Azərbaycan ordusu Qarabağda erməni təxribatına cavab verib.
"İki sahil" Ermənistan mətbuatına istinadən xəbər verir ki, təxribata qarşı keçirilən cavab əməliyyatları nəticəsində erməni qanunsuz silahsız birləşməsinin üç üzvü məhv edilib.
Qeyd edilib ki, suveren Azərbaycan torpaqlarında separatçılıqla məşğul olan və təxribat törədən polkovnik-leytenant Armen Babayan, mayor David Danielyan və leytenant Ararat Qasparyan öldürülüb.
Leytenant David Ovsepyan isə yaralanıb.
***
Azərbaycanın Xankəndi ətrafında apardığı antiterror əməliyyatının bəzi təfərrüatları məlum olub.
“İki sahil” xəbər verir ki, “Caliber”in əldə etdiyi məlumata görə, müəyyən, kifayət qədər uzun müddət ərzində Azərbaycan tərəfi əsas Laçın yoluna alternativ olan Xələfəli torpaq yolundan yan keçərək Ermənistan ərazisindən Qarabağ bölgəsinə silah-sursatın daşınması barədə siqnallar alıb.
Bu gün növbəti analoji siqnal alan əməliyyatçılarımız yerində yoxlama aparmaq üçün yola çıxıblar. Azərbaycan hərbçiləri yoldan keçən erməni avtomobilini saxlamağa çalışıblar və həmin avtomobilin sərnişinləri atəş açıblar. Cavab atəşi nəticəsində düşmən zərərsizləşdirilib.
Bugünkü silahlı insident Ermənistan Respublikasının hərbi-siyasi rəhbərliyinin Azərbaycana qarşı təxribat törətməkdə, onun ərazisinə silah-sursat, eləcə də canlı qüvvə atmaqda davam etdiyini təsdiqləyir.
Aydındır ki, Nikol Paşinyanın psevdosülh ritorikasına baxmayaraq, “miatsuma” siyasətini davam etdirmək cəhdləri dayanmır.