18 mart 2023 18:11
429

Əlahiddə Ümumqoşun Orduda güləş yarışı keçirilib

Əlahiddə Ümumqoşun Orduda müxtəlif idman yarışlarının keçirilməsi davam etdirilir. Hərbi qulluqçular bu dəfə Naxçıvan Olimpiya İdman Kompleksində keçirilən güləş yarışlarında güclərini sınayıblar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "İki sahil"ə bildirilib ki, yarışdan əvvəl Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik-leytenant Vahid Məmmədov idmanın əhəmiyyətindən danışıb, birinciliyin məqsəd və qaydalarını idmançı hərbi qulluqçuların diqqətinə çatdırıb. Qeyd olunub ki, hər bir hərbi qulluqçu döyüş hazırlığı ilə yanaşı fiziki hazırlığını da daim yüksək səviyyədə saxlamalıdır. Ordumuzda idmanın inkişafı hər zaman diqqət mərkəzində saxlanılır, şəxsi heyətin idmana marağının artması istiqamətində müxtəlif işlər görülür. Keçirilən müxtəlif idman yarışları da görülən işlərin davamıdır.

“Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır” devizi ilə keçirilən yarışlara isinmə hərəkətlərindən sonra start verilib.

Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının hakimlərinin idarə etdikləri yarışlarda güləşin yunan-roma və sərbəst növləri üzrə 13 komandadan 238 idmançı mübarizə aparıb.

Gərgin mübarizə ilə yadda qalan yarışlarda sərbəst güləş üzrə birinci və üçüncü yerlərə xüsusi təyinatlılar, ikinci yerə isə motoatıcılar layiq görülüb.

Yunan-roma güləşində xüsusi təyinatlılar birinci yerdə qərarlaşıb. Motoatıcılardan ibarət komandalar isə ikinci və üçüncü yerləri bölüşüblər.

Şəxsi və komanda hesabında ilk üçlükdə yer alan qaliblərə kubok, diplom və fəxri fərmanlar təqdim edilib.