25 aprel 2023 14:58
620

Azərbaycanın bütün addımları qanunidir – Aydın Hüseynov

“Hadisələrin inkişafı da onu göstərir ki, Azərbaycan çox qısa müddətdə öz ərazilərinə nəzarəti tam olaraq bərpa edəcək. Buna kimsənin şübhəsi olmasın. Amma Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını istəməyən, dolayısı ilə Cənubi Qafqaz regionunda gərginliyin saxlanılmasında maraqlı olan qüvvələr var. Həmin qüvvələr ikili standartlar prinsipindən çıxış etməklə işğalçı Ermənistana dəstək nümayiş etdirməkdən çox regionda öz mövcudluqlarını sürdürmək iddiasındadırlar. Ona görə də sülh prosesi bilərəkdən ləngidilir, eskalasiya artır, qeyri-müəyyən vəziyyət yaranır”.

Bunu “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Millət vəkili qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsinin bitməsini istəməyən qüvvələr təkcə İrəvanda oturmayıb: “Avropada, Amerika qitəsində və dünyanın əksər ölkəsində olan erməni diasporu, onların lobbiçiliyi ilə anti-Azərbaycan kampaniyası aparan bəzi ölkələrin siyasi dairələri, çirkli pulların yuyulması ilə milyardlara sahiblənən “qara biznes” dairələri bu kateqoriyaya aiddirlər. Onların məqsədi zəngin təbii sərvətlərə sahib olan Azərbaycanı bu və ya digər formada ələ keçirməkdir. Amma cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən uğurlu xarici siyasət qara qüvvələrin bütün arzularını puç edib. Onlar ermənilər üzərindən çirkin oyunlar qururlar və hər dəfə də uğursuzluqla üzləşirlər.

Son hadisələr zamanı bəzi ölkələrin rəsmi dairələrinin Azərbaycanın qanuni addımlarına, öz ərazilərində sərhəd-keçid məntəqəsinin qurulmasına qeyri-adekvat reaksiya nümayiş etdirmələri beynəlxalq münasibətlər sistemindəki boşluqların olduğunu göstərdi. Azərbaycanın bütün addımları qanunidir, hər bir ölkə kimi suveren hüquqlarından istifadə etməkdə haqlıdır və dünya dövlətlərinin də buna hörmətlə yanaşılması məsləhətdir. Biz heç bir ölkənin daxili işlərinə qarışmadığımız kimi, bizim də dünya birliyi tərəfindən tanınmış ərazilərimizdə qanunlar çərçivəsində gördüyümüz işlərə müdaxilə edilməsinə izn verməyəcəyik. Avropada, Amerikada separatizmə, qanunsuz silahlı birləşmələrin fəaliyyətinə hansı tədbirlərin görüldüyü barədə məlumatlar yetərincədir. Bircə onu deyə bilərik ki, bu kateqiriyadan olanlara qarşı qanunun ən sərt dili ilə cavab verilir və hətta fiziki cəhətdən məhv edilirlər. Azərbaycanın da tələbi budur ki, müxtəlif ölkələrdə baş verən eyni, oxşar hadisələrə münasibətdə ikili standartlar tətbiq edilməsin”.