27 mart 2023 13:33
790

Bayram tətilindən sonra işləməyə niyə həvəsimiz olmur? - EKSPERT ŞƏRH EDİR

Artıq Novruz bayrami ilə bağlı tətil yekunlaşdı. 9 günlük bayram tətili iş yorğunluğunun qarşılığında gözəl bir hədiyyə idi. Lakin tətil günlərindən sonra yeni iş gününə başlayarkən bəzilərimiz adaptasiya problemi ilə üzləşirik. İstirahət sonrası işə uyğunlaşmaq bəzi insanlarda psixoloji narahatlıqlar yaradır. Tətildən sonra ilk iş günü adətən həmin şəxslərdə yorğunluq, işə adaptasiya ola bilməmək, motivasiya düşkünlüyü, əsəbilik, səbrsizlik, yuxu, qida pozuntusu və digər əlamətlər müşahidə olunur. Qeyd etdiyim amillərin başlıca səbəbləri gündəlik iş rejimindən sonra tətil zamanı yaranan rahatlıq, dincəlmək məqsədi ilə yuxu rejiminin dəyişməsi, bunun fonunda qida və fəaliyyət rejiminin də iş günlərindən fərqli olmasıdır. Təbii ki, bir neçə gün ərzində istirahət məqsədi ilə daha çox yatmaq və ya hər hansı bir məkanda gəzintiyə çıxmaq kimi komfortlu anlardan sonra işə adaptasiya olmaq heç də asan olmur.

Bu fikirləri "İki sahil"ə açıqlamasında  “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İB-nin sədri, Psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva bildirib. 

Bayram tətilindən sonra çalışan şəxslərin 70-80 faizi tətil sindromu ilə üzləşirlər

Təranə Paşayeva vurğulayıb ki,  bayram tətilindən sonra yenidən işə adaptasiya problemi və ya digər adı ilə tətil sindromu təkcə ölkəmizdə deyil, bütün dünyada sıx qarşılaşılan hallardan biridir. Araşdırmalar göstərir ki, bayram tətilindən sonra çalışan şəxslərin 70-80 faizi tətil sindromu ilə üzləşirlər. Bu sindromu aradan qaldırmaq, iş mühitinə və komandaya yenidən adaptasiya olmaq üçün bir neçə məqamlara diqqət edilməlidir. İlk öncə özümüzü psixoloji olaraq hazırlamağa cəhd etməliyik. Tətilin son günləri artıq iş abu-havasını xatırlamaq, ona uyğun planlar qurmalıyıq. Buna görə ən birinci yuxu və qida rejiminə fikir verilməlidir.

Tətildən sonra ilk iş həftəsində planlı və daha az yüklə çalışmaq lazımdır. Əks halda tətil zamanı əldə edilən enerji və müsbət emosiyalar ən qısa zamanda yox ola bilər.

Bayram günlərində daha gec yuxudan oyanmaq, qida saatlarını dəyişmək nəticəsində yuxu və qida rejimimiz də dəyişikliklər baş verir. Yenidən əvvəlki rejimə qayıdan zaman yarana biləcək narahatlıqları daha qısa zamanda dəf etmək üçün qeyd etdiyimiz məqamlara diqqət etməliyik. İşə döndükdən sonra ilk günlərdə bütün işləri qısa zamanda həll etməyə çalışmayın. Tətildən sonra ilk iş həftəsində planlı və daha az yüklə çalışmaq lazımdır. Əks halda tətil zamanı əldə edilən enerji və müsbət emosiyalar ən qısa zamanda yox ola bilər. Üzərində çalışdığınız işləri aramla və mərhələləli şəkildə etməyə çalışın. Bir qayda olaraq tətildən sonra ilk iş günlərində əvvəlki günlərlə müqayisədə daha az iş olduğunu görürük. Məhz bu məqamlarda işləri fasilələrlə etmək, fasilələr zamanı az vaxt aparan hobbilərlə məşğul olmaq yarana biləcək çətinliklərin aradan qaldırılmasına yardımçı olacaq.

"İşə necə yenidən köklənməli? Mütəxəssis olaraq məsələ bağlı hansı vacib məqamlara diqqət etməliyik" sualına isə mütəxəssisin cavabı belə oldu: "Bir psixoloq olaraq bildirməliyəm ki, qeyd etdiyim amillərə diqqət etməyimiz iş mühitinə yenidən adaptasiya olmağımıza kömək edəcək. İşə adaptasiya olmaq üçün mübət fikirlər düşünün. Əlbəttə bəzi çalışanların bayram tətilinə qədər bitirə bilmədiyi işləri bayramdan sonraya qaldığı üçün stress yaşayır. Həmin işlərin yekunlaşması üçün son tarixlər müəyyən edin və hər bir işin icrasını zaman müəyyən edərək, növbəli şəkildə yerinə yetirin. Ən əsası çalışdığınız sahəni sevərək işləməyə çalışın. O zaman siz daha aktiv və məhsuldar olacaqsınız. İş sonrası və həftəsonları tətili xatırladacaq fəaliyyətlərlə məşğul olmaq daha müsbət nəticələr verir. Müşahidələr göstərir ki, işdən sonra və həftəsonları maraqlı, əyləncəli tədbirlərə qatılmaq, dostlarla zaman keçirmək, gəzintiyə çıxmaq və digər məşğuliyyətlər yarana biləcək gərginliyin azalması, aradan qalxması üçün düzgün vasitələrdir."

Yaqut Ağaşahqızı, “İki sahil”