02 mart 2023 02:36
848

Heydər Əliyev və milli-tarixi yaddaşın bərpası olan Novruz bayramı

Novruz bayramı xalqımızın çox qədimə gedib çıxan tarixindən xəbər verir. Bu bayram Azərbaycan xalqının mənəviyyatını və onun uzaq keçmişdən varlığını əks etdirir. Təbiətin canlanmasının, birlik və bərabərliyin simvolu olan Novruz Qafqazda, Mərkəzi Asiyanın türk respublikalarında XX əsrin əvvəllərindən başlayaraq 1960-cı illərə qədər bəzi siyasi səbəblərə görə qadağan edilmiş, onun unutdurulmasına çalışılmışdır.

Ulu Öndər ölkəmizdə rəhbərliyə gəldiyi ilk vaxtlarda sovet hakimiyyətinin qadağa və təzyiqlərinə baxmayaraq, xalqımızın milli ruhunun oyanışına təkan verən amillərə xüsusi hörmətlə yanaşırdı. Novruz bayramının qədim köklərə aid olduğunu, xalqımızın qəlbində əbədi yaşayacağını daima vurğulayan Ümummilli Lider bu bayramın o vaxtkı sovet rəhbərliyinin sərt rejimi, qadağaları dövründə bütün ölkə miqyasında yüksək səviyyədə təşkil olunmasına və böyük coşqu ilə keçirilməsinə nail olmuşdu. Qürurla qeyd etməliyik ki, məhz Ulu Öndərin sayəsində xalqımız öz adətlərin, milli dəyərlərin, insana, təbiətə sevginin nümunəsi olan Novruz bayramını daha böyük izdihamla qeyd etməyə başlamışdır.

Belə ki, ötən əsrin 70-ci illərində Novruz bayramı ilk dəfə olaraq məhz Ulu Öndərin xeyir-duası ilə qeyd olunmuş, dövlət televiziyası ilə yayımlanmışdır. Ümumxalq bayramının yüksək səviyyədə keçirilməsi Azərbaycan xalqının milli ruhunu yüksəltmiş, milli irsə, tarixə böyük məhəbbət yaratmış, milli özünüdərki gücləndirmişdir. Novruz adət-ənənələri o dövrdə çəkilmiş filmlərdə də özünə yer tapmışdır. Hər dəfə “Dəli Kür” filminə baxarkən Novruzun necə təbliğ olunduğunu əyani şəkildə görürük. Məhz müdrik rəhbərin qayğısı ilə həmin illərdə qorunub saxlanılan milli-mənəvi dəyərlər sonralar Azərbaycan xalqının dövlət müstəqilliyinin bərpasında mühüm rol oynamışdır.

1991-ci ilin oktyabrında müstəqilliyə qovuşan Azərbaycanda yaşanan ziddiyyətli, təlatümlü proses və faciələr isə Novruzun əsl xalq bayramı kimi yüksək əhval-ruhiyyə ilə keçirilməsinə imkan vermirdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev həyata keçirdiyi dövlət quruculuğu prosesi ilə paralel surətdə mədəni-mənəvi quruculuq və milli-tarixi yaddaşın bərpası işlərinə də başlamışdır. Vaxtilə qadağalara məruz qalan, yasaq olunan milli və dini bayramlar, adət və mərasimlər xalqa qaytarılmışdır. Ulu Öndər hər il qədim milli bayramımız olan Novruzda əhali ilə bayramlaşmağa çıxar, azad və müstəqil xalqımızın Novruz sevinclərindən zövq alardı. Milli adət-ənənələrimizə, o cümlədən Novruz bayramına yüksək qiymət verən Ulu Öndər bu bayram haqqında demişdir: “Novruz xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayramlardan biridir. Onun tarixi də Azərbaycan xalqının tarixi kimi kəşməkəşli, enişli-yoxuşlu olmuşdur. Bu ulu bayramın müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir”.

Novruzun dövlət səviyyəsində bayram edilməsi onun əhəmiyyətini daha da artırırdı. Ulu Öndər hər il Novruzda əhali ilə bayramlaşmağa çıxar, azad və müstəqil xalqımızın Novruz sevinclərindən zövq alardı. Onun bayram şənliklərində iştirakı, Kosa ilə yumurta döyüşdürməsi, Bahar qızı ilə söhbətləri Novruz tədbirlərini daha da şənləndirir, insanların sevincinə səbəb olurdu. Ümummilli Liderin bayram münasibətilə Azərbaycan xalqına təbrikləri Novruzun ruhundan doğurdu. Bütün bunlar keçmişimizi bu günümüzlə bağlamaq, onu qoruyaraq gələcəyə aparmaq demək idi. 21 mart 2000-ci il tarixində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən ulu öndər Heydər Əliyev öz çıxışında demişdir: “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır.”

Hazırda bu ənənələr Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Novruzu milli-mənəvi dəyərlərimizin təcəssümü adlandıran dövlətimizin başçısının hər il bayram şənliklərinə qatılması, əhali ilə bayramlaşması, Bakının qədim meydanındakı tonqalı alovlandırması bayram ovqatını daha da artırmaqla yanaşı, xalqla iqtidar arasında sıx vəhdəti, sevgi və inamı təcəssüm etdirir. “Novruz gələcəyə inam hissi aşılayır, könüllərdə ən ali duyğuları oyadır, insanları daha xeyirxah, mərhəmətli və mehriban olmağa çağırır”, - deyən Prezident İlham Əliyev Novruzun insanlarda qurub-yaratmaq əzmi aşılayan bayram olduğunu qeyd edir.

Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı artıq UNESCO tərəfindən beynəlxalq səviyyədə də qeyd olunur. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyləri nəticəsində xalqımızın bu əziz el bayramı artıq UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir. 2010-cu il fevralın 23-də isə BMT Baş Məclisi 21 mart tarixini Beynəlxalq Novruz Günü elan etmişdir. Bu qərarı, əslində dünyanın bir çox ölkələrində, xüsusilə də türk coğrafiyasında yaşayan xalqların dünya sivilizasiyasına verdiyi mədəni töhfə kimi qiymətləndirmək olar. Novruz bayramı bütün dünyada 300 milyondan artıq insan tərəfindən yeni ilin başlanğıcı kimi qəbul olunur. Artıq 3 min ildir ki, Novruz Balkanlarda, Qara dəniz hövzəsi regionunda, Qafqazda, Mərkəzi Asiya, Yaxın Şərq və digər regionlarda qeyd edilir. Mübaliğəsiz demək olar ki, Novruz bir çox türk xalqları ilə bərabər, Azərbaycan xalqının milli-mənəvi varlığını bütün dolğunluğu ilə əks etdirən, ümumxalq səviyyəsində qeyd olunan, etnik təfəkkürün ayrılmaz funksional səviyyəsinə çevrilən bayramdır. Novruz ictimai həyata yeni həvəs gətirən, milli adət-ənənələri yaşadan el bayramıdır. Dolayısı ilə Novruz ənənəsini davam etdirən hər kəs mədəniyyət daşıyıcıları olmaqla yanaşı, ortaq dəyər kimi bu ənənələri qoruyurlar.

Xalqımız bu il də Novruz bayramını xüsusi əhvali-ruhiyyə ilə qeyd etməyə hazırlaşır. Çünki ölkə başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin birbaşa rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində Qarabağ uğrunda apardığı ədalətli, müqəddəs və şərəfli Vətən müharibəsində möhtəşəm Qələbə qazandı. Məhz bu möhtəşəm Qələbəyə görə xalqımız builki Novruz bayramını də qəhrəman və qalib xalq kimi qeyd edəcək.

“Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram,…” –deyən ulu öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirən, arzularını reallaşdıran Prezident İlham Əliyevin qətiyyəti sayəsində artıq üçüncü ildir ki, xalqımız azadlığına qovuşmuş o torpaqlarda – Şuşada, Laçında, Zəngilanda bayram tonqalı yandırılır. Xalqımız və dövlətimiz var olduqca milli həmrəyliyimizin rəmzi sayılan Novruzun adət-ənənələri, onun yaratdığı mədəni sərvətlər də bizimlə yaşayacaqdır.

Sevinc Azadi, “İki sahil”