03 mart 2023 00:13
674

Yeni reallıqlar dünya siyasətinin yenidən formalaşdırılmasına çağırışlar edir

Dövlət başçısı İlham Əliyev Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə bir daha təşkilatı bu prosesdə fəal iştirak etməyə çağırdı

Azərbaycan növbəti dəfə siyasi mərkəzə çevrildiyini təsdiqlədi. Bakıda öz işinə başlayan Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünün iştirakçılarının say tərkibinə diqqət yetirsək ölkəmizə diqqət və marağın artdığını böyük əminliklə qeyd edə bilərik. Zirvə görüşünə 70-ə yaxın ölkənin dövlət və hökumət başçıları, 5 ölkənin, o cümlədən Bosniya və Herseqovina, Türkmənistan, Özbəkistan, İraq, Liviyanın prezidentləri, üç ölkənin - Kuba, Qabon, Tanzaniyanın vitse-prezidentləri, Əlcəzair və Keniyanın Baş nazirləri, müxtəlif ölkələrin yüksək səviyyəli nümayəndələri, həmçinin beynəlxalq təşkilatların rəhbərləri - Dünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Baş direktoru Antonio Vitorino, BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Tatyana Valovaya, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrav Noziri və digərləri, eyni zamanda, nazirlər, nazir müavinləri, səfirlər və s. qatılıblar.

Bu gün beynəlxalq baxışdan bəhs edərkən belə bir fikri xüsusi qeyd edirik ki, Azərbaycan təşəbbüsləri reallığa çevirən ölkə kimi tanınır. Ölkəmizin irəli sürdüyü təşəbbüslər, qəbul etdiyi qərarlar regionda və dünyada münasibətlərin yüksələn xətlə inkişafında öz sözünü deyir. Birləşmiş Millətlər Təşkilatından sonra ikinci böyük təsisat olan Qoşulmama Hərəkatının Azərbaycanın sədrliyi dövründə qazandığı nüfuza, möhkəmlənən mövqeyinə diqqət yetirmək kifayətdir. Azərbaycanın hər bir təşəbbüsü qurumun nüfuzuna əlavələr gətirir. Bu ondan irəli gəlir ki, Qoşulmama Hərəkatının prinsipləri ilə Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipləri üst-üstə düşür. Dövlət başçısı İlham Əliyev Zirvə görüşündəki nitqində bunu “Qoşulmama Hərəkatının sədri olaraq məqsədimiz ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir. Pandemiyanın başlamasından dərhal sonra COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış edən məhz Qoşulmama Hərəkatı oldu» fikirləri ilə ifadə etdi. Ölkəmizin quruma sədrliyi dünyanın koronavirus infeksiyası ilə mübarizə tədbirlərini gücləndirdiyi bir zamana təsadüf etdi. Azərbaycanın qlobal problemlərə qarşı səylərin birləşdirilməsi ilə bağlı çağırışı beynəlxalq aləmdə təqdir edildi. Baxmayaraq ki, dünya dövlətləri mübarizənin ilk vaxtlarında özünəqapanmaya üstünlük verərək hansı addımların atılacağını müəyyənləşdirməkdə çətinlik çəkdi. Azərbaycanın səylərin birləşdirilməsi təşəbbüsü Qoşulmama Hərəkatının Zirvə görüşünə yol açdı. Həmçinin quruma üzv dövlətlərin birgə qərarı əsasında BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsinin vacibliyi bildirildi və 2020-ci ilin dekabrın əvvəlində bu təşəbbüs gerçəkliyə çevrildi.

Dövlət başçısı İlham Əliyev koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin gücləndirildiyi bir zamanda «peyvənd millətçiliyi»nə qarşı etirazını bildirdi. Azərbaycan bəzi varlı ölkələrin həyata keçirdiyi “peyvənd millətçiliyi”ni xüsusilə pandemiya ilə mübarizədə ciddi maneə kimi qiymətləndirdi və nəticədə Qoşulmama Hərəkatı bütün ölkələrin peyvəndlərdən ədalətli və vahid şəkildə istifadəsini təmin etmək üçün 2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurasında və BMT Baş Assambleyasında qəbul edilmiş iki qətnamənin təşəbbüskarı oldu. Onu da qeyd edək ki, Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatı ailəsinin üzvləri olan 80-dən çox ölkəyə koronavirusla bağlı ya ikitərəfli formada, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə maliyyə və humanitar yardım göstərib.

Cənab İlham Əliyevin Zirvə görüşündə diqqət göstərdiyi məsələlərdən biri BMT sistemində islahatların aparılmasına böyük ehtiyacın olmasıdır. Dövlət başçısı İlham Əliyev bu çağırışı tarixi Zəfərimizdən sonra bütün çıxışlarında diqqətə çatdırır. Belə bir reallıq xüsusi vurğulanır ki, BMT Təhlükəsizlik Şurası keçmişi xatırladır və hazırkı dövrün reallıqlarını əks etdirmir. «Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir ki, orada daha çox ölkə təmsil olunsun və coğrafi baxımdan daha ədalətli olsun» söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, bir daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə növbəli şəkildə bu yerə sahib olmalıdır. Qoşulmama Hərəkatına üzv ölkələri bu məsələ ilə bağlı məsləhətləşmələrə başlamağa və öz fikirlərini BMT-nin müvafiq komitəsinə təqdim etməyə çağıran cənab İlham Əliyev Təhlükəsizlik Şurasının qətnamələrinin icrası məsələsinə də diqqəti yönəltdi. BMT Təhlükəsizlik Şurası bu gün səmərəli deyil. Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə günün içində icra olunur. Lakin Azərbaycana gəldikdə isə, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə 30 ilə yaxın bir müddətdə məhəl qoyulmamışdır.

Azərbaycan 30 ildə dünyadan ədalət gözləməklə yanaşı, beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqi üçün vahid mexanizmin müəyyənləşdirilməsinə çağırışlar etdi. 30 ilin reallıqları bu qətnamələrin zamana və məkana görə tətbiqinin qüvvədə olduğuna aydınlıq gətirdi ki, bu da dünyanın ikili standartlara əsaslanan siyasətindən yaxa qurtara bilməməsindən irəli gəlir. Ədaləti və beynəlxalq hüququ maraqlarının arxasında gizlədən əksər dünya gücləri bu addımları ilə dövlətlərarası münasibətlərdə əsas faktor olan etimad mühitinin zəifləməsinə səbəb olduqlarını düşünmək istəmirlər. Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti müharibə yolu ilə bərpa etməklə dünyaya gərəkli olan mesajları ünvanladı. Ədalət və beynəlxalq hüquq deyilən məfhumlar mövcuddur, onların tətbiqi üçün zamana və məkana deyil, vahid mexanizmə ehtiyac var. Təbii ki, əksər dünya güclərinin yanlış addımları həm aparıcı dövlətlərə, həm də nüfuzlu beynəlxalq təşkilatlara inamsızlıq yaradır.

Azərbaycan tarixi Zəfəri ilə BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra etdi. Bu günün əsas çağırışı isə dayanıqlı sülhə və təhlükəsizliyə nail olmaq üçün Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanmasıdır. Cənab İlham Əliyev sözügedən Zirvə görüşündə bu mühüm məqama da xüsusi diqqət yönəldərək bildirdi ki, münaqişənin bitməsindən qısa müddət sonra Azərbaycan sülh razılaşması üçün ərazi bütövlüyünün və suverenliyin tanınmasına əsaslanan beş əsas prinsipi Ermənistana təqdim edib. Ölkə Prezidenti Qoşulmama Hərəkatına üzv ölkələrə Azərbaycanın ədalətli mövqeyini dəstəkləməkdə, həmçinin 2020-ci və 2022-ci illərdə BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə birtərəfli və qərəzli bəyanatların qəbuluna imkan verməməkdə göstərdikləri qətiyyətə görə təşəkkürünü bildirərək bu əminliyi ifadə etdi ki, ölkəmiz Qoşulmama Hərəkatının sədri kimi Qoşulmama Hərəkatına üzv dövlətlərin legitim maraqlarının müdafiəsi və Hərəkatın beynəlxalq arenada mövqeyinin güclənməsi üzrə səylərini əsirgəməyəcək.

Ümumilikdə Zirvə görüşü hazırkı dövrdə dünyada baş verən hadisələrin təhlili əsasında ümumi mövqenin ortaya qoyulmasında əhəmiyyətli rol oynayacaq. Qoşulmama Hərəkatı bu gün özünü qlobal məsələlərin müzakirə olunduğu platforma kimi təsdiqləyir. Yeni reallıqlar dünya siyasətinin yenidən formalaşdırılmasını bir tələbə çevirir. Dövlət başçısı İlham Əliyev Qoşulmama Hərəkatının bu prosesdə fəal iştirakının vacibliyini bildirdi. Ölkəmizin quruma sədrliyi dövründə görülən işlərin fonunda bu məqsədimiz açıqlandı ki, institusional davamlılıq yaratmaq və Azərbaycandan sonra sədrliyi təhvil alacaq üzvlərə uğurlu miras qoymaq əsas hədəfdir. Artıq Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Gənclər Təşkilatı yaradılıb. Hərəkatın 61 illik tarixində ilk dəfə olaraq Şuşada Hərəkata üzv ölkələrin gənclərini birləşdirən Gənclər Təşkilatı formalaşdırılıb. Hazırda Bakının ev sahibliyi etdiyi Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü Azərbaycanın təşkilatın fəaliyyətinə töhfələrinin davamlılığının təsdiqidir. Qəbul olunan yeni qərarlar, irəli sürülən yeni təşəbbüslər Hərəkatın gələcək nüfuzuna öz müsbət təsirini göstərəcək.

Yeganə Əliyeva, «İki sahil»