15 mart 2023 09:20
1012

Bakıda islamofobiya ilə mübarizəyə dair beynəlxalq konfrans işinə başlayıb - YENİLƏNİB

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və G20 Dinlərarası Dialoq Forumu İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

“İki sahil” xəbər verir ki, konfransın əsas məqsədi beynəlxalq və milli səviyyədə müsəlmanları və əhalisi müsəlman olan ölkələri hədəf alan həyəcanverici tendensiyaları müzakirə etmək üçün akademik platforma yaratmaqdır.

Konfransda 32 ölkədən alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edəcək, islamofobiya ilə mübarizədə fərqli yanaşma, Avropanın bəzi ölkələrində islamofobiyanın təzahürləri, dünya mediasında islamofobiya mövzularında müzakirələr aparması gözlənilir.

Qeyd edək ki, 15 mart tarixinin İslamofobiya ilə Mübarizə Günü olması ilk dəfə 2020-ci il noyabrın 27-28-də İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Niger Respublikasının Niamey şəhərindəki toplantısında elan edilib. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2022-ci ildə 15 mart tarixini İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi qəbul edib.

***

Bu gün Bakıda “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans işinə başlayacaq.

“İki sahil” xəbər verir ki, konfrans BMT Baş Assambleyasının 15 mart tarixini İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi elan etməsinin bir illiyi ilə əlaqədar Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və G20 Dinlərarası Dialoq Forumunun birgə təşkilatçılığı ilə keçirilir.

Beynəlxalq tədbirdə dünyanın 30-dan çox ölkəsindən tanınmış ekspert və mütəxəssislər iştirak edir.

İki gün davam edəcək konfransın əsas məqsədi beynəlxalq və milli səviyyədə müsəlmanları və əhalisinin əksəriyyəti müsəlman olan ölkələri hədəf alan həyəcanverici tendensiyaları müzakirə etmək üçün akademik platforma yaratmaqdır. Xüsusilə konfransda İslamofobiya ilə mübarizədə kəsişən yanaşma, bəzi Avropa ölkələrində islamofobiyanın təzahürləri, dünya mediasında islamofobiya mövzularında müzakirələr aparılacaq.

Konfrans “İslamofobiya və yeni perspektivlərlə mübarizədə kəsişən yanaşmanın əhəmiyyəti”, “İslamofobiya: Avropa və milli qanunvericilik”, “Fransada islamofobiya”, “Qərb mədəniyyətlərində müsəlmanlar haqqında konspirologiya nəzəriyyələr”, “Müstəmləkəçilik, yeni imperializm və islamofobiya”, “İslamofobiya və mediada nifrət çağırışları”, “İslamofobiya ilə mübarizədə birgə əməkdaşlıq və beynəlxalq təşkilatların rolu”, “Dini müxtəlifliyi və dinlərarası hörməti təşviq etməklə harmonik cəmiyyətlərin qurulması” və digər mövzuları əhatə edir. Hər bölmədə bir neçə məruzəçinin çıxışı gözlənilir.