"Azərbaycan-Tacikistan əlaqələri ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə münasibətlərində mühüm yerlərdən birini tutur.Tacikistan və Azərbaycan əsrlər boyu həmrəylik şəraitində yaşayıb, dostluq ediblər. Təsadüfi deyil ki, Azərbaycanda tacik mədəniyyətini, Tacikistanda Azərbaycan mədəniyyətini çox yüksək qiymətləndirirlər. Tacikistanda dahi Azərbaycan şairi, Gəncədə doğulmuş, yaşamış və orada dünyasını dəyişmiş Nizami Gəncəvini çox sevirlər və ona ehtiram bəsləyirlər. Bu mədəni bünövrə bu gün bütün istiqamətlər üzrə fəal, qarşılıqlı əlaqələr üçün zəmin yaradır.Tacikistanla Azərbaycan arasında diplomatik münasibətlər 1990-cı illərin əvvəllərindəə qurulub. 2007-ci ilin avqust ayında Azərbaycan Respublikasının Tacikistan Respublikasında, 2008-ci ildə isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. 8 may 1998-ci ildə ümummilli lider Heydər Əliyevin 75 illik yubileyi çərçivəsində Tacikistan baş naziri müavininin başçılıq etdiyi nümayəndə heyəti Bakıda səfərdə olub. 1996-1999-cu illərdə "BMT ilə ATƏT arasında əməkdaşlıq haqqında" qətnamə layihəsində Azərbaycanın Dağlıq Qarabağ regionunun Azərbaycan Respublikasına mənsubluğunu təsdiqləyən, mühüm əhəmiyyət kəsb edən düzəliş Tacikistan tərəfindən dəstəklənib."
Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.
K.Bayramov qeyd edib ki, Prezident İlham Əliyevin Tacikistan Respublikasına dövlət səfəri ölkələrimiz arasında münasibətlərin daha da inkişafında mühüm rol oynayacaq. Dövlət başçımız bildirib ki, bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir. Bu gün öz regionumuzda və bütövlükdə dünyada qeyri-sabitlik ocaqlarını görəndə hər kəs anlayır ki, sabitlik inkişafın və təhlükəsizliyin əsasıdır. Sabitlik olmasa nə investisiyalar olacaq, nə də tərəqqi.
Son illər dünyada baş verən proseslər ölkələrdən birgə əməkdaşlığın vacibliyini tələb edir. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərində böyük canlanma müşahidə olunur. Dövlət başçımızın son bir-iki il ərzində Mərkəzi Asiya, o cümlədən, regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri ölkələrarası əlaqələrimizin inkişafında mühüm rol oynayır. Səfərlər zamanı imzalanan müqavilələr, sazişlər ölkələrimiz arasında münasibətlərin gələcək istiqamətlərini müəyyənləşdirir. Vətən müharibəsindən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib. Təsadüfi deyil ki, bu gün Çindən Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımalar məhz, ölkəmizin ərazisindən həyata keçirilir, bu da, Azərbaycana marağı getdikcə artırır. Ölkə rəhbərinin uzaqgörən siyasətinin nəticəsi olaraq Azərbaycanda müasir nəqliyyat-logistika infrastrukturu yaradılıb və ölkəmiz beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Azərbaycan reallaşdırdığı nəhəng infrastruktur layihələri ilə Avropa ilə Asiya arasında vazkeçilməz nəqliyyat qovşağına və tranzit mərkəzə çevrilməkdədir.
K.Bayramov vurğulayıb ki, müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin xatirəsinə səmimi münasibətə görə Tacikistan Prezidentinə təşəkkür edən ölkəmizin başçısı, Tacikistanda investisiya layihələrini ciddi nəzərdən keçirməyə hazır olduğunu diqqətə çatdırdı. Prezident İlham Əliyev dost Tacikistanın sabitlik hökm sürən ölkə kimi həm də xarici investisiyaların dövlət tərəfindən qorunduğunu müsbət amil kimi dəyərləndirdi.
Deputat diqqətə çatdırıb ki, Prezidentlər İlham Əliyev və Emoməli Rəhmon Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqaviləni imzalayıblar. Sonra Azərbaycan Respublikası və Tacikistan Respublikası vətəndaşlarının qarşılıqlı vizasız gediş-gəlişi, investisiyaların təşviqi və qarşılıqlı qorunması, ticarət-iqtisadi, beynəlxalq avtomobil əlaqələri sahəsində, mədəniyyət və incəsənət sahəsində, gömrük işlərində əməkdaşlıq və qarşılıqlı yardım, turizm sahəsində, standartlaşdırma, metrologiya, sertifikasiya və akkreditasiya sahəsində, dəmir yol nəqliyyatı sahəsində əməkdaşlıq, hava əlaqəsi haqqında hökumətlərarası sazişlər imzalanıb.
Heç bir şübhə yoxdur ki, Tacikistanda imzalanmış sənədlər ikitərəfli əməkdaşlığın genişləndirilməsinə xidmət edəcək. Prezident İlham Əliyevin səfəri zamanı səsləndirilən bəyanatlar isə onu göstərdi ki, iki ölkə arasında sağlam təməllər üzərində qurulan münasibətlər tezliklə öz müsbət təsirlərini göstərəcək. Dövlət başçımızın qeyd etdiyi kimi, səfərin nəticələrinə əsasən ən yaxın vaxtda konkret addımlar atılacaq. Hökumətlərarası komissiyanın növbəti iclasını bu il Tacikistanda keçirmək barədə razılıq əldə olunub. Hökumətlərarası komissiyanın iclasına qədər bizim məhz, nəqliyyat-logistika qarşılıqlı əlaqələri, investisiya siyasəti, sənaye kooperasiyası məsələlərinə dair nümayəndə heyətlərinin üzvlərinə verilmiş bütün tapşırıqlar yerinə yetiriləcək.
Prezident İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər