05 aprel 2023 19:37
797

Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir - Prezident

"Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir".

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 5-də Tacikistan Prezidenti Emoməli Rəhmon ilə mətbuata bəyanatlarla çıxışı zamanı bildirib.

Dövlət başçısı deyib ki, bu gün ölkələrimiz arasında qardaşlıq münasibətlərinin uğurlu inkişafı məhz 1990-cı illərin əvvəllərindəki fəaliyyətin nəticəsidir: "O vaxt həm Tacikistan, həm də Azərbaycan böyük çətinliklərlə üzləşmişdi, ölkələrimizdə ictimai-siyasi sabitlik pozulmuşdu, təəssüf ki, həm Tacikistanda, həm də Azərbaycanda vətəndaş müharibəsi gedirdi. Ən dəhşətli müharibə qardaş qırğınıdır. Həm Prezident Rəhmon, həm də Prezident Heydər Əliyev, – hərəsi öz ölkəsində, - qanlı səhifəni çevirmək və ölkələrimizi inkişaf yoluna çıxarmaq üçün nə mümkündürsə etdilər və buna nail oldular. Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir. Bu gün öz regionumuzda və bütövlükdə dünyada qeyri-sabitlik ocaqlarını görəndə, zənnimcə, hər kəs anlayır ki, sabitlik inkişafın əsasıdır, təhlükəsizliyin əsasıdır. Sabitlik olmasa nə investisiyalar olacaq, nə də tərəqqi və insanların rahatlığı. Buna görə düşünürəm ki, xalqlarımızın milli maraqlarına əsaslanan siyasət yürüdən ölkələrimizin nümunəsi ona dəlalət edir ki, hətta inkişafın ən aşağı nöqtəsində olduqda da müdrik rəhbərlik sayəsində böyük nəticələr qazanmaq olar. Tacikistan və Azərbaycan isə keçmiş sovet respublikaları arasında müstəqillik yoluna ən pis və ən ağır şəraitdə qədəm qoyublar. Təbii ki, o dövrü yaxşı bilən adamlar bunu təsdiq edə bilərlər. Lakin həm Azərbaycanda, həm də Tacikistanda gənc nəsil də bunu bilməlidir. Bizim bugünkü uğurlu inkişafımız, necə deyərlər, göydən düşməyib, bunun arxasında məhz böyük liderlərin, xalqlarımızın liderlərinin əməyi durur. Onlar özləri üçün, öz həyatları üçün riskə gedərək dinc və uğurlu inkişafı təmin etmək naminə əllərindən gələni ediblər.Bu barədə burada - Tacikistanda, Heydər Əliyevin xatirəsi ehtiramla yad edilən qardaş ölkədə danışmaq mənə xüsusilə xoşdur. Emoməli Şərifoviçin dediyi kimi, gələn ay biz Azərbaycan dövlətçiliyinin banisinin anadan olmasının 100 illiyini qeyd edəcəyik. Mən tacik qardaşlarımıza təşəkkür edirəm ki, Heydər Əliyevin xatirəsi Tacikistanda da qeyd ediləcək".