10 may 2023 19:39
399

İsraildə Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı tədbir keçirilib - FOTO

Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyi tərəfindən Təl-Əviv şəhərində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirilib.

Səfirlikdən verilən məlumata istinadən xəbər verir ki, tədbirdə İsrail ictimaiyyətinin nümayəndələri, bu ölkədə akkreditə edilmiş səfirlər və diplomatlar, jurnalistlər, İsraildə təhsil alan Azərbaycanlı tələblər və elm adamları, habelə diaspora nümayəndələri iştirak edib.

Səfir Muxtar Məmmədov tədbiri giriş sözləri ilə açaraq, müstəqil Azərbaycanın qurucusu Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, eyni zamanda Azərbaycan dövlətçiliyinin, habelə dövlətçilik ənənələrinin formalaşmasındakı rolu barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Daha sonra Türkiyə Respublikasının İsraildəki səfiri Şakir Özkan Torunlar çıxışında Ümummilli lider Heydər Əliyev ilə 90-cı illərdə baş tutmuş görüşünü xatırladaraq, tədbir iştirakçılarına dahi şəxsiyyət ilə baş tutmuş bu görüşün tarixçəsi barədə məlumat verib.
Tədbirdə iştirak edən İsrailin sabiq müdafiə nazirinin müavini Efraim Sne 1993-cü ilin dekabrında Prezident Heydər Əliyevlə ilk görüşünü məmnunluqla xatırlayaraq, sonrakı illərdə Azərbaycana çoxsaylı rəsmi və qeyri-rəsmi səfərləri zamanı keçirilmiş görüşlərdə aparılmış müzakirələri və əldə edilmiş razılaşmaları, habelə iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin formalaşmasında Heydər Əliyevin rolunu xüsusilə vurğulayıb.

Təl-Əviv Universitetinin professoru Lev Eppelbaum isə öz növbəsində tədbir iştirakçılarına Ulu Öndərin Azərbaycan elminin inkişafı istiqamətində fəaliyyəti barədə ətraflı məlumat verib.