29 mart 2023 19:51
292

İsraildə Azərbaycan səfirliyinin rəsmi açılış mərasimi keçirilib YENİLƏNİB

Martın 29-da İsraildə Azərbaycan səfirliyinin rəsmi açılış mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə Azərbaycan və İsrailin xarici işlər nazirləri Ceyhun Bayramov və Eli Kohen, həmçinin hər iki ölkənin parlament, ictimaiyyət və incəsənət nümayəndələri iştirak ediblər.

Mərasim hər iki ölkənin Dövlət himnlərinin səslənməsi ilə başlayıb.

Tədbirdə çıxış edən nazir Ceyhun Bayramov səfirliyin açılışını iki ölkə münasibətlərinin inkişafına yeni təkan verəcəyini bildirib. Diplomat Azərbaycan-İsrail əməkdaşlığının müxtəlif istiqamətlərindən danışıb, perspektiv imkanları qeyd edib. O deyib ki, Azərbaycanın yəhudi icması cəmiyyətimizin inkişafına öz töhfəsini verir. Nazir səfirliyin açılışından sonra İsraildəki Azərbaycan diasporunun fəaliyyətinin də aktivləşəcəyinə əmin olduğunu söyləyib.

Mərasimi tarixi hadisə adlandıran nazir Eli Kohen 30 illik əməkdaşlıq müddətində səfirliyin açılışının strateji əlaqələrin dərinliyindən xəbər verdiyini vurğulayıb. Azərbaycanı İsrailin strateji tərəfdaşı adlandıran nazir iki ölkənin müxtəlif sahələrdə sıx əməkdaşlıq etdiyini bildirib. O, münasibətlərimizin bundan sonra daha da dərinləşəcəyinə əminliyini ifadə edib.

Sonra nazirlər səfirliyin adı olan lövhəni təqdim ediblər.

Mərasim Azərbaycan incəsənət xadimlərinin konsert proqramı ilə davam edib.