, avtomobil yolları yaratdıq. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşir. Açıq dənizə çıxışı olmayan ölkə olmasına baxmayaraq, düzgün strategiya nəticəsində Azərbaycan önəmli nəqliyyat mərkəzinə çevrilib.

Deputat əlavə edib ki, müharibədən sonra macar şirkətlərinin ölkəmizin işğaldan azad edilmiş ərazilərində quruculuq işlərinə qoşulmağa hazırlaşması iki ölkənin dostluq münasibətlərinin bariz nümunəsidir.  Macar şirkətləri azad edilmiş Qarabağ və Zəngəzur torpaqlarında da fəaliyyət göstərəcək. Dövlət başçımız qeyd edib ki, Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi bundan sonra da həm ikitərəfli əməkdaşlığı dərinləşdirəcək, həm də təmsil olunduğumuz beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi də bir-birinə əsirgəməyəcək. Azərbaycan çox maraqlıdır ki, şəhərsalma istiqamətində hansı ki, Macarıstanın çox böyük təcrübəsi var, birgə işləyək. Çünki on min kvadratkilometrə bərabər olan azad edilmiş torpaqlarda bir daş daş üstə qalmayıb. Bütün binalar, bütün infrastruktur işğal dövründə dağıdılıb.