08 mart 2023 22:14
687

Paytaxt İrəvan yox, Gümrü olacaqdı VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş hazırlanıb.

“İki sahil” xəbər verir ki,  tarixçi-alim, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Prezident Kitabxanasının şöbə müdiri, əslən indiki Ermənistanın Amasiya rayonundan olan Nazim Mustafa müsahibəsində İrəvan xanlığının tarixindən danışıb.

O, İrəvanın etnik tərkibi, siyasi mühiti, bu əraziyə yerləşdirilən ermənilərin törətdiyi qırğınlar barədə ətraflı məlumat verib.

Tarixçi 1918-ci ildə erməni dövlətinin yaradılmasından, Azərbaycanın qədim şəhəri kimi XX əsrdə siyasi mərkəz rolunu oynayan İrəvanın Ermənistana paytaxt kimi verilməsinin səbəblərindən, o dövrdə Türkiyəyə göstərilən təzyiqlərdən söz açıb.

Tədqiqatçı alim ermənilərin Çar Rusiyası dövründən başlayaraq azərbaycanlılara aid tarixi abidələri dağıtması, oğuz-türk izlərinin itirilməsi siyasətindən bəhs edib.

N.Mustafa 1988-ci il deportasiyasından sonra Ermənistanda mono-etnik dövlət yaradıldığını faktlarala sübut edib, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının əsəs məqsədinin tarixi torpaqlarımıza beynəlxalq hüquq yolu ilə qayıtmaq olduğunu vurğulayıb.

Verilişi Baku Tv-nin yutub kanalında izləyə bilərsiniz.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.