06 aprel 2023 13:57
332

İranda etiraz aksiyaları davam edir, SEPAH-ın bazası yandırılıb

“Diktatora ölüm!”, “Xameneiyə ölüm!”, “Uşaq öldürən hökumətə ölüm!”, “Qız öldürən hökumətə ölüm!” və bu kimi şüarlar səsləndirilib

Tehran rejiminə qarşı etiraz aksiyaları davam edir.

“İki sahil” xəbər verir ki,  Tehran, Qum, İsfahan, Ərdəbil, Həmədan, Gilan, Sistan və Bəlucistan və bir sıra əyalətlərdə etiraz aksiyaları davam edib.

Bir sıra şəhərlərdə fəallar tərəfindən Azərbaycan bayrağı müxtəlif yerlərdən asılmağa davam edib. Eyni zamanda, gənclər tərəfindən divarlara hökumət əleyhinə şüarlar yazmaq trendi davam edib

“Diktatora ölüm!”, “Xameneiyə ölüm!”, “Uşaq öldürən hökumətə ölüm!”, “Qız öldürən hökumətə ölüm!” və bu kimi şüarlar səsləndirilib.

Küçələrdə hicabsız qadınlar və kişilər birlikdə rəqs ediblər. Təbrizdə Xameneinin şəkli olan baner bir qrup gənc tərəfindən yandırılıb.

Sosial şəbəkələrdə metroda qadınların rəqsini əks etdirən videoçarxlar yayılıb. Həmədan şəhərində də etirazlar davam edib. Gilan şəhərində etirazçılarla hökumət qüvvələri arasında qarşıdurma baş verib. Kərəcdə bir qrup gənc SEPAH-ın bazasını yandırıb.

Həmədan, Bukan, Buşehr, Xorasan-Rəzəvi bölgələrində müəllimlər pis həyat şəraitinə, maaşların aşağı olmasına və gecikdirilməsinə etiraz olaraq aksiya keçiriblər. Eyni zamanda, Şuş şəhərinin təqaüdçüləri İslam Respublikasının hakimiyyəti altında maaşlarının aşağı səviyyəsinə, yoxsulluğa, inflyasiyaya, yüksək qiymətlərə etirazlarını bildirməyə davam ediblər.