02 fevral 2023 22:41
738

HEYDƏR ƏLİYEV XALQIN QÜRUR MƏNBƏYİDİR

Ulu öndər Heydər Əliyev öz dühası, qüdrəti, böyüklüyü ilə bəşəriyyətə mənsub olan tarixi şəxsiyyətlərdəndir. Bir fenomen olaraq onun yarıməsrlik tarixi epoxası çağdaş dövrümüzün canlı, şərəfli səhifəsi, bu günümüzə və gələcəyimizə örnək olan bir tarixdir.

Tarix yaradan insanlar əbədiyyətə həkk olunan ideya və əməlləri ilə yaşadıqları dövrə, zamana sığmır, illərlə yaşayır, zamandan-zamana, dövrdən-dövrə tarixlə adlayırlar.

Hər bir azərbaycanlının qəlbində yüksək insani dəyərliliyi ilə unudulmaz izlər buraxan, adı zaman və məkan hüdudlarını, yaşadığı dövrün sərhədlərini aşan, ideyaları və əməlləri təkcə dünənin deyil, bu günün və sabahın simasını müəyyənləşdirən misilsiz Öndər, böyük azərbaycanlı, ictimai tarixi fenomen Heydər Əliyevin ömür yolu, zəngin ictimai siyasi fəaliyyəti müasir tariximizdə mühüm və şərəfli mərhələni təşkil edir.

Bu gün fəxarətlə söyləmək olar ki, dünya dövlətlərinə sürətlə inteqrasiya olunan müstəqil Azərbaycan dövləti, onun zəngin mədəni irsi,sivil intellektual potensiala malik xalqımızın çağdaş milli tarixinin son bir qərinəsi Heydər Əliyevin milli mənafeyi hər şeydən uca tutan, vətən və millət sevgisindən qaynaqlanan fəaliyyəti ilə bağlı olmuşdur.

Xalqımızı tarixin amansız keşməkeşlərindən uğurla keçirib yaşatmış, inkişafa istiqamətləndirmiş, daim onun öz taleyinin hakimi olmasına çalışmış Ulu Öndərin on illərlə apardığı mükəmməl islahatlar, dövlət quruculuğu prosesinin bütün vacib məqamlarını və elementlərini özündə ehtiva edən idarəetmə sistemini yaratması, ölkəni gələcək uğurlara aparan irimiqyaslı enerji layihələrinin əsasını qoyması və onun gerçəklənməsi üçün əzm, qətiyyət göstərməsi son nəticədə iqtisadi müstəqilliyimizin və iqtisadi təhlükəsizliyimizin maddi maliyyə bazasının genişlənməsi ilə nəticələndi ki, bu da güclü iqtisadiyyatın, möhkəm sosial infrastrukturun permonentliyini təmin edərək Azərbaycan uğrunda aparılan cahanşümül işlərin ana xətti sayıla bilər. Məhz bu siyasətin nəticəsidir ki, müasir Azərbaycan dünyada öz layiqli yerini tutaraq möhkəmlənməkdə və getdikcə regionun böyük perspektivləri olan bir dövlətə çevrilməkdədir.

Ulu Öndərimiz tufanlı və bəzən ağrı-acılı, siyasi və sosial-iqtisadı təbəddulatlardan çıxararaq sıx birliyə, iqtisadi yüksəlişə nail oldu, hüququ dövlətin və demokratik cəmiyyətin bünövrəsini qoydu, təbii sərvətləri zəngin, lakin infrastrukturu olmayan, milli intellektual potensialı dağınıq bir ölkədə möhkəm özül yaratdı, iqtisadi, elmi-texniki, mədəni resurslarımızı səfərbər edib uzunmüddətli inkişaf strategiyasını müəyyənləşdirdi, daxili dəyişikliyi uğurla başa çatdıraraq ölkəni dinamik inkişaf yoluna çıxardı.İstisnasız olaraq son 50 ildə xalqımızın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatındakı yüksəliş məhz onun adı ilə bağlıdır.

Müstəqil dövlətçiliyin qorunub saxlanılmasını, vətəndaş birliyinin yaradılmasının milli-mənəvi və konseptual əsaslarını da məhz dahi Şəxsiyyət Heydər Əliyev müəyyənləşdirdi, ən başlıcası isə müstəqil dövləti vətəndaşların xidmətinə təqdim etməyin əsl nümunəsini göstərdi.

Bu illər ərzində o öz şəxsi həyatını yaşamadı,bütün həyatını xalqa fəda etdi.Azərbaycan adlı bir dövlətin bayrağını ucalara qaldıraraq, onun dönməzliyini təmin etdi.

Ulu Öndər özünə xas siyasi duyumu ilə zamanın tələbini hamıdan daha çox hiss etdiyi və bunu lazımınca qiymətləndirməyi bacardığı üçün öz xalqını tarixin acı,sərt taleyüklü sınaq məqamlarından uğurla çıxara bilmişdir. Məhz ölkənin gələcək inkişaf modelini yaratmaq Ulu Öndərin siyasi reallıqları,problemləri dərindən bilmək ,onun istiqamətlərini, inkişaf yollarını düzgün göstərmək, bu gün və gələcək üçün vəziyyəti proqnozlaşdırmaq bacarığı sayəsində mümkün oldu.

Xarakterindəki bütövlük, milli qürur hissi və uzaqgörənlik ona-böyük və müqəddəs ideyaların daşıyıcısına fəaliyyəti boyu Azərbaycan xalqının istiqbalı, azadlığı və yüksəlişi yollarını düşünməyə, bu müqəddəs arzuları hissə-hissə həyata keçirməsinə imkan vermişdir. Onun qismətinə düşən tale yolu sübut etdi ki, son və müqəddəs amal yalnız və yalnız müstəqil, xoşbəxt, inkişaf edən Azərbaycandır. Cəsarətlə demək olar ki, bugünkü sosial-iqtisadi, elmi, mədəni həyatımızdakı bütün yeniliklərin ideoloqu, təşkilatçısı, ilhamvericisi və qurucusu böyük Öndər Heydər Əliyev olmuşdur.

Bütün ömrünü, həyatını canından artıq sevdiyi xalqına,vətəninə həsr etməkdən rahatlıq tapan və zövq alan insanlar üçün bundan ülvi istək,müqəddəs amal yoxdur. Böyük yaradan da belə insanları yalnız bu amala,istəyə xidmət etməyə məhkum edir. Sovet dövlətinin ictimai xadimi Baybakovun fikirləri unikallığı ilə son dərəcə diqqəti cəlb edəndir.O deyirdi: “Mənim azərbaycanlıların öz vətənlərinə bağlılığına zərrə qədər şübhəm yoxdur.Lakin mən Heydər Əliyev qədər vətənini və millətini sevən ikinci azərbaycanlı təsəvvür etmirəm”.

Heydər Əliyevin ömür yoluna nəzər saldıqda görürük ki, onun bir addımı belə boş yerə atılmayıb. O, nə etdiyini və nə istədiyini çox gözəl bilirdi.  Bütün ömrü boyu tükənməz enerjiylə dövlətciliyə və xalqa xidmət edən Heydər Əliyevə yorulmaq hissi yad idi.

Usanmadan qurub yaratmaq yazılmışdır bu fədakar ömrə. Tariximizə millət atası, milli varlığımızın daşıyıcısı kimi düşən böyük Öndər dünya siyasətinə Azərbaycan adlı bir dövləti qürurla, xalqının əzəmətli tarixinə, zəngin mədəniyyətinə və istedadına güvənərək təbliğ etdi,tanıtdı.Beynəlxalq siyasətin bütün mürəkkəblikləri, ziddiyyətləri, gizli çəkişmələri fonunda vəziyyətdən asılı olmadan, öz siyasi istedadına,məntiqinə,çevik manevrlərinə, uzaqgörənliyinə, nüfuzuna güvənərək yalnız və yalnız Azərbaycan dövlətinin, Azərbaycan xalqının maraqlarını müdafiə etdi. Dünyanın hansı dövlətinə getdisə, onun məntiqinə, siyasi ustalığına, yüksək intellektinə, qeyri-adi yaddaşına heyran qaldılar. Böyüklüyünə, ucalığına və istedadına bütün dünya baş əydi.

Son dərəcə əlverişli coğrafi məkanda yerləşən, zəngin yeraltı və yerüstü sərvətləri olan Azərbaycan tarixən super güclərin maraq dairəsində olub. Onların bu ölkəni ələ keçirmək,onun sərvətlərinə sahib olmaq niyyəti hər zaman aktual olmuşdur.

Tarixin təəssüf doğuran bir gərçəkliyi də odur ki, bəzən zəngin təbii sərvətlərə malik ölkələr uzun illər böyük dövlətlərin təzyiqi altında müstəqil siyasət yürüdə bilməmiş, öz qiymətli sərvətlərindən xalqlarının firavanlığı və tərəqqisi üçün istifadə etmək imkanını itirmiş, yalnız böyük mücadilə yolu keçərək öz taleyinin sahibi olduqdan sonra bu və ya digər dərəcədə öz məqsədinə nail olmuşdur. Heydər Əliyev zəngin təbii sərvətlərdən Azərbaycan xalqının rifahı naminə istifadə edilməsi prinsipini dövlət siyasətinin əsas prioritetinə çevirdi. Həyatın bütün sahələrinin dinamik inkişafı,tikinti-quruculuq işlərinin görünməmiş vüsət alması, kənd və şəhərlərimizin simasının əsaslı şəkildə dəyişməsi, elm, təhsil, mədəniyyət, səhiyyə və bütün sahələrin güclü yüksəlişi, xalqın həyat şəraitinin durmadan yaxşılaşması ilə ölkənin iqtisadi və siyasi həyatında dönüş yaratdı, yeni bir mərhələ başladı.

Bu dövr-intibah, çiçəklənmə böyük nailiyyətlər və uğurlar mərhələsi oldu.Heydər Əliyev Azərbaycana bütün sahələrdə inkişaf, xalqa arzuladığı rifahı bəxş etdi. Bu böyük zəka sahibinin dövləti və milləti qarşısında ən böyük xidmətlərindən biri də məhz enerji resurslarından düzgün istifadə,onun inkişafına nail olması və bu sahəni millətin maraqlarına cavab verən amilə çevirməsi oldu. Böyük Öndərin misilsiz xidmətləri sayəsində Azərbaycan dünyada ən məşhur sənayə ölkəsinə çevrildi. Yeni yataqların kəşfiyyatı, qazılması, işlənməsi, mütərəqqi texnologiya və üsullardan istifadə etməklə sənayə konsepsiyasının nəzəri inkişafını təmin edən elmi-tədqiqat institutları, istehsalat birlikləri, müxtəlif müəssisələrin yaradılması yalnız Heydər Əliyev fədakarlığı sayəsində mümkün oldu.

Xəzəryani zəngin karbohidrogen hasilatının dünya bazarlarına nəqli ideyası mövcud tarixi şəraitdə çoxları üçün əfsanə hesab edilirdi.Onun hər vəchlə əleyhinə çıxan qüvvələr daim cürbəcür çətinliklər yaratmağa səy göstərərək mötəbər və nüfuzlu maliyyə dairələrində bu layihələr barədə mənfi rəy yaradırdılar.Layihələrin səmərəsiz, böyük siyasi, kommersiya, ekoloji risklərə malik olduğu barədə dünya kütləvi informasiya vasitələrində şayiələr yayılırdı.

Ulu Öndərin əsasını qoyduğu enerji ehtiyatlarından istifadə konsepsiyası beynəlxalq birliyin Azərbaycana inamını, etimadını formalaşdıran əsas amil oldu. Bu, həm də iqtisadi amildən siyasi təsir vasitəsinə çevrilərək ölkənin geosiyasi maraqlarını təmin edən, qlobal məkana inteqrasiyanı reallaşdıran, Cənubi Qafqazda enerji təhlükəsizliyini qoruyan və sabitliyi mühafizə edən, əhalinin sosial təminatını, dövlətin iqtisadi rifah və tərəqqisini stimullaşdıran, eyni zamanda dövlət müstəqilliyimizin davamlılığına və inkişafına təminat olan vacib faktordur. Məhz bununla da Heydər Əliyev ölkənin iqtisadi inkişaf proqramına, sosial-siyasi yüksəliş konsepsiyasına, ölkənin uğur memorandumuna imza etmiş oldu.Həyata keçirilən bu strateji hədəf iqtisadiyyatımızın sürətlə yüksəlişi üçün möhkəm təməl yaratdı ki,bu da beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaşlığımızın qurulmasında və ölkəmizin beynəlxalq aləmə inteqrasiyasinda başlıca amil sayıla bilər.

Ömrünü xalqına bağışlayan insan xalqına qurduğu, möhkəmləndirdiyi və etibarlı əllərə əmanət etdiyi bir Azərbaycan qoydu.

Azərbaycan xalqının qüdrətli oğlunun tarixi xidmətlərindən danışarkən hansı sahədən başlasan, mütləq vətənpərvərlikdə, böyük ümumxalq məhəbbətində dayanmalı, fikrini milli qanun və təəsübkeşlik hissləri ilə tamamlamalı olursan. Başqa cür də mümkün deyil. Çünki bu amal onun həyatının başlıca məramı idi. O,bütün həyatını yalnız bu məqsədə həsr etdi.

Heydər Əliyev dühasına bələd olan, dünyanın siyasi arenasının aparıcı şəxsiyyətləri də onu tarix yaradan dövlət başçısı, böyük ,mürəkkəb siyasi proseslərə təsir etmək gücünə malik siyasətçi kimi dəyərləndirirdilər.

Fəaliyyəti boyu Azərbaycanda dinamik iqtisadi inkişafın sürətləndirilməsinə, cəmiyyət həyatının bütün sahələrinin mütərəqqi inkişafına, islahatların aparılmasına təminatlar yaradan Heydər Əliyev ölkəni dünyanın qabaqcıl dövlətlərindən birinə çevrilməsini ən ali məqsədlərdən biri olduğunu açıq ifadə edirdi. Onun həyata keçirdiyi genişmiqyaslı islahatların qayəsində məhz iqtisadi artımın mütamadi yüksəldilməsi məsələləri dayanırdı.

Ulu Öndər ölkənin gələcəyini zəngin maddi sərvətlərdə deyil,haqlı olaraq məhz insan kapitalının formalaşmasında görür və bu da onun dünyadakı müasir inkişaf meyillərini düzgün qiymətləndirməsindən xəbər verirdi.

Həyata keçirdiyi tədbirlər deməyə əsas verirdi ki, respublikamız dayanıqlı iqtisadi inkişaf tempini heç də neft gəlirləri hesabına deyil, məhz bilik, informasiya texnologiyaları, elm tutumlu sahələrin dinamik inkişafı,güclü insan kapitalının formalaşması sayəsində təmin edəcəkdir.

Heydər Əliyev Azərbaycan üçün hər şey etdi. Ölkənin xarici siyasət kursunun prioritetlərindən olan Avratlantik məkana inteqrasiya proseslərinin surətlənməsi,beynəlxalq təşkilatlarla əlaqələrin daha da dərinləşməsi və genişlənməsinə böyük imkanlar yaratdı.

Bu illərdə ölkəmiz Avropa Birliyinin “Yeni Qonşuluq Siyasəti” proqramına qoşulmuşdur. Bütün bu uğurlar Heydər Əliyevin dövlətçilik və milli maraqların təmini, ümummillli maraqlara çatmaq üçün müəyyən etdiyi konsepsiyanın konturlarıdır.

Zaman keçdikcə qazanılan uğurlar, əldə edilən böyük nailiyyətlər bizə bu fitri istedad və dərin zəka sahibinin nə qədər uzaqgörən bir insan olduğunu bir daha təsdiq etmiş olur.

Bu gün tam əminliklə söyləmək olar ki, Heydər Əliyevin milli maraqlara söykənən inkişaf strategiyası nəinki Azərbaycanın XXI əsrdəki inkişafının əsasını qoydu, həm də ölkənin bütün resurslarını hərəkətə gətirərək yeni inkişaf mərhələsinə yol açdı və beləliklə onu Cənubi Qafqazın lider dövlətinə çevrilməsində həlledici rol oynadı.

Heydər Əliyevin ucaltdığı müstəqil Azərbaycan Respublikasının dövlətçilik “binası”, tarixin sınaqlarına davam gətirən, xalqımızın birliyinə əsaslanan qranit üzərində qurulmuşdur.

Ümummilli liderimiz Heydər Əliyev ölkəni hiper inflyasiyadan, total ictimai-siyasi və sosial böhrandan, xaosdan xilas etmiş, siyasi, makroiqtisadi, makromaliyyə stabilliyi yaratmışdır. Onun müdrikliyi ölkə qarşısında duran taleyüklü hər bir işə sistemlə yanaşmasında, onların həllinə xalqın, dövlətin bütün resurslarını cəlb edə bilməsində olmuşdur.

Heydər Əliyev dövlətin daha bir təməl prinsipini – azərbaycançılıq ideologiyasını yaratmışdır. Məhz bu ideologiya sayəsində biz milli ideya,milli mənlik şüuru, milli identiklik, milli kimlik, millətin mədəniyyəti və digər mühüm anlayışları yeni tərzdə dərk etməyə başladıq. Xalqımızın vahid qüvvə kimi birləşməsində Ulu Öndərin xidmətləri ölçüyəgəlməzdir. Azərbaycan xalqına qarşı soyqırımı,onun deportasiyalara məruz qalması haqqında həqiqətləri ilk dəfə yüksək tribunalardan dünya ictimaiyyətinə çatdıran məhz Həydər Əliyev olmuşdur. Ümummilli Liderin əzmkarlığı sayəsində Azərbaycan haqqında tarixi həqiqətlərin bərpa edilməsi üçün çox böyük elmi tədqiqat işləri aparılmış və bunun nəticələri göz qabağındadır.

Heydər Əliyev dövlət quruculuğu ustadı, idarəetmə akademiyası, tükənməyən zəka, bilik, təcrübə, qətiyyət, mərdlik, cəsarət mənbəyi idi. Bunlar təkcə fitri istedadın məhsulu deyildi.

Heydər Əliyev Azərbaycan Prezidenti seçilməmişdən çox-çox əvvəl ölkəmizidə də, ondan çox uzaqlarda da qətiyyətli, cəsarətli, dövlət başçısı, etibarlı partnyor və nüfuzlu şəxsiyyət kimi tanınırdı. 

Heydər Əliyev iqtisadiyyatın dövlət tənzilməsini,bazar iqtisadiyyatı prinsiplərinə alternativ hesab etmirdi. O, bazar iqtisadiyyatının hər şeyi avtomat tənzimləmə xassəsinə malik olduğunu və dövlətin iqtisadiyyatdan tamam “getməsi” mövqeyinin yalnış olduğunu bəyan edirdi. Heydər Əliyevin haqlı olduğunu dünya təcrübəsi, elə Azərbaycanın öz təcrübəsi də dəfələrlə təsdiq etmişdir. Hazırda Çin,Sinqapur iqtisadiyatının uğurları dövlətin iqtisadiyyatda fəal rol oynaması sayəsində təmin olunur.

Nə istehsal etmək? Nə qədər istehsal etmək? Kimin üçün istehsal etmək? Bu problemləri sahibkar müstəqil həll etsə də, onların hər biri dövlət tənzimlənməsi olmadan, təkcə bazar mexanizmləri, alət və vasitələri tərəfindən həll edilməsi mümkün deyildir. Dövlət bazar iqtisadiyyatının səmərəli fəaliyyət göstərməsinə təsir etmək üçün güclü alətlərə malikdir.

Uğurlar sənaye məhsulları istehsalında, tikintidə, informasiya və kommunikasiya texnologiyaları sistemində, ÜDM istehsalın tempində, idxal-ixrac əməliyyatlarında,onların struktururnun yeniləşməsinə, ölkənin maliyyə imkanlarının, daxili investisiya qoyuluşlarının, iqtisadi fəallıq və təşəbbüskarlığın artımında, yeni iş yerləri yaradılmasında,yoxsullugun azaldılmasında, bir sözlə sosial-iqtisadi həyatın bütün sahələrində qazanılmışdır.

Qazanılan uğurları təkcə neft amili ilə bağlamaq yalnışlıq olardı. Azərbaycanın geostrateji mövqeyi, nefti və digər potensial imkanları əvvəllər də mövcud olmuşdur. Lakin belə yüksək sosial-iqtisadi inkişaf tempi Azərbaycanda heç vaxt olmamışdır.

Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi və iqtisadi stabillik, dövlətçilik ənənələri möhtərəm Prezidentimiz İlham Əliyevin ölkə prezidentliyi dövründə daha da inkişafı və möhkəmlənməsi təmin edilmiş, xarici siyasət konsepsiyasında müdafiə mövqeyindən aktiv fəaliyyətə keçidi təmin etmək üçün ciddi ugurlara imza atılmlşdır.

Tam əminliklə demək olar ki,XX əsrin ikinci yarısında və XXI əsrin əvvəlində Azərbaycanın əldə etdiyi bütün uğurlar Heydər Əliyevin adı ilə qırılmaz surətdə bağlıdır. Bu həqiqəti çıxışlarının birində çox dəqiq ifadə edən Prezident İlham Əliyev demışdir: “XXI əsrdə Azərbaycanın milli dövlətçiliyi elə bir insanın həyat fəaliyyətinin bəhrəsidir ki, onun amalları Azərbaycançılıq ideyasının zəfər çaldığı, fərdin hüquq və azadlıqlarının təmin edildiyi, iqtisadiyyatın ardıcıl surətdə yüksəldiyi və ictimai inkişafa nail olunduğu məkan qurulmasına yönəlmişdir”.

Artıq Azərbaycan milli inkişaf strategiyasında keçid mərhələsini uğurla adlayaraq, yüksəlişin keyfiyyətcə növbəti fazasına qədəm qoymuşdur. Bu mərhələdəki məqsədlərə nail olmağın yolu isə XXI əsrdə ölkəmizin siyasi, iqtisadi və sosial mədəni gerçəkliyini modernləşdirməkdən keçir. Son illərdə daxili və xarici siyasətdə qazanılmış çox böyük uğurlar indi inkişafın Azərbaycan modeli haqqında danışmağa əsas verir. Ölkənin mövcud reallıqları və perspektivləri sübüt edir ki, modernləşmənin Azərbaycanın timsalında çox böyük inkişaf ehtiyatları vardır və onların hərəkətə gətirilməsi ölkənin sürətli tərəqqisinə birbaşa təsir göstərir.

Prezident İlham Əliyev Azərbaycanın müasirləşdirilməsinin başlıca məqsəd olduğunu dəfələrlə bildirərək demişdir ki, biz ölkəmizi hər cəhətdən müasirləşdirməliyik. Azərbaycan sözün əsl mənasında inkişaf etmiş ölkəyə çevrilməlidir, bu, bizim məqsədimizdir. Dünyada inkişaf etmiş ölkələrin sayı çox deyil və Azərbaycanın bütün meyarlar üzrə bu sıraya daxil olmağa imkanları vardır. Müasir dunya mustəvisində günəş kimi parlayan Azərbaycanın ən böyuk uğurları sırasına ölkənin Birinci Xanımı, Heydər Əliyev Fondunun Prezidenti, ölkənin Birinci Vitse-prezidenti xanım Mehriban Əliyevanın təyinatını aid etmək olar. Ona Azərbaycan naminə titanik fəaliyyətində uğurlar arzulayırıq.

Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur. Ulu Öndərin müəyyənləşdirdiyi müstəqil dövlətçilik siyasəti xalqımızın gələcəyinə yönəlmişdir və Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə xidmət edir. Bu siyasi xətt dünyanın yeni nizamına uyğun olaraq, bəzi məqamlarda isə ona təsir göstərərək təkamül yolu ilə inkişaf edir. Məhz buna görədir ki, Azərbaycan dünya siyasətində öz sözünü deməklə yanaşı, digər dövlətlərin də problemlərini həll etməyə qadir olan dövlətə çevrilir. Bunun üçün sarsılmaz zəmin-dahi Heydər Əliyevin müəyyənləşdirdiyi praqmatik xarici və daxili siyasəti olan hüquqi, demokratik, müstəqil Azərbaycan dövləti və bu ideyaların daşıyıcısı Azərbaycan xalqı və onu yeni zəfərlərə aparan müdrik Prezidenti İlham Əliyev vardır.

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son 20 ildə milli yüksəlişin şərəfli mərhələsini yaşayır. Bunu 44 günlük şanlı Vətən müharibəsində müzəffər Ali Baş Komandanın, rəşadətli ordumuzun və müdrük xalqın qazandığı parlaq gələbə bir daha təsdiq edir. Xalqımız Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olmasına tam əmindir və inanır ki, İlham Əliyev ölkəmizi Heydər Əliyev yolu ilə daha işıqlı gələcəyə aparır.

Təranə KƏRİMOVA,
Azərbaycan Dövlət İqtisad Universitetinin Qiyabi və əlavə təhsil mərkəzinin direktor müavini, dosent,
UNEC Qadınlar Şurasının sədri