16 mart 2023 19:22
566

Pilot layihələr tətbiq olunan siniflərdə “Açıq dərs”lər keçirilib - FOTO

Paytaxt məktəbində ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş pilot layihələr tətbiq olunan siniflərdə “Açıq dərs”lər və “Ürəklərdə əbədi yaşayan insan”  mövzusunda tədbir keçirilib.

Paytaxtın 114 nömrəli tam orta məktəbində keçirilən tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Suraxanı Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, BŞTİ-nin struktur bölmə rəhbərləri, Suraxanı RİH-in nümayəndələri, Təlimə Dəstək Mərkəzinin metodistləri, məktəbin direktoru, müəllim, şagird və valideynlər iştirak ediblər.

Əvvəlcə qonaqlar “Sağlam təhsil”, STEAM, “Rəqəmsal bacarıqlar” layihələri tətbiq olunan siniflərdə “Açıq dərs”ləri, həmçinin “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” və “Fövqəladə halların təsnifatı” mövzularına həsr olunan dərsləri izləyiblər. 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndərin və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Ceyran Novruzova 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsinin dahi şəxsiyyətin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin daha dərindən araşdırılmasına və Ulu Öndərin zəngin irsinin əhatəli təbliğ edilməsinə geniş imkanlar yaratdığını bildirib.

BŞTİ-nin müdiri Mehriban Vəliyeva çıxışında  ulu öndər Heydər Əliyevin təhsilin inkişafına xüsusi diqqət göstərdiyini, təhsil sahəsində mühüm islahatlar və layihələr həyata keçirdiyini  diqqətə çatdırıb.

İdarə müdiri Heydər Əliyevin elm, mədəniyyət və maarifin, ədəbiyyat və incəsənətin inkişafı ilə bağlı məsələlərin həllinə həmişə yüksək həssaslıqla yanaşdığını, cəmiyyətin, xalqın rifahını elmin və təhsilin inkişafında gördüyünü xüsusi vurğulayıb.

M.Vəliyeva ümummilli lider Heydər Əliyevin zəngin irsinin dövlətimizin inkişaf və tərəqqi yolunun etibarlı bələdçisi, indiki və gələcək nəsillər üçün əvəzsiz sərvət, böyük qürur və iftixar mənbəyi olduğunu bildirib.

“Heydər Əliyev İli” çərçivəsində paytaxtın ümumtəhsil müəssisələrində inkişafyönümlü və innovativ yanaşmaları əks etdirən layihələrin həyata keçirildiyini söyləyən M.Vəliyeva həmin layihələrin məktəblilərin gələcək nailiyyətlərinə müsbət təsir göstərəcəyinə inandığını deyib. Bildirib ki, məktəbdə müşahidə olunan “Açıq dərs”lər onu göstərdi ki, “Sağlam təhsil“, STEAM, “Rəqəmsal bacarıqlar” və bu kimi maraqla qarşılanan layihələr üzrə qazanılan uğurlar yeni ideyaların meydana gəlməsinə və təşəbbüskarlığın artmasına zəmin yaradır.

Tədbirdə çıxış edən Suraxanı RİH-in başçısı Ə.Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri V.Seyidov dərin zəkaya, siyasi uzaqgörənliyə və müdrikliyə, fenomenal yaddaşa, qətiyyət, cəsarət və humanizm kimi yüksək keyfiyyətlərə malik dahi liderin zəngin irsinin şagirdlər arasında təbliğinin mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıblar. Natiqlər “Heydər Əliyev İli” çərçivəsində həyata keçirilən layihələrin müdrik şəxsiyyətin ideyalarına sadiqliyin ifadəsinə çevriləcəyinə əminliklərini bildiriblər.

Sonra X sinif şagirdlərinin iştirakı ilə ulu  öndər Heydər Əliyevə həsr olunan tarix fənni üzrə nümunəvi dərs təqdim olunub.

Tədbirdə şagirdlər Heydər Əliyevə həsr olunmuş şeirlər və mahnılar səsləndirib. Həmçinin Azərbaycan xalqının dahi oğlu, qüdrətli dövlət xadimi və müdrik siyasətçi Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Yaqut Ağaşahqızı, “İki sahil”