16 may 2023 22:57
1050

Qərbi Azərbaycanın toy mərasimləri…

Bu toy ənənəsi zəngin bir etnoqrafiyadır

Kiçik bir axtarışla başladığım yazı mənim diqqətimi o qədər çəkdi ki, bu müsahibəni qələmə almaya bilməzdim. Qədim Azərbaycan torpaqları olan İrəvanda, Göyçəmizdə yaşadılan bu adət-ənənə haqqında oxucularıma da məlumat verməliyəm deyə düşündüm. Əminəm ki, oxucularım da bu adət-ənənə ilə tanış olduqları üçün çox şad olacaqlar…

Qərbi Azərbaycanda toy ənənəsi zəngin bir etnoqrafiyadır. Bu etnoqrafiya nəsillərdən-nəsillərə ötürülürdü.  Təəssüflər olsun ki, nağıl kimi keçirilən toylarımız zaman-zaman öz dəyərini itirir. Ancaq bu dəyərlər yaşadılmalı dəyərlərdir.

Bizlərdə keçirilən xınayaxdı mərasimində qızların özləri xüsusi mahnılar oxuyardı. Bu mərasimdə əsasən “nanaylar” oxunubdur. Deyərəm ki, türk xalqları içərisində “nanayları” oxuyan türklər çox azlıq təşkil edir. Azərbaycan bölgələrində isə ən xarakterik mərasimlərdən biri nanayların oxunması olub.

Ay Xınalı, Xınalı, Xınalı,

Səni ya bəy alı, ya xan alı, Xınalı 

Arpa gölü sərindir, suları çox dərindir,

Ya gözlərin şəvədir, ya şəvə gözlərindir.  

Ay Xınalı, Xınalı, Xınalı,

Səni ya bəy alı, ya xan alı, Xınalı                                                                                                                                                                                                                                                                                                                                      

İndiki toylarda gəlini çırağın başına fırladırlar. Amma Qərbi Azərbaycan toylarında gəlini ya ocağın ya da təndirin başına döndərirdilər. Bu, gəlinin öz evindən, ocağından xeyir-dua alması və köçdüyü ocağa aparması demək idi. Toyun əvvəlindən axırına qədər gəlinin üzü duvaq ilə örtülü olurdu. Heç kim gəlinin üzünü görməzdi. Ata evindən köçərkən gəlin özü ilə çörək, sandıq, eyni zamanda bir qazan halva aparardı. Bu, şirinlik əlaməti idi. İndi bu adət-ənənələr bir qədər dəyişib. Bundan əlavə, qız ata evindən gedəndə onun əlinə pul qoyub dəsmalla bağlayardılar. Yəni, qız özü ilə getdiyi ocağa ruzi-bərəkət aparsın. Digər adətimiz də bu idi ki, gəlinin böyük qardaşı gəlini köçürdəndə belinə qırmızı kəmər bağlayar. Gəlin gedəndə zurnaçılar ağlamalı hava çalardılar ki, ana balasından ayrıldığı üçün kövrəlsin. Nə qədər mənəm-mənəm deyən ana da olsa, o havanın təsirindən kövrəlirdi.

Keçmişdə oğlan evi bəzən gəlini uzaq yerdən gətirərdi. Həmin dövrlərdə də at nəqliyyat vasitəsi kimi aparıcı rol oynayırdı. Ona görə də Qərbi Azərbaycanda da gəlini atla gətirərmişlər. Toy günü müjdə yastığı verilirdi at sürənlərə. At sürənlərdən özünə əmin olan gənc yastığı aldığı kimi kimsəyə vermədən qaçırıb çatdırırdı oğlan evinə. Bu o demək idi ki, gəlinin bəy evinə gəlməyinə çox az zaman qalıb. Həmin atı çapan gənc nəmər alırdı. Gəlin bəy evinə yaxınlaşanda atdan yerə düşər ayaqqabısını çıxarar. Evə piyada ayaqqapısız gələrdi. Bunun mahiyyəti də o idi ki, ayaqqabını el arasında darlıq əlaməti bilirdilər. Burdan da bu məna çıxırdı ki, gəlin darlıqdan çıxmaq istəyir, ailəyə xoşbəxtlik gətirmək istəyir. Gəldiyi ailənin gün-güzəranını xoş görmək istəyir, pis gün istəmir. Gəlin elə ki, gəlib qapıya çatdı onun qarşısında yerə sərilmiş lavaşlar və qəndlər olurdu. Gəlin bir-bir o lavaşları yerdən yığaraq sol qolunun üstünə qoyur, qəndləri də yığmağa başlayır. Bu da o demək idi ki, gəlin bu evə ruzi-bərəkətlə gəlir. Lavaş bərəkət anlamında, qənd isə şirinlik mənasında qoyulurdu. Bu adəti də xoşbəxtliyin əsası bilirdilər.  

Elə ki, toy bitdi bəy gecə solduç və sağdıçın evinə getməli idi. Bu da o demək idi ki, sağdıç və solduç bəy-gəlin üçün şah bəzəməli idi. Nə demək idi “şah”? deməli sağdıç və solduç ikisi də şah bəzəyirdi, ağacın budaqlarından hazırlanan şah bəzən bir metr boyunda olurdu. Bu budaqlar şirniyyatla mer-meyvə ilə, şokolad-konfetlə bəzədilirdi. Bu o qədər ağır bəzədilirdi ki, bəlkə də həmin şahda 40-50 kiloqram şirniyyat olurdu. Şahın baş hissəsinə bişmiş xoruzu taxırdılar. Bunun da simvolik mənası vardı. Bu sağdıc və solduc arasında rəqabətə girilirdi. Görəsən hansı daha yaxşı şah bəzəyəcək. Hətta yaxşı şah bəzəyən nəmər alırdı. Bu şah ən son gəlirdi gəlin və bəyin otağına. Gəlinlə bəy ancaq şahdan şirniyyat götürə bilərdi.  Şahı xüsusi qoruyurdular ki, heç kim ordan konfet qoparmasın. Şah evə gətirilən zaman şahın arxası ilə qız evinin adamı olardı onlar əllərində şam yandıraraq gələrdilər.

Bu söhbət mərhum tədqiqatçı Buludxan Xəlilovla aparılıb.

Özümüzün özümüzə qayıtması...

Təkcə torpaqlarımız, mənəviyyatımız, abidələrimiz yox məhz adət-ənənələrimiz, folklorumuz, toylarımız da ayaqlar altında qaldı bu köçə-köçdən sonra. Və bunu bilərəkdən etdilər xain düşmənlərimiz. Dağlarımızın qoynunda yerləşən kəndlərimizdə doğrudan da nağıl kimi toylar keçirilirdi.

Qədim dədə-babalarımızın adət-ənənəsi ilə gözəl el-şənliyi kimi keçirirdik toylarımızı biz. Toyun başlanması elin şənliyinə səbəb olurdu. Taki yunu çırpılıb yorğan-döşək sıranıb hazırlanana qədər el ağbirçəklərinin xeyir-duası alınırdı. Toyun əvvəlindən-axırına kimi ağsaqqal-ağbirçək xeyir-duası alınan toyun sonunda əməyi keçən hər kəsdən halallıq alınırdı. Toy onda gözəl olurdu ki, dədə-baba ocağında dədə-baba adət-ənənəsi ilə edilirdi. Bu gün İrəvan bölgəsində olan toyların yenidən bərpa olması bizim özümüzün-özümüzə qayıtması, sevdiklərimizin bərpa olunması deməkdir.

Bizim adət-ənənəmizdə elçilikdən öncə bir sınama var idi ki, elçi düşülən qızın ayağının düşərli olub-olmaması üçün el arasında deyirdilər ki, get o adamın qapısından bir qara daş gətir həyətimizə qoy görək, bunun düşərliliyi olacaq ya yox”. Əgər işlər 10-15 gün ərzində avand, qaydasında gedirsə düşünülürdü ki, hər şey yaxşı olacaq.

Toylarımızda gəlinin bəyin, sağdıç və solduçun geyimi xüsusi olardı. Hətta gəlini aparan at belə bəzənər boynuna ağ yaylıq bağlanardı. Bizim toylarımızda qadınların geyimi də fərqli olardı. Xanımlarımız həmişə yaşmaq çəkərdilər ağız nahiyyələrinə. Gəlinin üzü həmişə örtülü olardı duvağı salınardı başına. Heç kəs gəlinin üzünü görə bilməzdi.  Elə ki, gəlin evdən çıxarılırdı həmin vaxt molla gəlib kəbini kəsməli idi. Elə ki molla evdən çıxdı artıq toyçular başlayırdı həzin musiqi çalmağa ki, gəlinin anası kövrəlib ağlasın bu da bir adət idi. Bu yaxşı mənada idi ki, ana qızını xoşbəxtliyə doğru yola salır. Gəlini atla aparmaq da qədim adətdən idi. Qız evindən oğlan evinə gedəndə də sürəkçilər olardı at sürərdilər. Burada da bir deyim vardı atını kim sürüb tez getsə idi ona pul verilirdi. Onda kəndin uşaqları qaçıb dağlara çıxırdı ki, görsün kimin atı daha tez gedib çatacaq. Ən əsası da ki, nişanlı qızlar dağa çıxardı ki, görsün at sürəkçiləri içərisində onun nişanlısı sürüb keçə biləcəkmi?   

Gəlin bəy evinə gəldikdən sonra oturması üçün mütləq qayınatası gəlib deməli idi ki, ay gəlin otur sənə bir inək bağışlayacam. Sonra gəlin oturarmış. Kəndlərimizdə əsas da Göyçədə toy olacağı günü təyin ediləndən sonra zurnaçılar kəndin başından başlayacaydı toy mahnılarını çalmağa qonum-qonşu, qohumu da yığacaqdı qabağına ta ki kəndin axırına kimi çalıb oynayacaqdılar. Bu zaman toyçulara pay tutular, pul verilərdi. Bütün el-oba şənlənərdi. Toylarımızın gözü idi aşıqların gəlişi. Elə ki, aşıq toya gəldi qız-gəlin, qoca-cavan o toyun ətrafına dövrə vurub baxardılar. Toylarda aşıqların xeyir-dua verməsi, ustadnamələr oxuması vacib idi. Ona görə Qərbi Azərbaycanda toylar aşıqsız ola bilməzdi. Ən maraqlısı da o olurdu ki, aşıqla camaat arasında dastanlar deyilirdi. Elə olurdu bu dastanlar 4-5 gün çəkirdi. Toy sahibi bu dastanın başa vurulması üçün toy məclisini davam etdirirdi. Məclisin sonu yemək süfrəsi açılırdı. Toy məclisində hər kəsin özünə məxsus oyun havası, oyun növü vardı. Demək olar ki, toyumuzun əsasını da yallı rəqsi təşkil edirdi.  İlk yallını toyu edən evin ağsaqqalı başladardı sonra oğul-qız, gəlin, cavan-uşaq qoşulardı bu oyuna. Bizdə yallı qol-boyun olaraq oynanılar. Yallı rəqsini edən hər kəs öz səmimiliyini, sevincini bidirmiş olardı. Toylarımızın bir adəti də bəyin oğurlanması idi. Bu vaxt sağdıç və solduça əsas diqqət düşürdü. Qohumlar çalışırdı ki, hər ikisinin başını qatıb, bəyi oğurlasınlar. Əgər bəy oğurlansaydı, sağdıç və solduçun üzərinə nəmər düşürdü. Sabah bəyi oğurlayanlara quzu kəsib qonaqlıq verməli idi.

Qərbi Azərbaycandankı toy adət-ənənələri ilə bağlı yuxarıdakı qyedlər isə yazıçı Miraslan Bəkirliyə məxsusdur.

Gərək bu adət-ənənələrin hamısını olmasa da, bir çoxunu qoruyub saxlayaq. Bu adət-ənənələr özünəməxsusluğunu itirməsin. Tariximizin, keçmişimizin yaşaması üçün Qərbi Azərbaycanımıza məxsus adətlərimizi yaşatmaq hər birimizin vətəndaşlıq borcudur.

Yazını qələmə aldı:
Səriyyə Salahova,
“Arazın səsi” qəzetinin məsul katibi