02 mart 2023 17:14
401

İƏT-in Baş katibi Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mədəni və dini irsin məhv edilməsindən bəhs edib

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha Cenevrədə Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasının 52-ci Sessiyasının yüksək səviyyəli seqmentində çıxışında bildirib ki, 30 ilə yaxın Ermənistanın işğalı altında olmuş və hazırda azad edilmiş Azərbaycan ərazilərində mədəni və dini irs abidələri məhv edilib. O diqqətə çatdırıb ki, Azərbaycan hökuməti qədim irs abidələrinin bərpası istiqamətində böyük işlər görür.

“İki sahil” İƏT-in Baş katibliyinin məlumatına istinadla xəbər verir ki, rəhbərlik etdiyi təşkilatın insan hüquqları və azadlıqlarının təmin edilməsinə, hər bir fərdin ləyaqətinə hörmətlə yanaşılmasına böyük əhəmiyyət verdiyini diqqətə çatdıran Baş katib bu istiqamətdə müxtəlif konfransların təşkil olunduğunu, İƏT-in nəzdində xüsusi strukturun fəaliyyət göstərdiyini bildirib. O əlavə edib ki, “Qurani-Kərim”in təhqir edilməsi hamı tərəfindən pislənilməli, bu əməlləri törədənlər bütün dünyada qınaq obyektinə çevrilməlidir. H.B.Taha vurğulayıb ki, islamofobiya ilə mübarizə bütün dövlətlərin borcudur və bu, mədəniyyətlərarası dialoqun təmin edilməsində mühüm amildir.

İƏT-in Baş katibi çıxışında, həmçinin Əfqanıstandakı hadisələrə, Cammu və Kəşmir məsələsinə, Rohinca müsəlman icmasının vəziyyətinə də toxunub.