12 may 2023 10:33
859

Heydər Əliyevin 100 illiyi münasibətilə Prezident İlham Əliyevə məktublar gəlməkdə davam edir - YENİLƏNİB

Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki, "Dostluq", "Şöhrət" ordenləri, Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu ilə təltif edilmiş, Rusiya Federasiyasının dövlət mükafatı laureatı, Rusiya Hökumətinin mükafatı laureatı, Rusiyanın Əməkdar elm xadimia Məmməd Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.

“İki sahil” xəbər verir ki, məktubda deyilir:

Çox hörmətli cənab Prezident!

Sizi və bütün Azərbaycan xalqını əlamətdar yubiley – Ümummilli Lider Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illiyi münasibətilə təbrik edirəm.

İstər sovet Azərbaycanının, istərsə də müstəqil Azərbaycanın inkişafında Heydər Əlirza oğlu Əliyevin tarixi xidmətləri vardır. Sovet Azərbaycanı dövründə iqtisadiyyat, elm, sənayeləşmə, kənd təsərrüfatı, mədəniyyət və s. sahələrdə sıçrayış baş verdi. Heydər Əliyev ikinci dəfə respublikaya müasir Azərbaycanın tarixinin ən mürəkkəb mərhələsində, faktiki olaraq başlanan vətəndaş müharibəsi və siyasi hərc-mərclik dövründə rəhbərlik etdi. Bu keşməkeşli siyasi şəraitdə onun dahiyanə təşkilatçılıq bacarığı və vətənpərvərlik mövqeyi özünü daha parlaq şəkildə göstərdi.

Bütün bu hadisələr gözlərimin önündə baş verdiyindən mən öz yaşıma uyğun dəyərləndirə bilərəm ki, bu, necə çətin idi və Heydər Əlirza oğlu hansı istedada malik idi.

Sözsüz ki, mən bu sətirləri yazanda Heydər Əlirza oğlunun şəxsi ünsiyyət təcrübəsini də yada salıram. Bu, həm onun qayğılarına qaldığı və müalicələrində mənim də iştirak etdiyim pasiyentlərlə, həm də Rusiyada Azərbaycan diasporuna onun xeyir-duası ilə mənə tapşırılan rəhbərliklə bağlıdır. Mən bu dahi insanın xatirəsi qarşısında baş əyirəm.

Çox hörmətli cənab Prezident, Siz atanızın layiqli oğlusunuz və dahi Heydər Əlirza oğlunun yerinə yetirilməsini arzuladığı məsələlərin həyata keçməsinə nail olmusunuz. Siz 44 günlük müharibədə Qələbə qazanan xalqın layiqli Prezidentisiniz!

XXX

İordaniyanın Dinlərarası Birgəyaşayış Araşdırmalar Mərkəzinin sədri Nəbil Həddad Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.

“İki sahil” xəbər verir ki, məktubda deyilir:

Zati-aliləri!

Dost Azərbaycan Respublikasında atanız - Ümummilli Lider Heydər Əliyevin yüzillik yubileyini qeyd etdiyiniz bu əlamətdar günlərdə Sizə ən xoş salamlarımı çatdırır, dərin minnətdarlığımı bildirirəm.

Ölkələrimizi birləşdirən dostluq və Sizi Əlahəzrət Kral II Abdullah İbn Əl-Hüseyn ilə bağlayan qardaşlıq münasibətləri ilə fəxr etdiyimi, bu əlamətdar günü qeyd edərkən Sizin və əziz xalqınızın yanında olduğumu vurğulamaq istərdim.

Ulu Öndər Heydər Əliyev görkəmli dövlət xadimi olaraq Azərbaycanı sürətli inkişaf yoluna çıxarıb. Odur ki, bu gün onun ölkəsi, xalqı və dövləti qarşısında misilsiz xidmətləri dərin ehtiramla yad edilir.

Zati-aliləri, iki il əvvəl İordaniyada mötədillik və dinlərarası dialoqun inkişafı sahəsində görülən işlər barədə çıxış edərkən mərhum dahi şəxsiyyətin ölkənizdə mötədillik, dinlərarası ahəng və multikulturalizm prinsiplərinin təbliğində, insan hüquq və azadlıqlarının təminində, ekstremizm və terrorizmə qarşı mübarizədə əldə etdiyi nailiyyətlərə heyranlığımı bildirmişdim.

Bakıya səfər etmək və Zati-alinizlə görüşmək şərəfinə nail olduğum zaman Azərbaycanın qazandığı böyük nailiyyətlər münasibətilə Sizi təbrik etmək istərdim.

Azərbaycan xalqının Ümummilli Liderinin xatirəsinə dərin ehtiramımı ifadə etməklə yanaşı, Zati-alinizə ölkəniz və xalqınızın rifahı naminə ali dövləti fəaliyyətinizdə Uca Tanrıdan müvəffəqiyyətlər diləyirəm.

XXX

“Total Energies” şirkətinin Azərbaycan üzrə icraçı direktoru Regis Agut Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə məktub göndərib.

“İki sahil” xəbər verir ki, məktubda deyilir:

Zati-aliləri, hörmətli cənab Prezident!

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Sizə öz adımdan və “Total Energies” şirkəti adından ən səmimi ehtiramımı bildirirəm.

Bu əlamətdar gündə müstəqil Azərbaycanın qüdrətli, davamlı iqtisadi inkişafa malik dövlətə çevrilməsi yolunda Heydər Əliyevin siyasi və iqtisadi sahələrdə misilsiz əməyini xüsusi qeyd etmək istərdim. Onun rəhbərliyi ilə və yeni neft strategiyası sayəsində Azərbaycan özünü etibarlı qlobal tərəfdaş kimi təsdiq etmiş, ölkədə xarici investorlar üçün əlverişli şərait yaranmış və eyni zamanda, dövlət maraqları qorunmuşdur.

Mən, həmçinin Avropa İttifaqının əhəmiyyəti artan enerji təhlükəsizliyi sahəsində Azərbaycanın etibarlı enerji təchizatçısı qismində davamlı uğurunu təşviq etmək üçün Sizin rəhbərliyinizlə “Total Energies” ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın daha da möhkəmlənməsi və genişlənməsinə ümid edirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

XXX

Sankt-Peterburq və Rusiyanın Şimal-Qərb Regionu Müsəlmanlarının Ruhani İdarəsinin sədri Ravil Pançeyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.

“İki sahil” xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri, çox hörmətli İlham Heydər oğlu!

Sankt-Peterburq və Rusiyanın Şimal-Qərb Regionu Müsəlmanlarının Ruhani İdarəsi Sizə öz ehtiramını ifadə edir və Zati-alinizə firavanlıq, Uca Yaradanın mərhəmətini arzulamaq şərəfini duyur.

Bu il mayın 10-da bütün dünyada ehtiram və nüfuz qazanmış görkəmli siyasi xadim, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi tamam oldu. Ruhani idarəsi Sizin 2023-cü ilin Azərbaycan Respublikasında "Heydər Əliyev İli" elan edilməsi barədə Sərəncamınızı ürəkdən dəstəkləyir. Azərbaycan Respublikasında və Rusiya Federasiyasında bu əlamətdar tarixə həsr olunmuş çoxsaylı tədbirlər keçirilir.

Heydər Əliyevin Azərbaycan Respublikası və ümumilikdə keçmiş Sovet İttifaqının tarixində misilsiz xidmətləri olub. Heydər Əliyev keçmiş SSRİ-nin rəhbərlərindən biri olmuş yeganə azərbaycanlıdır.

O, 1980-ci illərdə beş il müddətinə Sov.İKP Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü olub. Bu dahi şəxsiyyət Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında strateji əməkdaşlığın bünövrəsini qoyub, dövlətlərimizin və xalqlarımızın dostluğunun, qarşılıqlı anlaşmasının möhkəmlənməsinə böyük şəxsi töhfə verib.

Heydər Əliyevin qarşısında miqyasına görə misilsiz vəzifə dururdu. Onun titanik fəaliyyətinin nəticəsində Azərbaycanın sənayesi kökündən dəyişdi, bütün infrastruktur yeniləndi və iqtisadiyyatda islahatlar, modernləşmə həyata keçirildi, respublikanın qədim paytaxtı intibah dövrünü yaşadı.

Heydər Əliyevin dinə, milli-əxlaqi dəyərlərə hörməti onun əməllərində əksini tapır, bütün dünya müsəlmanlarının xatirəsində yaşayır. Heydər Əliyev Sankt-Peterburqa səfərləri zamanı həmişə bu şəhərdəki Sobor məscidinin fəxri qonağı olurdu. Rusiyanın Sankt-Peterburq və Şimal-Qərb regionunun müsəlmanları onun şəxsiyyətini qəlblərində gözəl hisslərlə xatırlayırlar.

Sankt-Peterburqda Heydər Əliyevlə bağlı çoxlu xatirə məkanları var. Şəhərin Heydər Əliyevin 1949-1950-ci illərdə təhsil aldığı SSRİ DTN-in ali məktəbinin yerləşdiyi mərkəzi küçələrindən birində görkəmli siyasət və dövlət xadimi, Ulu Öndərin şərəfinə xatirə lövhəsi qoyulub. Rusiya Federasiyasının mədəniyyət paytaxtının sakinləri Azərbaycan Prezidenti Heydər Əliyevin Sankt-Peterburqa hədiyyəsini – dahi Azərbaycan şairi Nizami Gəncəvinin gözəl abidəsini xatırlayırlar.

Sevindirici haldır ki, Siz bu gün Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu siyasətini uğurla davam etdirirsiniz. Siz həmişə ölkədə insan hüquqları və azadlıqlarının təmin edilməsinə, dini-mənəvi dəyərlərin inkişafına xüsusi diqqət yetirirsiniz.

Ruhani idarəsi fürsətdən istifadə edərək Sizə öz dərin ehtiramını bildirir və Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında dini, iqtisadi, sosial, siyasi və digər sahələrdə səmərəli əməkdaşlığın davamlı inkişafını arzulayır".

XXX

Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov Prezident İlham Əliyevə məktub ünvanlayıb.

“İki sahil” xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu!

Bütün Dağıstan xalqı adından və şəxsən öz adımdan Sizi atanız – dünyada dərin hörmət və ehtiram qazanmış görkəmli dövlət və siyasət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illiyi münasibətilə təbrik edirəm.

Heydər Əlirza oğlu bütün həyatı boyu öz xalqına və Vətəninə sədaqətlə xidmət edib. Biz Azərbaycanın müasir tarixində onun xidmətlərinin silinməz izlərini görürük. Böyük siyasi xadimin ardıcıl fəaliyyəti sayəsində respublika çətin sınaqlardan uğurla çıxıb və bu gün tərəqqi yolu ilə inamla irəliləyir. Heydər Əliyevin xalqa müraciətində dediyi kimi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək”. Belə də oldu. Siz, hörmətli İlham Heydər oğlu, atanızın, xalqın dahi oğlunun vəsiyyətlərinə sadiqsiniz. Əminəm ki, gələcəkdə də Sizi öz yolunuzda yalnız nailiyyətlər və qələbələr gözləyir.

Sizə səmimi-qəlbdən cansağlığı, rifah və ali dövləti vəzifənizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və davamlı tərəqqi arzulayıram".

XXX

Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Prezident İlham Əliyevə məktub ünvanlayıb.

“İki sahil” xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu!

İcazə verin, atanız Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar ən səmimi təbriklərimi Sizə çatdırım.

Tatarıstanlılar Azərbaycan xalqının dahi oğlu, adı doğma ölkəsinin tarixinə əbədi yazılmış, Tatarıstan-Azərbaycan əməkdaşlığının təşəkkülündə və inkişafında mühüm rol oynamış görkəmli siyasət və dövlət xadimini - çox hörmətli Heydər Əlirza oğlunu böyük minnətdarlıq və dərin hörmətlə xatırlayırlar.

Xalqlarımız arasında etimad və dostluq ənənələrini qoruyub saxlamaq və möhkəmləndirmək üçün Sizin atanız, çox hörmətli Heydər Əlirza oğlu tərəfindən göstərilən səyləri davam etdirmək bu gözəl insanın nurlu xatirəsi qarşısında bizim ümumi borcumuzdur. Ümidvaram ki, biz Tatarıstan və Azərbaycan arasında əməkdaşlığın Rusiya-Azərbaycan münasibətləri kontekstində dinamik şəkildə inkişafı, adlı-sanlı sələflərimizin məhsuldar təşəbbüslərinin layiqli davamçısına çevrilməyə qadir olan yeni məzmunla zənginləşməsi üçün zəruri olan hər şeyi birgə həll edəcəyik.

Sizə möhkəm cansağlığı, firavanlıq, gözəl Azərbaycanın rifahı naminə ali dövləti vəzifənizdə uğurlar arzulayıram".